Qubada kütləvi soyqırımı məzarlığında abidə kompleksinin tikintisi qurtarmaq üzrədir. Bu barədə Modern. az-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov bildirib. “Artıq abidə kompleksində tamamlama işləri başa çatır. Bölgədə istismara veriləcək 30 obyektin içərisinə muzey də salınıb. Sadəcə son zamanlarda olan yağışla əlaqədar tikinti işləri bir az ləngiyib. Palçığın quruması, kənd yolları bir sıra problemlər yaradıb. Buna baxmayaraq, vaxtında çatdırıb təhvil veriləcək. İyun ayının ilk günlərində Prezident İlham Əliyevin Qubaya səfəri gözlənilir. Cənab Prezidentin burada iştirak etməsini də qubalılar səbirsizliklə gözləyirlər”.
Y. Abramov əlavə edib ki, bu yaxınlarda Yeni AZərbaycan Partiyasının icra katibi Əli Əhmədovla birgə abidə kompleksinə bir daha baş çəkib. “Bir deputat kimi yox, dost kimi məsləhətlərimizi verdik. Hər şey müasir tələblərə uyğun tikilir. Şəhərin girişindəki Gənclər Sarayı, İcra Hakimiyyətinin yeni binası, Quba rayon Məhkəməsi, yeni Heydər Əliyev parkı, hamısı bir ansambl şəklindədir. Ancaq bizimdə çox söz deməyimizə ehtiyac yoxdur. Qubanın tikintilər üzrə mühəndisləri öz işlərinin öhdəsindən layiqincə gəlirlər”.
Ulduz İbrahimova