Modern.az

İran və Fransa Ermənistanda Azərbaycana qarşı birləşib - Professorla MÜSAHİBƏ

İran və Fransa Ermənistanda Azərbaycana qarşı birləşib - Professorla MÜSAHİBƏ

Müsahibə

17 Noyabr 2022, 13:10

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Modern.az-a müsahibə verib.


- Çingiz müəllim, son vaxtlar Cənubi Qafqaz regionunda geopolitik vəziyyət gərginləşib. Cənub qonşumuz İran da çalxalanır. Amma bu hadisələr fonunda Güney Azərbaycanda yaşayan soydaşlarımızın aktivliyi bir o qədər də hiss olunmur. Bu barədə fikirləriniz maraqlıdır.

- Son zamanlar cənublu soydaşlarımızla əlaqələr zəifdir. Zamanında İranda Azərbaycanın görkəmli nümayəndəsi professor Cavad Heyyətin timsalında çoxları ilə tanış olmuşdum. Otuz il öncə professor Cavad Heyyətin sayəsində Qarabağ döyüşlərində yaralanmış qazilərimizin müalicə üçün İrana səfərlərini təşkil etdik. Qazilərin say çoxluğunu nəzərə alaraq, onları əsasən İrana, qismən də doktor Ağabəy Azərbaycaninin dəstəyi ilə Almaniyaya yola salırdıq. Cavad Heyyət həkimliklə yanaşı, həm də Azərbaycanın görkəmli mütəfəkkiri, “Varlıq” jurnalının rəhbəri idi. 
 

Almaniyada doktor Həsən Qərəvinin rəhbərliyi ilə iranlı və türkiyəli soydaşlarımız 1990-cı ildə baş verən qanlı 20 yanvar qətliamına etiraz bəyanatlarını aparıcı Qərb dövlətlərinin başçılarına və Birləşmiş Millətlər Təşkilatına ünvanlamışdı. Bəyanatlarla yanaşı, Bonn-Brüssel yürüşünün SSRİ səfirliyi önündən başlayaraq Brüsseldə yekunlaşması o dövr üçün möhtəşəm hadisə idi. O dövrdə Həsən Qərəvinin Almaniyadan Azərbaycanın müstəqilliyinin gec tanınmasına etiraz olaraq, İran İslam Respublikasının parlamentinə ünvanlanan məktubu təsirli idi. 
 

1991-ci ilin yanvar ayında Köln şəhərində qurduğumuz Azərbaycan dərnəyinin təsisçilərinin Türkiyə və İran azərbaycanlıları olması həm də birlik simvolu idi. 
 

Təəssüf ki, o zaman uzun illər sovetlər düşərgəsində işləmiş diplomat, Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov öz heyyəti ilə ayrı-seçkiliyə yol verməklə qurulan cəmiyyətin dağılmasına səbəbkar oldu. 


O dövrdə tez-tez iranlı soydaşlarımız tərəfindən rastlaşdığım məqamlardan biri də bizlərin türkiyəli qardaşlarımızla isti münasibətlərini qısqanmaları idi, halbuki onların əməldə öz töhfələrini vermələrini arzulayırdım. Sadaladığım məqamlar əsasən 1990-cı illərin əvvəllərinə təsadüf edir. 
 

- Sonra nələr baş verdi? 
 

- Ermənistanın Qarabağ bölgəsini işğalı zamanı İran İslam Respublikasının azərbaycanlı əhali ərazilərimizin viran edilməsinə göz yumdu. Tək-tək etirazlar eşidilsə də, ümumilikdə 30 milyonluq soydaşımızın gurultulu səsi çıxmadı. 


Düzdür, 44 günlük savaş və Zəfər bayramı ərəfəsində onların bir qismi Xudafərin körpüsü ətrafında toplaşıb haqq səsimizə səs verdi. Ancaq düşünürəm, bu yetərli deyil. Onlar ən azından İran İslam Respublikasını dağıdılan məscidlərə görə qınayıb ədalətə cəlb etməli idilər. Təəssüf ki, sadaladığım məqamlar gerçəkliyi təsvir edir.   


Ancaq indiki zamanda məşhur azərbaycanlı futbolçu Əli Daeyidən çoxları nümunə götürüb, reytinqlərindən istifadə edərək öndə getməlidirlər ki, haqlarını sona kimi tələb etsinlər. 
 

Təbrizdə “Traktor” futbol komandasının oyununda səslənən türkülər, şüarlar onların əsas devizi olmalıdır. 


Təəssüf ki, Almaniyada yaşayan çoxsaylı iranlı soydaşlarımız İranda gedən iğtişaşlara dəstək verməkdənsə, sanki prosesləri müşahidə edirlər. 


Fransada yaşayan çoxsaylı cənublu soydaşlarımızın Senat qarşısında azərbaycanlı diaspor fəallarının etiraz mitinqində iştiraklarını görmədim. Bu məqam həm İran İslam Respublikasına, həm də Fransa Respublikasına tutarlı cavab olardı. 
 

İranın Şərq və Fransanın Qərb mənzərəsində fərqli baxışları olmasına rəğmən, Ermənistanda Azərbaycana qarşı birlik nümayiş etdirmələri hər kəsə bəllidir. 


- Sizin təəssüflü yanaşmanıza əlavəniz varmı? 


- İki gün öncə Senatda qəbul olunan qərəzli qətnaməyə əsaslanaraq deyə bilərəm ki, Fransada diaspor fəaliyyətini gücləndirməliyik. 

İran İslam Respublikası dini dövlət olduğu üçün Azərbaycanın din xadimlərinin 30 il ərzində müsəlman ritorikasında təsiri təəssüf ki, hiss olunmadı və olunmur. 


- Xaricdə yaşayan soydaşlarımız güneyli qardaşlarımıza necə dəstək ola bilər? 


- Azərbaycanın cənubundakı soydaşlarımıza haqq yolunda uğurlar arzulayıram. İstənilən halda Azərbaycan Yazıçılar Birliyinin qurultayında Sayman Arusun təsirli çıxışının davamı olaraq İrandakı soydaşlarımıza daim dəstək olmalıyıq ki, onlar azadlıqlarına qovuşsunlar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər