Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə baş verən qalmaqala TQDK aydınlıq gətirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, həmin məktəbdə monitorinq imtahanı zamanı şagirdlər intizamsızlıq ediblər:
“ XI şagirdlərinin monitorinq imtahanı aparılıb. XI sinif şagirdləri monitorinq imtahanlarının gedişinə mane olmaq üçün kobudluq və intizamsızlıq ediblər. İmtahan rəhbəri isə sərt reaksiya göstərib və bu, onlar tərəfindən təkrar kobudluqla qarşılanıb”.
Xatırladaq ki, Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə TQDK nümayəndələri ilə məktəb şagirdləri arasında xoşagəlməz hal yaşayıb. Belə ki, TQDK-nın nümayəndələri 11-ci sinifləri yoxlamaq üçün adı çəkilən məktəbə yollanıb. Sinfə daxil olan nümayəndələr 11-ci sinifdə bir qızın hicablı olduğunu görüb ondan tələb ediblər ki, təcili başını açsın. Hicablı şagird soyuqqanlılıqla “açmıram” deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir ediblər. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər.
Gültəkin Ələsgər