Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin dünən keçirilən illik ümumi yığıncağından sonra bir sıra məsələlərə aydınlıq gətirildi. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti, vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşdi.
Modern.az-ın xəbər verdiyi kimi, akademik Akif Əlizadə AMEA prezidenti, akademiklər Akif Hacıyev, İbrahim Quliyev, İsa Həbibbəyli və Tofiq Nağıyev AMEA-nın vitse-prezidentləri, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev isə akademiyanın akademik-katibi seçilib.
Dünənki yığıncaqda səsvermə yolu ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə akademik Akif Hacıyev, Kimya Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev, Humanitar və İctimai Elmlər Bölməsinə AMEA-nın müxbir üzvü Kamal Abdulla, Yer Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Biologiya və Tibb Elmləri Bölməsinə akademik Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinə akademik Qərib Məmmədov akademik-katib seçilib.
AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşdirilərkən qurumun 6 üzvü kənarda qalıb. Belə ki, akademiklər Arif Həşimov, Nailə Vəlixanlı, Vaqif Fərzəliyev, Cəlal Əliyev, Nadir Seyidov və Arif İsmayılzadə Rəyasət Heyətinin yeni tərkibinə düşə bilməyiblər.
AMEA Rəyasət Heyətinin yeni tərkibi
1. Akif Əlizadə - AMEA prezidenti;
2. Akif Hacıyev - vitse-prezident;
3. İbrahim Quliyev - vitse-prezident;
4. İsa Həbibbəyli - vitse-prezident;
5. Tofiq Nağıyev - vitse-prezident;
6. Rasim Əliquliyev - akademik-katib;
7. Akif Hacıyev - Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi;
8. Qərib Məmmədov - Aqrar Elmlər Bölməsinin akademik-katibi;
9. Fəxrəddin Qədirov - Yer Elmləri Bölməsinin akademik-katibi;
10. İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan Bölməsinin sədri;
11. Kamal Abdulla - Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi;
12. Dilqəm Tağıyev - Kimya Elmləri Bölməsinin akademik-katibi;
13. Əhliman Əmiraslanov - Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi.
Qeyd edək ki, Rəyasət Heyətinə seçilməyən akademiklərin hamısı yaşı 70-75-dən çox olan elm adamlarıdır və onların yenidən AMEA rəhbərliyinə düşə bilməmələri elə bununla əlaqələndirilir.
Diqqət çəkən məqamlardan biri də akademik Cəlal Əliyevun Rəyasət Heyətinə seçilməməsidir. Artıq dördüncü beşillikdir ki, həm də Milli Məclisin deputatı olan Cəlal Əliyevin 85 yaşı var. «İstiqlal» ordenli akademik həm də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Sonuncu dəfə 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə deputat seçilib.
Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.
Cəlal Əliyev Milli Məclisin iclaslarında həmişə diqqət mərkəzində olan deputatlardandır. O, müxtəlif vaxtlarda gözlənilməz bəyanatları, kəskin çıxışları, irad və ittihamları ilə yadda qalıb. Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar Milli Məclisin iclaslarının hamısında iştirak edə bilmir.
Aytən Əliyeva