Bu gün Goranboy məhkəməsində bütün Azərbaycanı heyrətə gətirəcək qərar qıbul olunub. Belə ki, rayonun Qaraçinar kəndində məskunlaşan Kəlbəcər köçkünü Eyvazov Dilsuz Vaqif oğlu Goranboy Məhkəməsinin qərarı ilə 3 gün müddətinə azadlıqdan mərhum edilib.
Ən maraqlısı isə odur ki, Goranboy Məhkəməsinin qərarı ilə həbs edilən məcburi köçkün Xocalı rayon Polis Şöbəsində saxlanılır.
Qeyd edək ki, Qaraçinar Goranboyun erməni işğalçılarından azad edilmiş kəndlərindəndir. Işğaldan azad olunana qədər bu kənddə ermənilər yaşayıb. Dilsuz Eyvazov isə Kəlbəcər işğal olunandan sonra bu kənddə məskunlaşıb. Azərbaycanlı məcburi köçkün uzun illərdir vaxtilə erməni ailəsinə məxsus olmuş evdə yaşayır.
İndi maraqlı məqam həm də odur ki, kəlbəcərli məcburi köçkünün yaşadığı evin yeni sahibi çıxıb. Amma evə sahib çıxan adam erməni deyil, azərbaycanlıdır. Ən təəcüblüsü onun əlində evə sahib olduğunu sübut edən sənədləri var.
Artıq Qaraçinar kəndində bu məsələ kütləvi hal alıb. Məcburi köşkünləri bu ətrafda məskunlaşdıqlarına görə peşman ediblər.
Bilirisiniz niyə?
Bu kənd səfalı təbiətə malik olduğundan istirahət zonası sayıla bilər və ona görə də imkanlı adamların maraq dairəsinə düşüb. Məcburi kökünlər müxtəlif yollarla Qaraçinar və ona bitişik bir neçə kənddən sıxışdırılmaqdadır.
Səbəb isə gün kimi aydındır.
Məcburi köçkün hara, belə mənzərəli, səfalı yerdə yaşamaq hara. Təbii ki, bu, məcburi köçkünləri həmin kəndlərdən saxta sənədlərlə yenidən didərgin salmaq istəyənlərin düşüncəsidir. Məntiq bunu deyir. Yerli icra və hüquq-mühafizə orqanları da bu məsələdə məcburi köçkünlərin yanında deyillər. Yoxsa günün günorta cağı, himayəsində iki azyaşlı uşaq, gözdən əlil atası olan, indiyədək heç bir cinayət işləməyən sürücü bir babanı “içəri” niyə atsınlar ki...
Belələri həm də tutduqları vəzifəni düzgün icra edə bilmirlər. Ölkə Prezidenti məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün bütün imkanları səfərbər edir. Amma kiçik məmurlar görün yerlərdə nəylə məşğuldurlar. Bunun bircə adı var, belə məmurlar saymazyana hərəkətlərilə dövlət başçısına qarşı çıxırlar. Prezidentin söylədiyi həmin o harınlamış məmurlar bax, bunlardır: vaxtilə Goranboyda erməniyə məxsus evə yiyələnmək üçün saxta sənədlər çıxardıb, orada məskunlaşan köçkünü küçəyə atan imkanlı qoluzorlular…
Kəlbəcər köçkünü Dilsuz Eyvazovun ailəsinə 3 gün müddət verilib. Onun həbs müddətində körpə uşaqları, əlil atası məskunlaşdıqları evi boşaltmasalar, həbs müddəti uzadılacaq. Amma hara getsinlər? Belə çıxır ki, Dilsuz Eyvazovun ailəsi küçədə qalmalıdır. Deyəsən bu, qərar verənlərin heç vecinə deyil.
Modern.az
P.S. Günün sonu olduğundan Goranboy rayon Məhkəməsi ilə əlaqə saxlaya bilmədik. Mövzunu davam etdirəcəyik.