Modern.az

Ədəbiyyatşünaslıq tarixində iz qoyan alim

Ədəbiyyatşünaslıq tarixində iz qoyan alim

Aktual

14 Noyabr 2022, 21:48

Bəhram Cəfəroğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Azərbaycan uşaq ədəbiyyatının tədqiqatçısı, mərhum Füzuli Əsgərlini xatırladıqca dahi filosof Əbülhəsən Bəhmənyarın “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” aforizmi yada düşür. Hər gün ADPU-nun auditoriyalarında, kafedrada qarşılaşdığımız Füzuli müəllimi görüb onunla yaxşı kitab oxumağa bərabər söhbətlər etmək mümkün olmasa da, onun yaradıcılığı, gərgin, dərin elmi axtarışlarının məhsulu olan kitabları ilə həmsöhbət olmaq mümkündür. Mərhum alimin “Sənətkarın uşaq dünyası”(2003), “Ədəbi düşüncələr”(2004), “Ömrün sözü, sözün ömrü”(2008), “Uşaq ədəbiyyatı dərsliyi” (2008), “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” (2009)əsərləri filosofla söhbətə bərabər kitablardır. Bu əsərlər arasında Füzuli müəllimin  “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” (2009) monoqrafiyası xüsusilə diqqəti cəlb edir. V fəsil və ciddi elmi qaynaqlara dayalı bu monaqrafiya Azərbaycan uşaq ədəbiyyatının yarandığı dövrdən müasir dövrümüzə qədər olan mərhələli inkişafı gözlər özündə canlandırılır. Mərhum ədəbiyyatşünasımız “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” əsərində təkcə uşaq ədəbiyyatımızın formalaşma mərhələlərini araşdırmamış, ədəbiyyatımızda uşaqlar üçün yazılmış əsərləri tədqiq etməklə yanaşı, VII əsrdən başlayaraq  Azərbaycan ədəbiyyatının görkəmli sənətkarları ilə birlikdə ədəbi ictimaiyyətə bəlli olmayan, lakin dəyərli əsərləri ilə dövrünün tanınmış söz ustalarının ədəbi-bədii fəaliyyətinə də işıq salır.

 

Məsələn, əsərin “Milli uşaq ədəbiyyatımızın təşəkkülü və maarifçilik dövrü inkişafı” adlı birinci fəslindəCənubi Azərbaycanda, Ərdəbildə anadan olmuş Əbül-əl Abbas Əmaninin yaradıcılığına nəzər salınır. Müəllif Əbül-əl Abbası ədəbiyyatımızda didaktik janrın yaradıcılarından hesab edir. Orta əsrlər ədəbiyyatımızda dövrün yeni nəslin əxlaqi-mənəvi tərbiyəsində rol oyanamış söz sənətkarları da diqqətdən kənarda qalmır, müəllif dövrün bir çox şairlərinin əxlaqi-didaktik mövzuda yazılmış əsərlərini fikir süzgəcindən keçirir və belə bir nəticəyə gəlir ki, orta əsrlər Azərbaycan ədəbiyyatında əxlaqi-didaktik əsərlər ümumbəşəri səciyyə daşımış, sadəcə, gənclərin mənəvi-əxlaqi tərbiyəsinə xidmət etmişdir.Fikrimizcə, Füzuli müəllim haqlı idi. Həqiqətən də, Əbül-əl Abbas Əmanidən başlayaraq X. Şirvani, N. Gəncəvi, Qazi Bürhanəddin, M. Şəbüstəri, M. Əvhədi, Ə. Təbrizi, Ş. İ. Xətayi, hətta Məhəmməd Füzuli yaradıcılığında belə bizim müasir ədəbiyyatda qarşılaşdığımız uşaqlar üçün yazılmış bədii nümunələrə rast gəlmək mümkün deyil. Sufi-irfani fəlsəfəsi, daha çox dini-ideoloji fikirlərin carçısı olmuş Xətayinin “Bahariyyə” sində “Quş beççələri ünü yuvadən Məktəb ünü tək gəlür həvadən.” misralarına və yaxud Füzulinin “Fəzliyə nəsihət” və bu kimi əxlaqi-didaktik şeirlərinə istinadən orta əsrlər poeziyasında uşaq şeirləri axtarmaq ağılabatan görünmür.

 

Monoqrafiyanın  I fəslində müəllif “Azərbaycan uşaq ədəbiyyatının yaradıcı kim olmuşdur?”sualına cavab axtarır və belə bir qənaətə gəlir ki, ədəbiyyatımızın görkəmli maarifçi ziyalılarından olmuş S. Ə. Şirvani orta əsr şairlərindən fərqli olaraq uşaq ədəbiyyatının spesfik xüsusiyyətlərinə bələd olmuş, yaradıcılıq fəaliyyətində, maarifçilik ideyarının əks olunduğu bir çox  şeirlərində uşaqların yaş, dərk etmə səviyyəsi və digər xüsusiyyətlərini nəzərə almışdır. Şübhəsiz ki, Seyid Əzim Şirvani yaradıcılığının ana xəttini elmin, təhsilin əhəmiyyətini əks etdirən əsərlər təşkil edir. S.Ə. Şirvani yeni dövr Azərbaycan ədəbiyyatının ilk nümayəndələrindən idi ki, xalqımızın geri qalma səbəbinin, bir millət olaraq başımıza gəlmiş bəlaların kökündə məhz savadsızlıq, elmsizlik dayandığını uca səslə bəyan edir:

 

...Zinəti-şəxs elmi-ürfandır,

Elmsiz şəxs misli heyvandır.

 

Füzuli müəllim S. Ə. Şirvani yaradıcılığını, xüsusilə də şairin təlimverici, tərbiyəvi fikirlərinin əks olunduğu əsərlərini dərindən araşdırmış və şairin valideyn-övlad münasibətlərini əks etdirən fikirlərini təqdim etmişdir: “Müəllif göstərir ki, uşağını maddi cəhətdən təmin edən, lakin onun mənəvi tərbiyəsi ilə məşğul olmayan valideynin öyünməyə haqqı yoxdur. Balalarına ordan-burdan yem tapıb onları yedizdirmək xüsusiyyəti elə dilsiz heyvanlarda da vardır.” Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi tanıdığımız Füzuli müəllim Seyid Əzimin uşaqların tərbiyəsi, təhsilin önəmi ilə bağlı o fikirləri üzərində dayanır ki, həmin fikirlər öz aktuallığını günümüzə qədər qoruyub saxlamışdır. Etiraf etmək lazımdır ki,  müasir dövrümüzdə də övladının gələcəyini maddi təminatda görən valideynlər az deyil, bu  düşüncəyə sahib olan valideynlər alimin də diqqətindən yayınmamış, pedoqoq kimi hətta onu narahat etmişdir. Müşahidələri, ətrafda XIX əsr təfəkküründə olan insanların mövcudluğu rəvac vermişdir ki, Füzuli müəllim yeri gəldikcə Seyid Əzimin fikirlərini yenidən canlandırsın.

 

Füzuli müəllim “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”əsərində təkcə uşaq ədəbiyyatının inkişaf xəttini izləməmiş, eyni zamanda tarixən Azərbaycan təhsil sistemində tətbiq edilmiş dərslik siyasətinə də aydınlıq gətirmişdir. Müəllif əsərin ilk fəslində təhsil tariximizə, xüsusilə, XIX əsrdən başlayaraq Azərbaycan dili dərslərində tədris zamanı istifadə edilmiş dərsliklərin  istifadəsi imkanlarını da araşdırır. Müəllif maarifçi ziyalı A. O. Çernyayevskinin “Vətən dili” haqqında N. Q. Şirvanskinin qeyri-dəqiq rəyi münasibəti ilə yazdığı məktubundan sitat verir: “Görünür cənab Şirvanski bilmir ki, Qasım bəy Zakirdən və Hacı Seyid Əzim Şirvanidən başqa Azərbaycan şairləri və yazıçıları elə bir əsər verməyiblər ki, uşaqların oxuması üçün əlverişli və yararlı olsun.” A. O. Çernyayevskinin məktubundan verilmiş bu sitat alimin “Azərbaycan uşaq ədəbiyyatı S. Ə. Şirvanidən başlayır.” fikrini qüvvətləndirməklə yanaşı XIX əsr Azərbaycan təhsilində mövcud çətinlikləri göz özunundə canlandırır. Müəllif təhsilimizin tarixi inkişafı ilə əlaqədar haqlı olaraq qeyd edir ki, XIX əsrin 40-cı illərinə qədər Azərbaycanda molla məktəbləri və mədrəsələr fəaliyyət göstərmiş, bu tədris ocaqlarında ilkin mərhələdə“Çərəkə”, “Qurani-Kərim”, tədrisin sonrakı mərhələrində isə fars dilində olan S.Şirazinin “Bustan”, “Gülüstan” kimi əsərləri dərslik hesab edilmişdir. Ədəbiyyatşünas alim Azərbaycan təhsilinin inkişafında Çar Rusiyasının ciddi rolu olduğunu qeyd edir. Həqiqətdir, Gülüstan müqaviləsi, ardınca Türkmənçay müqaviləsi ilə Çar Rusiyasına ilhaq edilmiş Şimali Azərbaycanda idarəçiliyi təmin etmək, işğalı qüvvətləndirmək, beləliklə də, talanı asanlaşdırmaq üçün yerlilər arasında rus dilini bilən insanlara ehtiyac yaranmışdı. Lakin Çar üsul-idarəsi Şuşada, Nuxada, Bakı, Gəncə və Naxçıvanda rus-tatar məktəblərini açanda hesaba qatmamışdı ki, bu məktəblərdə M.F. Axunzadə, C. Məmmədquluzdə və onlar kimi minlərlə azərbaycanlı gənclər təhsil alacaq, Avropa mədəniyyətinə yiyələnəcək və beləliklə də Azərbaycanın müstəqilliyinə doğru addımlar atılacaqdır.

 

XIX əsr təhsil sistemimizdə ana dilinin tədrsi ilə bağlı  tarixi inkişaf sürəcini izləmiş müəllif qeyd edir ki, bu əsrin birinci yarısında Azərbaycan məktəblərində tədris materialları arasında A. Bakıxanovun “Təhzübi-əxlaq”, “Kitabi-nasayeh” kimi əsərləri ciddi çəkiyə malikdir. Daha çox “Kitabi-nasayeh” əsərinin dövrün dərsliyi kimi əhəmiyyətli hissələrini oxuculara təqdim etmiş Füzuli müəllim XIX əsrin birinci yarısında maarifçilik ideyalarının yayılmasında yorulmadan çalışan M. Ş. Vazehin də tədris tariximizdə rolunu işıqlandırır,  onun İ. Qriqoriyevlə birgə tərtib etdiyi “Kitabi-türki” müntəxibatına nəzər salır. Füzuli müəllim təsvirçilik yolu ilə getməmiş, XIX əsrdə Azərbaycan məktəbləri, tədrisimizin inkişafı ilə bağlı xidmətləri olmuş, lakin elmi ictimaiyyətin az tanıdığı dərslik müəlliflərini də araşdırmış, tədris tarixində gördüyü əhəmiyyətli fəaliyyətlərinə işıq salmışdır. Əsərdə 1797-1875-ci illərdə yaşamış, maarifçi ziyalılarımızdan olmuş Mirzə Nəsrullah Didə və onun 1857-ci ildə yazdığı, lakin çap etdirə bilmədiyi “Kitab ul-Nəsayeh” dərsliyi, eyni zamanda Seyid Əzim Şirvaninin “Rəbül-ətfal”, “Tacül-kütub” kimi dərslikləri haqqında verilmiş məlumatlar oxucular, tədqiqatçılar və tələbələr  üçün  bu baxımdan dəyərlidir.

Füzuli müəllim “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”monoqrafiyasında uşaq ədəbiyyatının inkişaf tarixini, ana dilində tədrisin inkişafının öyrənilməsi ilə  yanaşı maarifçiliyin inkişafında  dövri mətbuatın  rolunu da unutmamışdır. Müəllif Azərbaycanda maarifçi ziyalıların tribunası hesab oluna biləcək bir çox mətbu orqanın, o cümlədən, “Əkinçi”(1875-1877), “Ziyayi-Qafqaziyyə”(1879-1884), “Kəşkül”(1883-1891) kimi maarifçi qəzetləri, onların naşir və yazarlarının fəaliyyətini fikir süzgəcindən keçirmişdir. XIX əsrin sonlarına doğru mətbuatın təsir gücünü, xüsusilə maarifçi mətbuatın ciddi oyanışa rəvac verə biləcəyini anlamış Azərbaycan ziyalıları ana dilində qəzet və jurnalların təsis edilməsi istiqamətində səylə çalışmışlar. Şübhəsiz ki, Çar Rusiyası idarəçiləri də Azərbaycan ziyalılarının əsl məqsədinin xalqı oyatmaq olduğunu dərk edərək mətbuatın inkişafını ləngidirdilər. Həmin dövrdə maarifçi qəzet və jurnalların təsisi üçün mübarizə aparmış N. Nərimanov, M. Şaxtaxtinski, M. Mahmudbəyov, S.M.Qənizadə və onlar kimi maarifçi ziyalılarımızın fəaliyyəti, qarşılaşdığı çətinliklər də Füzuli müəllimin diqqətindən kənarda qalmamış, əsərdə dövrün ziyalılarına, onların apardığı mübarizəyə də geniş yer verilmişdir.

 

XX əsrin ilk illərindən başlayaraq Azərbaycan təhsil sistemində inqilabi hadisələr baş verməyə başlamışdı. Artıq əsrin ilk on illiklərindən başlayaraq Azərbaycan məktəblərində uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılmış dərsliklərdən istifadə edilməyə başlanıldı. Monoqrafiyada  da yeni tipli dərsliklərin yazılmasında rol oynamış R. Əfəndizadə və onun “Bəsirətül-ətfal”, A. Şaiqin “Uşaq gözlüyü”, M. Mahmudbəyov və onun “Birinci il müsəvvər türk əlifbası və ilk qiraət” əsəri tədqiq edilmiş, bu dərsliklərin təhsilmizin inkişafındakı rolu haqqında danışılmışdır.

 

XX əsrin ilk illərində Azərbaycan təhsilində ən əlamətdar hadisələrdən biri də 1906-1907- ci illərdə çağrılmış müəllimlər qurultayı idi. Müəllimlər qurultayı, qurultayın qərarları və qərarların təhsilimizin inkişafındakı rolu müəllif tərəfindən təsvir edilir.

 

Dövrün pedaqoji fikir tarixini, təhsil həyatını arxiv materillarına dayanaraq yaxından izləmiş müəllif zəngin müşahidələri nəticəsində belə bir qərara gəlmişdir ki,  XX əsrin ilk onilliklərində milli uşaq ədəbiyyatı iki istiqamətə ayrılırdı, bəzi ziyalılar təhsildə şərqin ənənəvi mövzularından, klassik əsərlərin süjetlərindən, hədislərdən və Osmanlı Türkiyəsinin şairlərinin əsərlərindən istifadə olunmasının, digərləri isə Avropa təhsil sisteminin əsas götürülməsinin tərəfdarı idi. Müəllif irəli sürdüyü fikir və mülahizələrini arxiv materialları ilə arqumentləşdirir, dövrün maarifçi ziyalılarının elmi ictimaiyyətə az məlum olan məktublarından, tarixi əhəmiyyət daşıyan sənədlərdən nümunələr təqdim edir.

 

Füzuli müəllim monoqrafiyada XX əsrin bütün on illiklərində maarifçiliyin inkişafını zərgər dəqiqliyi ilə  izləmiş, təhsilimizin inkişafı ilə uşaq ədəbiyyatının inkişafını paralel tədqiq etmişdir. Onun 29 noyabr 1911-ci ildə işıq üzü görmüş “Məktəb” uşaq jurnalı, jurnalın fəaliyyəti, jurnalın naşirlərindən A. Səhhət, Q. R. Mirzəzadə, A. Divanbəyoğlu v.s. ziyalıları haqqında təqdim etdiyi məlumatlar olduqca maraqlı və tarixi faktlardır. XX əsrdə Azərbaycan təhsilində A. Şaiq, H. Cavid, S.S.Axundov, Ə.Cavad, Ə.Nəzmi, Ə.Fəhmi, Ə. Əfəndizədə, M. Ə. Sabir kimi ədiblərimizin rolu danılmazdır. Füzüli müəllim uşaq ədəbiyyatımızın XX əsrdəki inkişafını izlərkən adı çəkilən müəlliflərin yaradıcılığını dərindən tədqiq etmiş, maarifçi ziyalılarımızın məktəblərimizdə tədris materiallarına daxil edilmiş uşaq ədəbiyyatı incilərinin yeni nəslin inkişafındakı rolunu aydın təsəvvür etmişdir.

 

“Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” monoqrafiyasının II fəsli “Azərbaycan sovet uşaq ədəbiyyatının təşəkkülü və təzadlı inkişaf yolu(1920-1950-ci illər) ” adlanır. 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin süquta uğraması, Azərbaycanın Sovet Rusiyasının işğalına məruz qalması bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də ciddi dəyişiklərə səbəb oldu. Sovet idarəçiləri Azərbaycan yazıçıları qarşısında ciddi tələblər qoymağa başladı. Sinfilik prinsipi, fəhlə və kəndlilərin ədəbiyyatın əsas qəhrəmanı kimi təqdim edilməsi, sosializim realizmi və bu kimi ədəbiyyatın mahiyyəti ilə uyğunlaşmayan tələblərin olması, Sovet hakimiyyətinin ikinci on illiyində ziyalılara və düşünən insanlara qarşı aparılmış repressiyalar müəllifə bu dövrütəzadlı adlandırmağa imkar verirdi. Müəllif bu dövrdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında istiqlalçı şairimiz, repressiya qurbanlarından olmuş Əhməd Cavadın rolunu xüsusilə qiymətləndirir, Ə. Cavadın “Uşaqlığım”, “Yazım gəl, baharım gəl”, “Beşik” kimi mövzu, dil-üslub baxımından olduqca maraqlı uşaq şeirlərini tədqiq edir. O həmçinin digər repressiya qurbanı olmuş görkəmli yazıçımız Tağı Şahbazi Simurğun “Qayçı” hekayəsini təhlil edir, ədibin yaradıcılığı haqqında ədəbiyyatşünas mövqeyini bildirir. Sovet dövrünün ən çox oxunmuş, dövrün bütün istək və tələblərinə öz yaradıcılıqlarında əməl etmiş sənətkarlarımız, S. Vurğun, S. Vəliyev, o cümlədən Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən sayılan Mir Cəlalın “Bir gəncin manifesti” romanı, M. Seyidzadənin “Dağlar”, “Çay”, “Göy qurşağı”kimi əsərləri tədqiqata cəlb edilmişdir. Demək olar ki,sovet dövrü Azərbaycan ədəbiyyatının bütün mərhələləri bu fəsildə tədqiq edilmişdir.  İstər 20-30-cu illər, istər 30-40, istərsə də 50 və 50-ci illərdən sonra yazıb yaradan, Azərbaycan uşaq ədəbiyyatında  xidmətləri olmuş heç bir yazıçı və şair Füzuli Əsgərlinin diqqətindən kənarda qalmamışdır.

 

Tədqiqatçı alim monoqrafiyanın bu fəslində təkcə uşaq ədəbiyyatının yaradıcılığı üzərində dayanmamış, 1931-ci ilin yanvar ayının 17-sində Bakıda çağrılmış I Uşaq Ədəbiyyatı Konfransı və bu konfransda müzakirə edilmiş məsələlərə də aydınlıq gətirmişdir.

 

Monoqrafiyanın “Müasir ədəbi prosesdə yeni problematika və ideya istiqamətləri (1960-1980-ci illər)” adlanan III fəslində Azərbaycan uşaq ədəbiyyatının 1960-1980-ci illər mərhələsi tədqiq edilmişdir. Bu fəsildə azərbaycanlı balalarını öz dillərində danışdırmış İ. Tapdıq, M. Aslan, Z.Xəlil, C. Məmmədov kimi şairlərin adlarına, o cümlədən bir çoxlarımızın kiçik yaşlarımızdan əzbərlədiyimiz “Kukla”, “Ay mişar tələs mişar”, v.s. bu kimi ölməz şeir nümunələrinə, bu şeirlərin dil-üslub xüsusiyyətlərinin təhlilinə rast gəlirik.

 

“Milli uşaq ədəbiyyatımızın inkişafında ədəbi əlaqələrin və bədii tərcümənin rolu” adlanan sonuncu, V fəsildə dünya xalqlarının dillərindən Azərbaycan dilinə çevrilmiş uşaq şeirlərinin, uşaqlar üçün yazılmış nəsr əsərlərinin tərcümə tarixi, məzmunu, əsər müəllifləri, tərcüməçilər haqqında zəngin məlumatlara, tərcümə əsərlərinin təhlili məsələlərinə yer verilmişdir.

 

Mərhum alimimiz Füzuli müəllimin gərgin zəhmət, uzun elmi axtarışlar zəngin müşahidəçilik qabiliyyəti sayəsində ərsəyə gətirdiyi “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” əsərini oxuduqca heyrətlənməyə bilmirsən. Bu əsəri vərəqlədikcə gözlərim önündəAzərbaycan Dövlət Pedaqoji Universitetinin auditoriyalarında, dəhlizlərində vaxtilə hər gün qarşılaşdığım dağ cüssəli Füzuli müəllim canlanır, zamanında Füzuli müəllimlə daha çox vaxt keçirə, onun bir-birindən maraqlı elmi söhbətlərini dinləyə bilmədiyim üçün təəssüflənirəm. Lakin səmimi-qəlbdən inanıram ki, böyük elmi potensiala malik,  bir o qədər də mütəvazi, səmimi insan kimi tanıdığımız Füzuli Əsgərli təkcə bu əsəri ilə Azərbaycan ədəbiyyatşünaslığı tarixində qalacaq, tələbələri, ədəbiyyatsevərlər tərəfindən hər daim xatırlanacaqdır...

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu