Modern.az

Bəy otağı boş qalan ŞƏHİD

Bəy otağı boş qalan ŞƏHİD

11 Noyabr 2022, 00:46

Tural Ədil oğlu Bayramlının şəhadətindən 2 il ötür


44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan sülhsevər, humanist bir dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Xalqımız hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə qarşı da bu münasibətin göstərilməsini tələb edir.

Qarabağ Zəfərinin arxasında güclü iqtisadiyyat, xalq-dövlət birliyi, ən başlıcası xalqın Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsi dayanır. Tarixi qələbəmizlə Azərbaycan xalqı onunla təzyiq və təhdidlə danışmaq istəyən bütün qüvvələrə sərt mesajını verdi: Bizimlə heç kəs təzyiq dilində danışa bilməz. Buna cəhd edənləri isə bu gün Ermənistanın yaşadığı faciəvi sonluq gözləyir. Bu qətiyyəti bizə bəxş edən qəhrəman oğullarımızdır. O oğullar ki, gözlərini qırpmadan düşmən üzərinə yeridilər, bu torpaqların əsl sahibləri olduqlarını bütün dünyaya göstərdilər. Öz qanları ilə bu torpaqları suvararaq Vətən adlı müqəddəs bir əmanəti bizlərə həvalə etdilər.

Müddətdən artıq həqiqi hərbi xidmət həqbi qulluqçusu Tural Ədil oğlu Bayramlı da belə iğidlərimizdəndir.


Turalın ailəsi də məlum hadisələrlə əlaqədar köçkün həyatı yaşamağa məcbur olmuş, Cəbrayıldan başlanan ailə köçü Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində nəfəsini dərmiş, bu qəsəbədə müvəqqəti məskunlaşmışdı. Burada məskunlaşmaq buradakı insanlarla həm ailə bağlarının olmasında, həm də bu yerin doğma yurd yerlərimizə yaxınlıqda yerləşməsi ilə bağlı idi. Tural Bayramlı 10 fevral 1996-cı ildə bu qəsəbədə dünyaya göz açdı, 2003-cü ildə qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayonu Dağtumas kənd tam orta məktəbin birinci sinfinə qədəm qoydu. 2014- cü ildə həmin məktəbi bitirərək həqiqi hərbi xidmətə yollandı, N saylı hərbi hissənin kəşfiyyat taborunun kəşfiyyat bölüyündə xidmətə başladı. 2016-cı il Aprel döyüşlərində özünü igid bir döyüşçü kimi göstərə bildi, hərbi hissə komandanlığı tərəfindən Fəxri fərmanla qiymətləndirildi. Xidmətini başa vursa da, Tural gələcək taleyini hərbi işlə bağladı və Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı “YARASA” dəstəsində xidmətini davam etdirdi.
 

İyirmi yeddi sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlanması Ordumuzun döyüş qabiliyyətinin nümayişinə çevrildi və “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu döyüş əməliyyatlarında Xüsusi Təyinatlı Qüvvələrimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Tural Bayramlının Cəbrayıldan başlanan şanlı döyüş yolu Şuşa yaxınlığındakı Daşaltı kəndinədək davam etdi. O Daşaltı kəndinə ki, vaxtilə yeni yaranmaqda olan ordumuzun bölmələri burada 25-26 yanvar 1992-ci il tarixdə uğursuzluqla nəticələnən əməliyyat keçirmişdi. Şuşanın mərkəzindən 3 km cənubda, Cıdır düzündən aşağıda yeləşən Daşaltı özü başdan-ayağa sirr olan bir məkandır. Kənd Şuşa təbii qalasının –nəhəng qayalığın altında yerləşdiyindən Daşaltı adlanır. Tural Bayramlının son döyüş əməliyyatı da məhz bu Daşaltı kəndində oldu. Azərbaycan əsgəri otuz ilə yaxın bir müddətdən sonra qisas üçün burda idi. Şükürlər olsun ki, qisas qiyamətə qalmadı, müzəffər ordumuz Daşaltını da işğaldan azad etdi.

Tural 4 noyabr 2020-ci il tarixdə, axşam saatlarında igidliklə vuruşaraq şəhid oldu. O, son videolarından birində Şuşa ilə bağlı arzularını dilə gətirmişdi. Çox təəssüflər olsun ki, Turalın çox arzuları kimi bu arzusu da yarımçıq qaldı. Tural on bir ay idi ki, nişanlı idi. Görüb sevdiyi, könül verdiyi bir qızla el adətincə nişanlanmışdı. Şəhidin anası Arzu Qarayevanın bu barədə sözü-söhbəti ürək dağlayır, insan qəlbini riqqətə gətirir:

“...Avqustun 25-i mənim ad günüm idi. Atasını da, məni də götürüb burada restoran var, ora apardı. Söhbət zamanı dedi ki, ana, mənim dörd ildi istədiyim qız var. Özü də Şirvan şəhərindəndi. Dedi, ana, baxıb fikrini deyərsən. Qızın razılığını da aldıq, nişan da qoyduq. Elə bil ki, hər şey tələsik olurdu. Yanvarın on birində Turalı nişanladıq. Kaş toyunu edəydim, bəlkə, bir nişanəsi qalardı. Martın 24-də oğlumla nişanlısıgilə getdik. Ondan sonra balamı görə bilmədim...Bəy otağını bəzəmişəm. Gəlib özü görmədi...”.


Turalla ailə sonuncu dəfə oktyabrın 29-da əlaqə saxlaya bilib. O, anasından, atasından halallıq istəyib, nişanlısını tapşırıb. Döyüşdə hər şey ola biləcəyini qardaşına deyib. Tural Vətən sevgisinin bütün sevgilərin fövqündə dayandığını sübut etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Tural Ədil oğlu Bayramlı “Vətən uğrunda” medalı ilə təltif edildi, “Şuşanın azad olunmasına görə” medalına layiq görüldü. Ən başlıcası isə Vətən ona oğul dedi, millət öz balasını bağrına basdı.
 

Unutmadı heç öyüdü,

Kişiləşdi, mərd böyüdü.

Qurutdu barsız söyüdü,

Bar dalınca getdi Tural.

Hey boylandı ötən çağa, ``

Arandan üz tutdu dağa.

Dağ bürünüb gördü ağa,

Qar dalınca getdi Tural.

Çəkilibdi əsəb tarım,

Özgədədi öz diyarım.

O dövlətim, həm də varım,

Var dalınca getdi Tural.

Səs-sorağı aldı Şuşa,

Dağ başında döndü quşa.

Yaxınlaşdı qucaqlaşa,

Sar dalınca getdi Tural.

Dedi çətin öləm, itəm,

İstəyimdi yurda yetəm.

Bir gözələ edib sitəm,

Yar dalınca getdi Tural...
 

O yar Vətəndi, doğma yurd yerlərimizdi. Qarabağın baş tacı Şuşadı. Əsgər çəkmələri altında isinən, dirçələn, özünə gələn barlı-bərəkətli Vətən torpağıdı. Yerində deyiblər, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. O torpağı Vətən edən kəslərdəndi Tural Bayramlı. Şuşaya yolumuz düşəndə Daşaltıda, Cıdır düzündə... qulağımıza hənirtilər gələcək, ayaq səsləri eşidiləcək, müqəddəs şəhid ruhları “biz burdayıq” deyəcəklər. Bir anlıq ayaq saxlayıb geri çevriləcək, sayğı duruşunda dayanacağıq. Şuşada havalanan “Qarabağ şikəstəsi” “Cəngi”yə dönəcək, ruhumuza, canımıza, qanımıza hopacaq. Arzusunda olduğu Şuşanı Tural və döyüş yoldaşları bizimlə birgə dolaşacaq, “biz gəldik, Şuşa” deyəcəklər. O vaxt, həmin zaman çatıb artıq...Ruhun şad, məkanın cənnət olsun, yol yoldaşım, can sirdaşım, əziz şəhidim! Yolumuzu gözləyin. Biz gəlirik...


Hidayət Səfərli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər