8 Noyabr - Zəfər Günü təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd edilib. Xaricdə yaşayan soydaşlarımız Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçiriblər.
Modern.az xəbər verir ki, müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə Azərbaycanın qazandığı tarixi Zəfər və haqq səsi beynəlxalq aləmə çatdırılıb.
Böyük Britaniya
Paytaxt Londonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının və müxtəlif türk dövlətlərinin nümayəndələrii iştirak ediblər.
Tədbirdə torpaqlarımızın erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir bundan sonra birlikdə daha böyük zəfərlərə imza atacağımızı söyləyib.
Tədbirin bədii hissəsində Britaniyada yaşayan sənətçilər – Rasim Fərziyevin “Odlar Yurdu” ansamblı, Emiliya Yaqubova, Ramil Əmirli, Vüqar Əhədov və Fərhad Nişatın ifasında Zəfər Gününə həsr olunmuş konsert proqram təqdim edilib.
Yaponiya
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin (AYDM) təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə görə hazırlanmış xüsusi videoçarx Yaponiya saytlarında yayımlanıb və sosial şəbəkələrdə paylaşılıb.
AYDM sədri Xəlil Kələntər bildirib ki, mərkəzin təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxın əsas məqsədi ölkəmizin iki il əvvəl qazandığı böyük Qələbə barədə yapon ictimaiyyətini məlumatlandırmaqdır.
“Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının sədaları altında nümayiş etdirilən videoçarxda ilk olaraq Dövlət Bayrağımızın fonunda “Zəfər günün mübarək, Azərbaycan!” sözləri ana dilimizlə yanaşı, yapon və ingilis dillərində də əksini tapıb. Sonrakı kadrlarda lalələrlə bəzənmiş Cıdır düzü, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyi, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi dağıntılar, bizim bu torpaqlarda uzun müddət yaşadığımızı təsdiq edən Qobustan qayalarındakı rəsmlər, Şuşa qalasının qapıları qarşısında şahə qalxan Qarabağ atı üzərindəki milli geyimli igid və Şəhidlər xiyabanında ucaldılmış abidənin önündə Azərbaycan bayrağını dalğalandıran qazi yer alıb. Biz bununla yapon ictimaiyyətinə Qarabağın qədim Azərbaycan torpağı olduğunu, ermənilərin işğal etdiyi ərazilərə yalnız dağıntı və səfalət gətirdiyini, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işlərini çatdırmağa çalışmışıq”, - deyə mərkəzin sədri bildirib.
Polşa
Polşanın paytaxtı Varşavada 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert təşkil olunub. Tədbir Azərbaycan diasporuna dəstək Fondu, Azərbaycanın Polşadakı səfirliyi və Polşa milli filarmoniyası tərəfindən həyata keçirilib.
Konsertdə iştirak edənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Türkiyənin Polşadakı səfirliyinin əməkdaşları, Polşanın ictimai-siyasi xadimləri, Azərbaycan, türk və yəhudi icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri də olub.
Türkiyə
Türkiyədə də Zəfər bayramı təntənəli qeyd edilib. İğdır şəhərinin Atatürk küçəsindəki Heydər Əliyev parkında böyük coşqu ilə bayram qeyd olunub. Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir:
"Prezident İlham Əliyev 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad edib, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Xalqımıza və türk dünyasına bu sevinci yaşadan qəhrəman Azərbaycan Ordusuna təşəkkür edirik. Qırx dörd günlük Vətən müharibəsində Qələbə uğrunda canlarını fəda etmiş 3 min şəhidin əziz xatirəsi önündə ehtiramla baş əyirik”.
Qeyd edilib ki, İkinci Qarabağ savaşı Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi: “Qarabağ Qələbəsi ilə Azərbaycan yeni dastan yazdı. Türk Birliyi xəyalımız indi hər zamankından daha yaxındır. Hamı gördü ki, bu, xəyal deyil”.
Bildirilib ki, işğalın bitməsi uğrunda mübarizə yeni türk dastanları yaradır, dünya türklüyünü sevincə, xoşbəxtliyə aparır: “Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsini şüar kimi qəbul etdik. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Ona görə də bu gün sevincimizi bölüşmək və birlikdə qeyd etmək üçün bir yerdəyik. Qarabağ Zəfəri mübarək olsun!”.
İğdır vilayətinin bələdiyyə sədrlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli sakinlərin qatıldığı tədbir bədii proqramla davam edib.
Estoniya
Estoniyanın paytaxtı Tallinndə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyanın rəsmi şəxsləri, yerli ictimaiyyətin, Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərini Estoniya ictimaiyyətinə çatdıran Azərbaycan diasporuna və gənc soydaşlarımıza təşəkkürünü bildirən Komitə sədri Fuad Muradov Estoniya dövlətinin hər zaman ölkəmizə dəstək olduğunu məmnunluqla vurğulayıb.
Tədbirin bədii hissəsində Estoniya Balet Teatrının solisti Olqa Zaytseva və skripka ifaçısı Mari Liis Uibonun ifasında Azərbaycan və eston bəstəkarlarının əsərləri təqdim olunub.
Avstriya
Burada yaşayan bir qrup soydaşımız 8 Noyabr - Zəfər Günü münasibətilə bir neçə ölkədə təşkil edilən "Victory Hiking" (Zəfər yürüşü) təşəbbüsünə qoşulublar. Vyanada yaşayan azərbaycanlılar bu münasibətlə şəhərin mərkəzindən yaxınlıqdakı Kahlenberq dağına yürüş təşkil ediblər. Onlar Vyana şəhərinin ən yüksək nöqtəsi olan Kahlenberq dağında dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik ediblər.
Kanada
Kanadada fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Paytaxt Ottavanın Vinsent Massiy parkinda baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları məktəb şagirdlərinin Zəfər Günü münasibətilə ifa etdikləri mahnı və seirləri alqışlarla qarşılayıblar. Tədbirlə maraqlanan yerli sakinlərə Azərbaycanın Zəfər Günü barədə məlumat verilib. Sonda Azərbaycan bayraqlarını dalğalandıran tədbir iştirakçıları Zəfər yürüşünə qatılıblar.
Finlandiya
Finlandiyanın paytaxtı Helsinkidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Helsinki Azərbaycan Evində baş tutan tədbir “Azər-Türk” Gənclər Təşkilatınnın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı və Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Tədbir torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Ülviyyə Cabbarova, Azərbaycanın Finlandiyadakı səfirliyinin əməkdaşı Nail Qocayev və Türkiyənin Finlandiyadakı səfirinin birinci müavini Hakan Özdəmir soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik ediblər. Əzəli torpaqlarımızın işğalına son qoyan milli mübarizəmizə diqqəti cəlb edən natiqlər bildiriblər ki, iki il öncə baş vermis Vətən müharibəsində qazandığımız parlaq qələbə Qarabağ münaqişəsinin bitməsi ilə nəticələnib, yüz minlərlə həmvətənimizin doğma yurd-yuvalarına və evlərinə dönməsinə imkan yaradıb. Qardaş Türkiyənin Azərbaycana sarsılmaz dəstəyindən danışan türkiyəli diplomat “İki dövlət, bir millət” olaraq Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışıq. Bu gün sizlərlə birlikdə Azərbaycanın 8 Noyabr - Zəfər Gününü qeyd etməkdən qürur duyuram” deyib.
Tədbir Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə isveçli rejissor və fotoqraf Mikael Silkeberg tərəfindən lentə alınan “Xarı bülbül əfsanəsi” sənədli filminin və Finlandiyada yaşayan Azərbaycan rəssamı Çingiz Abasovun “Qarabağ 30 il və 44 gün” əsərinin təqdim olunması ilə davam edib. “Şuşa İli” çərçivəsində lentə alınan “Xarı bülbül əfsanəsi” filmində Azərbaycan və dünya mədəniyyətində Şuşanın yeri, bu şəhərdə anadan olmuş, dünya mədəniyyətinə, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş şəxsiyyətlər haqqında məlumat verilib.