Ukraynadakı Rusiya qoşunlarının birgə qruplaşmasının komandiri, ordu generalı Sergey Surovikin müdafiə naziri Sergey Şoyquya Dnepr çayının qərb sahilində yerləşən Xerson şəhərini tərk edərək hərbi əməliyyatların davam etdirilməsi üçün çayın şərq sahili boyunca müdafiə xətti yaratmağın zəruriliyi barədə məruzə edib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Surovikin geriçəkilməni belə əsaslandırıb: Ukrayna Silahlı Qüvvələrinin raket hücumlarına məruz qalan Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin dağılması halında geniş ərazilər su altında qalacaq, nəticədə Dneprin sağ sahilindəki Rusiya qoşunları tamamilə təcrid olunmuş vəziyyətə düşəcək.
General bildirib ki, bu şəraitdə ən uyğun variant Dnepr çayının maneə xətti boyunca müdafiə təşkil etməkdir. Qoşunlar qrupunun komandiri mövcud vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahili boyunca müdafiəyə başlamağı təklif edib.
“Mən başa düşürəm ki, bu, çox çətin qərardır, lakin eyni zamanda, biz ən vacib olanı - hərbçilərimizin həyatını və ümumiyyətlə, qoşunlar qruplaşmasının döyüş qabiliyyətini qoruyub saxlayacağıq, Dneprin sağ sahilində qalıb mübarizə aparmağın perspektivi yoxdur”.
Müdafiə naziri Sergey Şoyqu ordu generalı Sergey Surovikinin təklifi ilə razılaşıb və qoşunların Dnepr çayının şərq sahilinə doğru hərəkətinə başlamağı əmr edib.
Rusiya qoşunlarının Dnepr çayının şərq sahilinə çıxarılması yaxın vaxtlarda həyata keçiriləcək.
Sergey Surovikin bildirib ki, rus qoşunları tezliklə Dnepr çayının şərq sahilində hazırlanmış müdafiə xətlərində yerləşəcəklər.
“Qoşunların manevri ən qısa zamanda həyata keçiriləcək. Birliklər və bölmələr Dnepr çayının sol sahilində mühəndislik baxımından hazırlanmış müdafiə xətlərini və mövqelərini tutacaq”,-deyə general vurğulayıb.
Surovikinin sözlərinə görə, artıq 115 min insan Xersonu tərk edib.
Bütün istəyən sakinlər Xerson bölgəsini tərk edir” deyən Sergey Surovikin bildirib ki, əhali Dnepr çayının sağ sahilindən Krıma və digər bölgələrə köçürülür.
“Biz öz tərəfimizdən evakuasiya zamanı onların təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etdik”, - deyə qoşunlar qruplaşmasının komandiri bildirib.
Xatırladaq ki, Xerson mart ayında rus qoşunları tərəfindən işğal olunmuşdu, altı ay sonra isə şəhər Rusiyanın tərkibinə daxil edilmişdi.
Rusiya Müdafiə Nazirliyi 2022-ci il martın 14-də Xersona tam nəzarətin təmin olunduğunu bəyan etmişdi,
Sentyabrın 23-dən 27-dək Moskvanın təşçkilatçılığı ilə Xerson və Zaporojye vilayətlərində, eləcə də qondarma “Donetsk və Luqansk xalq respublikaları”nda bu bölgələrin Rusiyaya birləşdirilməsi ilə bağlı “referendumlar” keçirilmişidi. Sentyabrın 30-da Kremldə bu dörd regionun Rusiyanın tərkibinə daxil edilməsilə bağlı müqavilələrin imzalanması mərasimi olub.
Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada müharibə başladıb.
A.Qorxmaz