
Müəllimlər, jurnalistlər, gənclər və əsgərlər arasında görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş yazı müsabiqələri başa çatıb. Bu barədə
Modern.az saytına müsabiqələrin təşkilatçısı olan Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəblərinin müəllimləri arasında elan etdiyi «Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm» adlı müsabiqəyə yazı qəbulu aprelin 25-də başa çatıb. Martın 25-dən başlayan müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən təqdim olunan məqalələrdə təhsil sistemində yeni yanaşma və metodlar, tədris materialları və üsullarına dair təkliflər öz əksini tapıb. Jurnalistlər arasında elan olunan «Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti», «Azərbaycan – beynəlxalq layihələrin təhlükəsiz ünvanı», «Azərbaycanın xarici siyasətinin prioritetləri» mövzularında yazı müsabiqəsi, gənclər arasında keçirilən “Azərbaycanımla fəxr edirəm” yazı müsabiqəsi, həmçinin əsgərlər arasında elan olunan “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” adlı əsgər məktubu müsabiqəsi isə aprelin 27-də başa çatıb.
Əsgərlər arasında keçirilən müsabiqə iştirakçı sayına görə digərlərindən fərqlənib. Martın 27-dən başlayan bu müsabiqədə respublikanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xidmət edən əsgərlərdən 1000-dən artıq məktub daxil olub.
Əcnəbi fotoqraflar arasında elan olunan “Azərbaycan əcnəbilərin gözü ilə” foto müsabiqəsinə indiyə qədər Türkiyə, Rusiya, Polşa, Macarıstan, İsrail, Kanada, Kolumbiya, Latviya, Böyük Britaniya və digər ölkələrdən həvəskar və peşəkar fotoqraflar qatılıblar. Əcnəbi fotoqraflar və rejissorlar arasındakı müsabiqə aprelin 30-da başa çatır.
Müsabiqələrə təqdim olunan materialları münsiflər heyəti qiymətləndirəcək və nəticələr rəsmən açıqlanacaq.
Modern.az