Modern.az

QHT-lər Gənclər Evində Dövlət Proqramını müzakirə etdilər

QHT-lər Gənclər Evində Dövlət Proqramını müzakirə etdilər

29 Aprel 2013, 12:57

Bu günlərdə Gənclər Evinin və “Təkan” Tələbə Gənclərinin İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa baş tutub. Tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.

  Toplantı zamanı dəyirmi masa ətrafına toplaşanlar  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparıblar.   Gənclər Evinin direktoru Elşad Abdullayev Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm  Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi çərçivəsində görülən işlər haqqında qısa məlumat verib. Onun sözlərinə görə, gələcəkdə Gənclər Evində tamam fərqli mövzularda tədbirlər, staj proqramları, peşə kursları keçiriləcək:

”Yyaxın aylarda Azərbaycanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlimlərə də start verəcəyik”.   Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov Dövlət proqramının icrası, proqramın tətbiqində əldə olunan nailiyyətlər, qarşıda gözlənilən layihələr barədə söz açıb. E.Hüseynov qeyd edib ki, proqramın əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, onların cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır. Nazirlik təmsilçisi getdikcə gənclərə ayrılan maddi dəstəyin də artacağını, yaxın aylarda Gənclər Sarayının inşa olunacağını, gənclik sahəsində xüsusi mükafatın təsis olunacağını bildirib.  

Tədbirdə “Təkan” Tələbə Gənclərinin İB-nin sədri Leyla Kərimova,  “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İB-nin təmsilçisi Nigar Hacıyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin təmsilçisi Habil Yaşar, “Gənclərin Həmrəyliyinə Dəstək” İB-nin sədri Cəmilə Abdullayeva, “Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İB-nin sədri Atatürk Kamallı, Gənclərin Maarifləndirilməsi İB-nin sədri İlkin Abdıyev, Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Həbibə Sadıqlı və digərləri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının gənclərin həyatında oynadığı rol, həyata keçirilən tədbirlərin effektivliyi barədə fikirlərini bölüşüblər.  

Tədbir zamanı sosial şəbəkələrdə aktiv gənclər təşkilatlarını birləşdirən ümumi bir səhifənin yaradılması, birgə tədbirlərin həyata keçirilməsi haqda təkliflər səslənib.
Sonda Gənclər Evinin “Ofis menecer köməkçisi” staj proqramını bitirən 11 nəfərə sertifikat təqdim olunub. Qərara alınıb ki, yaxın günlərdə eyni mövzu ilə bağlı daha geniş dairədə müzakirə təşkil olunsun. 

Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm  Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ)  Layihəsi  Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal