2009-cu ilin sentyabr ayından müxtəlif səbəblərə görə fəaliyyətini dayandıran Bakı Dövlət Universitetinin «Bakı Universiteti» qəzetinin bu ay növbəti nömrəsi nəşr olunub. Bu barədə məlumatı Modern.az-a qəzetdə çalışan jurnalist Pərvanə İbrahimova məlumat verib. O qeyd edib ki, qəzetdə hər zaman olduğu kimi müxtəlif rubrikalar və janrlarda professor-müəllim və tələbələrin gündəlik həyatı və digər məsələlər işıqlandırılır.
Xatırladaq ki, əsası 1929-cu ildə qoyulan «Bakı Universiteti» qəzeti 1947-ci ildən mütamadi olaraq nəşr olunur.1990-cı ilə qədər «Lenin tərbiyəsi» uğrunda adı ilə, Azərbaycan və rus dili olmaqla iki dildə işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib.
Hər ay oxucuların görüşünə gələn «Bakı Universiteti» qəzetində indi - Pərvanə İbrahimova, Anzulə Əmirova, Solmaz Babaşova, Aynur Qurbanqızı, Tamella Müslümova, Qurban Məmmədoğlu kimi peşakar jurnalistlər, qələm sahibləri, texniki işçilər çalışır. 2007-ci ilin sentyabrında BDU-nun Mətbuat və informasiya şöbəsinə birləşdirlən qəzetin baş redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olub. Ancaq o bu il vəzifəsindən çıxıb. Qəzetin hazırkı redaktorunun kim olduğu isə açıqlanmır. Günay Musayeva