Bu gün 8 Noyabr Zəfər Günüdür. Hər bir azərbaycanlı bu tarixi böyük fərəh və sevinc hissi ilə qeyd edir.
Zəfər Günü Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin qürürla xatırladığı şanlı tarixdir.
Modern.az-ın əməkdaşı müxalifət partiyalarının Zəfər Günü təəssüratlarını öyrənib.
Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir:
“Bu tarixdə Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhəri müharibənin kulminasiya nöqtəsinə çevrilib. Bundan başqa, daha 7 rayon işğaldan azad edilib. Azərbaycan xalqı dünya durduqca, 8 noyabr Zəfər Gününü fəxr hissi ilə qeyd edəcək”.
A.Hacılı o taylı - bu taylı bütün azərbaycanlıları bu möhtəşəm bayram münasibətilə təbrik edib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Zəfər Günü milli inqilab səviyyəsində bir hadisədir:
“Bu gün həqiqətən tariximizin ən şərəfli tarixlərindən biridir. Bu Zəfər şəhidlərimizin və qazilərimizin rəşadəti hesabına əldə olunub. İnşallah, üçrəngli bayrağımızın Xankəndidə dalğalanacağı günü də görəcəyik. Bir daha xalqımızı bu vüqarlı gün münasibətilə təbrik edirəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə:
"8 Noyabr Azərbaycan təqvimindən 2 apreli, 8 və 18 mayı, 23 iyulu, 23 və 31 avqustu, 30 oktyabr kimi qara günləri silən bir bayramdır – Zəfər bayramı…
8 noyabr bizə 4, 9, 17, 20, 24 oktyabr, 8, 20, 25 noyabr, 1 dekabr kimi milyonları sevindirən, Azərbaycan durduqca unudulmayacaq günləri bəxş edən bayramdır!
Bu bayramı qeyd etmək uğruna 3000 Azərbaycan övladı öz canından keçdi, onminlərlə Qazimiz düşünmədən sinəsini sipər etdi ki, 30 minə yaxın şəhidin intiqamı alınsın, yüzminlərlə məcburi köçkünün gözü yollardan yığılsın, onminlərlə qazinin yarasına məlhəm olunsun, sinəmizə çəkilən QARABAĞ yanğısına su çilənsin, Göyçəyə, Zəngəzura gedən yollarımız açılsın, Güney Azərbaycan sevinsin, Borçalı toxtasın, Dərbənd dinclik tapsın.
Bu müqəddəs Zəfər yolunda hər kəs “öldü var, döndü yoxdur” dedi.
Hamı savaşdı – hər yer döyüş meydanına çevrildi, kimsə geri durmadı, yorulmadı, bölünmədi, parçalanmadı. Birləşib, tarix yazdıq.
Azərbaycanın yeni ZƏFƏR səhifəsi açıldı.
Bu gün hələ də suverenlik hüququmuzun bərpa olunmadığı, Rusiya qoşunlarının müvəqqəti nəzarət etdiyi Xankəndimiz, Ağdərəmiz, Xocavəndimiz, Əsgəranımız, Xocalımız, onlarla kəndlərimiz var… Lakin 44 günlük savaşdakı birliyimiz kimi inam və istəklə hədəflərimizə doğru bölünmədən irəliləməliyik. İndi əsas hədəf və vəzifəmiz işğaldan azad olunmuş əraziləri bərpa etmək, köçkünlərimizi geri qaytarmaq, Qarabağda yenidən həyat ritmini təmin etməkdir.
Biz mütləq külli-Qarabağa, Azərbaycanımızın hər qarışına Cümhuriyyət mirasımız olan müqəddəs üçrəngli bayrağımızı sancacağıq.
Bayramın mübarək, Əziz Xalqım!
Qələbən mübarək, Müzəffər Ordum – Ali Baş Komandan, zabit və əsgərlərimiz!
Zəfərin daim olsun, Azərbaycan!
Var olun, Əziz Qazilərimiz!
Ruhun qarşısında baş əyirik, hər biri Qarabağ boyda olan Şəhidim!".