Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, İtaliyanın Azərbaycandakı səfirinin müavini, xanım Julia Gilotti və Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin rəhbərləri Gəncəyə səfər ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən qarşılanan Roland Kobia ilə işgüzar görüş keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra Gəncənin ictimai-siyasi vəziyyəti, onun iqtisadiyyatı barədə ətraflı məlumat verib və Azərbaycanda ikinci sənaye, mədəniyyət mərkəzi olan Gəncədə həyata keçirilən, eləcə də icrası vacib olan layihələrin reallaşmasında Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia Gəncəyə səfərindən məmnun qaldığını bildirib və qeyd edib ki, səfərin məqsədi həm şəhərlə yaxından tanışlıq, həm burada həyata keçirilən layihələrin vəziyyətini öyrənmək, eyni zamanda yeni layihələrin icrası üçün müzakirələr aparmaqdır.
Sonra Elmar Vəliyevlə Roland Kobia arasında bir sıra məsələlər, o cümlədən yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki tərəf qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim etdikdən sonra Roland Kobia təmsil etdiyi qurumun maliyyə dəstəyi ilə Gəncədəki görmə əlilliyi olan insanlara dəstək proqramı layihəsi çərçivəsində istifadəyə verilən yeni mini mətbəənin açılışında iştirak edib.
Gültəkin Ələsgər