Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Modern.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb.
Qərara əsasən, R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinib.
***
20:00
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Modern.az xəbər verir ki, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.
***
14:52
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğuna gətirilib.
Modern.az "Report"a istinadən xəbər verir ki, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.
Hazırda istintaq aparılır.
Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.