Heydər Əliyev adına Beynəlxalq hava limanında Naxçıvan sakinləri - şərurlularla nehrəmlilər arasında kütləvi dava olması ilə bağlı informasiyalar yayılıb. Baş vermiş olayda bıçaqlanma hadisəsinin olduğu da bildirilir. Modern.az-a açıqlamasında AZAL-ın polis idarəsinin özünü təqdim etməyən polis əməkdaşı kobud cavab verərək yayılan məlumatları təkzib etdi.
“Dava olmayıb. Gedin işinizlə məşğul olun”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatında hava limanında kütləvi dava hadisəsi təsdiqlənib. Nazirliyin yaydığı xəbərdə bildirlir ki, hadisə Naxçıvan terminalında qeydə alınıb. Naxçıvan sakinləri arasında düşən davada 1 nəfər bıçaqlanıb. Ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.
Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqşin Kərimov