Azər Hüseynbaladan Eynulla Fətullayevə: “İndiki iş yerimdən o qədər razıyam ki...”
Xəbər verdiyimiz kimi hüquq müdafiəçisi Eynulla Fətullayev Modern.az-a açıqlamasında yaxın zamanlarda yeni xəbər portalı və qəzet açacağını bildirmişdi. Hüquq müdafiəçisi həmçinin yeni media orqanında bir sıra tanınmış imzaların da yer alacağını bildirmişdi.
Mətbuatda da bununla bağlı müxtəlif məlumatlar yayılır. Hətta “Gündəlik Teleqraf” qəzetinin baş redaktorunun birinci müavini Azər Hüseynbalanın da E.Fətullayevlə anlaşdığı bildirilir.
Yayılan məlumatı dəqiqləşdirmək üçün jurnalistin özü ilə əlaqə saxladıq. Modern.az-a açıqlamasında Azər Hüseynbala bildirib ki, iş üçün heç bir təklif almayıb.
“Mən indiki iş yerimdən o qədər razıyam ki, iş üçün Eynulla Fətullayev müraciət etsə belə, onu qəbul etməyəcəyəm”-deyə vurğulayıb.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Famil Cəfərli Eynulla Fətullayevin iş təklifini qəbul edərək onun açacağı qəzetdə Azərbaycan bölməsinin redaktoru vəzifəsində çalışacaq.
Aqşin Kərimov