Modern.az

Goranboyda məcburi köçkünlər ayağa qalxdılar

Goranboyda məcburi köçkünlər ayağa qalxdılar

Ölkə

25 Aprel 2013, 15:23

Goranboy Rayon Məhkəməsinin Kəlbəcər köçkünü Dilsuz Eyvazovu 3 gün müddətinə əsassız həbs etdirməsi Goranboyun Qaraçinar kəndində məskunlaşan məcburi köçkünləri hiddətləndirib.
Bu barədə Modern.az-a Dilsuz Eyvazovun atası Vaqif Eyvazov məlumat verib. O bildirib ki, məsələ ilə bağlı artıq ölkə rəhbərliyinə, müvafiq instansiyalara müraciət edilib.

Məcburi köçkünlər onlara qarşı bu haqsızlıqları pisləyirlər. Eyni zamanda köçkünlər yaxın müddətdə onlara qarşı olan haqsızlıq aradan qaldırılmasa və Dilsuz Eyvazov həbsdən azad edilməsə Qaraçinar kəndində kütləvi aksiyalara başlayacaqlarını söyləyiblər. Onlar ölkə rəhbərliyindən özlərinə qarşı həmişə diqqət gördüklərini vurğulayaraq yerli qurumlarda həm icra, həm də hüquq mühafizə orqanlarının prezidentin qərarına qarşı çıxdığını bildiriblər.

Vaqif Eyvazov bildirib ki, oğlu Dilsuz Eyvazov haqsız yerə həbs olunub, onunu ailəsindən isə 3 gün müddətində məskunlaşdığı evi boşaltmaq tələb olunur:

“Məcburi köçkünük, getməyə başqa yerimiz yoxdur. İndi məskunlaşdığımız yer 1993-cü ildə erməni işğalından azad olunmuş bir kənddir. İndi heç başa düşülən deyil ki, 1993-cü ilə kimi erməninin yaşadığı evə bunlar hansı və necə yolla sənəd düzəldiblər. Təbii ki, heç bir yerə çıxası deyilik. Əgər istəyirlərsə, gəlib Dilsuzun iki azyaşlı uşağını, mən əlil atasını və yoldaşını həbs etsinlər. Yəqin ki, onda istədiklərinə nail ola biləcəklər. Mən 40 ildən artıq müəllim işləmişəm. Daim indiki hakimiyyətin xalqın güzəranını yaxşılaşdırması istiqamətində işinin şahidi olmuşam. Görünür, Goranboyda bu siyasətə qarşı çıxanlar var. Bununla bağlı ölkə Prezidentinə, ölkənin birinci xanımına, Ali Məhkəməyə, “Dövlətqaçqınkom”a, Ədliyyə Nazirliyinə və digər yerlərə teleqramlar vurmuşam. Hesab edirik ki, ölkə rəhbərliyi məsələmizi diqqətə alacaq və problemimizin həllində öz yardımını göstərəcək. Haqsız qərar çıxaran məmurlar da öz yerində oturdulacaq”.

Xatırladaq ki, Goranboyun Məhkəməsi məcburi köçkün Dilsuz Eyvazovun müvəqqəti məskunlaşdığı mənzildən çıxarılması ilə bağlı qərar verib. Azərbaycanlı məcburi köçkün uzun illərdir vaxtilə erməni ailəsinə məxsus olmuş evdə yaşayır.
İndi maraqlı məqam həm də odur ki, kəlbəcərli məcburi köçkünün yaşadığı evin yeni sahibi çıxıb. Amma evə sahib çıxan adam erməni deyil, azərbaycanlıdır. Ən təəcüblüsü onun əlində evə sahib olduğunu sübut edən sənədləri var. Həmin şəxsin bu sənədi necə və haradan əldə etdiyi maraqlıdır.
Məcburi köçkün D.Eyvazov isə 3 gün müddətində həbs olunub. Xocalı Polis Şöbəsində saxlanılır.
Dilsuz Eyvazovun ailəsinə isə 3 gün müddət verilib. Onun həbs müddətində körpə uşaqları, əlil atası məskunlaşdıqları evi boşaltmasalar, həbs müddəti uzadılacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir