Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Spiker vurğulayıb ki, Fransa Senatının dünən qəbul etdiyi qətnamə Azərbaycana qarşı yönəlib: "Heç bir hüquqi əsası olmadan qəbul olunan qətnamə onu göstərir ki, Fransa dövlət maraqlarını qurban verməyə hazırdır. Fransanın mövqeyinə görə məsuliyyət Fransa hökumətinin üzərinə düşür".
Parlament sədrinin sözlərinə görə, Fransa Senatının qəbul etdiyi qətnamə Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə zərbə vurmağa dəlalət edir:
"Fransa Ermənistanı təcavüzkar yox, qurban kimi qələmə verməyə başlayıb. Amma biz Fransanı bundan çəkinməyə çağırırıq".
S.Qafarova, həmçinin qeyd edib ki, Milli Məclis tərəfindən həm qətnamə, həm də Fransanın fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı. Bu baxımdan bəyanatın qəbul edilməsinin iclasın gündəliyinə əlavə olunması təklif edilib.
Daha sonra Fransa Senatının qətnaməsinə cavab hazırlanması üçün Milli Məclisdə komissiya yaradılıb. Komissiyanın sədri Səməd Seyidov, üzvləri isə Sabir Hacıyev, Sədaqət Vəliyeva, Asim Mollazadə, Zahid Oruc və Ramin Məmmədovdur.