Modern.az

Deputatlar Goranboy Məhkəməsinin qərarını pislədilər - “BELƏ ƏDALƏTSİZLİK OLMAZ!”

Deputatlar Goranboy Məhkəməsinin qərarını pislədilər - “BELƏ ƏDALƏTSİZLİK OLMAZ!”

Ölkə

25 Aprel 2013, 16:46

Dünən Goranboy Məhkəməsi kəlbəcərli məcburi köçkün Dilsuz Eyvazovun Qaraçinar kəndində müvəqqəti məskunlaşdığı mənzildən çıxarılması və 3-gün müddətinə həbs edilməsi barədə qərar çıxarıb. O, hazırda Xocalı Polis Şöbəsində saxlanılır.

Milli Məclisin deputatları məhkəmənin məcburi köçkün haqqında belə bir ədalətsiz qərar çıxarmasını qanunsuzluq kimi qiymətləndiriblər.

Goranboy rayonun Qaraçinar kəndində məskunlaşan Kəlbəcər köçkünü Eyvazov Dilsuz Vaqif oğlu Goranboy Məhkəməsinin qərarı ilə 3 gün müddətinə azadlıqdan mərhum edilib. Buna səbəb isə Dilsuz Eyvazovun Goranboyun Qaraçinar kəndində məskunlaşmasıdır. Azərbaycanlı məcburi köçkün uzun illərdir vaxtilə erməni ailəsinə məxsus olmuş evdə yaşayır. Amma indi kəlbəcərli məcburi köçkünün yaşadığı evin yeni sahibi çıxıb. Ən təəccüblüsü budur ki, evə sahib çıxan şəxsin əlində evin yiyəsi olduğunu sübut edən sənədləri var. Halbuki, həmin kənddə məcburi köçkünlər məskunlaşana qədər yalnız ermənilər yaşayıb. Artıq Qaraçinar kəndində bu məsələ kütləvi hal alıb. Məcburi köçkünləri bu ətrafda məskunlaşdıqlarına görə peşman ediblər.
D.Eyvazovun ailəsinə evdən çıxmaq üçün 3 gün vaxt verilib. Əks təqdirdə Dilsuz Eyvazovun həbs müddətini uzadacaqlarını deyiblər.

Goranboyda yerli icra və hüquq-mühafizə orqanlarının çıxardıqları qərar deputatlar tərəfindən pislənilib.

Millət vəkili Aqil Abbas deyir ki, məcburi köçkün ona şərait yaradılmayana qədər müvəqqəti məskunlaşdığı yerdən çıxarıla bilməz.

”Məhkəmə bunu niyə nəzərə alamayıb? Məhkəmə ona təqdim olunan sənədlərə əsasən qərar çıxarır. Məhkəmənin çıxardığı qərar bir yana, evin ona məxsus olduğunu iddia edən şəxsin təqdim etdiyi sənədin saxta olub-olmadığı yoxlanılmalıdır. Həmin sənədin ona necə verildiyi araşdırılmalıdır. Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə, prokurorluq orqanlarına, hüquq-mühafizə qurumlarına müraciət edilməlidir. Necə ola bilər ki, erməni evinin azərbaycanlı yiyəsi ortaya çıxıb, köçkünü məskunlaşdığı yerdən küçəyə atdırı? Həmin kənd işğaldan azad olunayadək orada bir azərbaycanlı yaşamayıbsa, bunu sadə insanlar araşdıra bilmir, bəs məhkəmə orqanı niyə araşdırmır? Bunu araşdırmaq məhkəmə orqanın borcudur.
Ulu öndər Heydər Əliyevin məcburi köçkünlərlə bağlı sərəncamı olub. O sərəncama görə, məcburi köçkün ona şərait yaradılmayana qədər müvəqqəti məskunlaşdığı yerdən çıxarıla bilməz.
Məhkəmə niyə bunu nəzərə almayıb? Həmçinin tutulan köçkünün vəkili olmalıdır. Apellyasiya məhkəməsinə müraciət etməlidir. Vəkil tutmağa pulu yoxdursa, dövlət onu vəkillər təmin edə bilər. Hətta mən də onun vəkil haqqını ödəməyə hazıram. Məhkəmənin çıxardığı qərar mənim üçün çox təəccüblüdür. Necə yəni məni çıxar, çölə at. Sən birinci mənə yer tap, sonra məni çıxart. Bunu məhkəmədən tələb etməlidir. Həmin şəxs ondan tələb etsin ki, mənim torpağımı qaytarmaq üçün hökm çıxart, mən də gedim ermənidən evimi alım”.

Xankəndi seçki dairəsindən seçilən deputat Flora Qasımova Goranboy Məhkəməsinin çıxardığı qərarı qanunsuz hesab edir. Millət vəkilinin sözlərinə görə, məcburi köçkün yaşayış yeri ilə təmin edildikdən sonra o müvəqqəti məskunlaşdığı ərazidən çıxarıla bilər:

“O, məhkəmədə yerli İcra Hakimiyyətinin də nümayəndəsi, “Dövlətqaçqınkom”un da nümayəndəsi olmalı idi. Məhkəmə məcburi köçkünü birbaşa evindən çıxarıb çölə atmaq qərarı verə bilməz. Məcburi köçkün yeni yaşayış yeri ilə təmin edildikdən sonra o, müvəqqəti sığınacaq yerindən çıxarıla bilər. Belə halların baş verməsinin şahidi olmuşam. Bu qərarın surəti “Dövlətqaçqınkom”a göndərilsəydi, bəlkə məcburi köçkün yaşayış yeri ilə təmin olunacaqdı. Hələ üstəlik onu tutublar da. Bu qanunsuzdur. İnsanlığın da yazılmamış qanunları var. Prezident sərəncam vermişdi ki, məcburi köçkünlər torpaqlar işğaldan azad olunana kimi müvəqqəti məskunlaşdıqları binalardan çıxarılmamalıdır. Hər il imkan daxilində həmin köçkünlər yeni mənzillərə, qəsəbələrə köçürüldükcə o binalar da boşaldılır. Amma hər halda insanı çölə atmaq və həbs etmək düz deyil. Bəlkə həmin şəxs orda hüquq-mühafizə orqanlarına təzyiq göstərib, elə bir hərəkət edib ki, onu tutublar. İnanmıram ki, o, evi boşaltmadığına görə tutulub. Amma məhkəmənin qərarından narazıyam. Çünki məcburi köçkün yeni yaşayış sahəsilə təmin olunduqdan sonra müvəqqəti yaşayış yerindən çıxarıla bilərdi”.

Kəlbəcər seçki dairəsindən seçilən deputat Cavid Qurbanov da hesab edir ki, məhkəmənin çıxardığı qərar doğru deyil. Onun sözlərinə görə, hər bir məcburi köçkün müvəqqəti məskunlaşdığı yerdən çıxarılmazdan öncə aidiyyatı qurumlar onun harada yerləşdirilməsi haqqında fikirləşilməlidir:

“Cənab Prezident məcburi köçkünlərlə bağlı məmurlar qarşısına şərt qoyub. Bu da məcburi köçkünlərin yaşayış yerlərinin və həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlıdır. Deməli Goranboyda da məcburi köçkünlərin həyat şəraitini belə “yaxşılaşdırılar””.
 
C.Qurbanov məsələni araşdıracağını və müfafiq ölçü götürülməsi üçün deputat səlahiyyətlərindən istifadə edəcəyini də söyləyib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir