“Yaxın günlərdə yerli dövlət və özəl televiziya kanallarının “Azerspace-1” peyki üzərindən yayımının təşkili başa çatacaq”. Bu haqda Modern.az-a “Azərikosmos” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli deyib. O,qeyd edib ki, bu barədə müvafiq məlumat həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm də “Azərkosmos” ASC tərəfindən ictimaiyyətə açıqlanacaq. “Bununla yanaşı, qeyd olunmalıdır ki, peyk digər rabitə xidmətləri üzrə kommersiya fəaliyyətinə tam başlayıb”.
N. Mədətli vurğulayıb ki, “Azərkosmos” ASC kosmik sahə üzrə beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir. “Azərkosmos” ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində peyk layihələrinin həyata keçirilməsi ilə əlaqədar kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə əməkdaşlıq etməklə yanaşı, kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr və şirkətlərlə təcrübə mübadiləsi edilməsi, kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq aparılması və kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması istiqamətində bir sıra işlər aparıb, bu məqsədlə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi beynəlxalq təşkilatlarla işləməyə başlayıb. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, “Azərkosmos” ASC Vyana şəhərində keçirilən COPUOS-un Hüquq Alt Komitəsinin 52-ci iclasında iştirak edib. İclasda çıxış edən “Azərkosmos” ASC-nin hüquqşünası Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat verib, “Azərkosmos” ASC tərəfindən bu istiqamətdə aparılan işlərə diqqət çəkib.Sahə üzrə müxtəlif qurum və təşkilatlardan, habelə 54 üzv ölkədən nümayəndələrin qatıldığı iclasda BMT-nin kosmik fəzaya dair mövcud beş sazişinin hazırkı tətbiq vəziyyəti, beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının kosmik hüquqla bağlı fəaliyyəti və kosmik fəzada nüvə enerji mənbələrindən istifadə ilə bağlı qəbul olunmuş prinsiplər nəzərdən keçirilib, o cümlədən kosmik fəzanın hüdudlarının müəyyən edilməsi, geostasionar orbitin bərabərhüquqlu və məqsədyönlü şəkildə istismarı, üzv ölkələrdə kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair uyğun qanunvericilik bazasının yaradılması, kosmik hüquq sahəsi isə kadr ehtiyatlarının inkişaf etdirilməsi kimi mövzulara dair geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular arasında kosmik tullantıların idarə edilməsi və kosmik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması da olub.
BMT-nin Baş Assambleyasının 1472 saylı qətnaməsi ilə1959-cu ildə təsis edilən COPUOS-un üzvlüyündə hazırda 74 ölkə vardır, Komitənin nəzdində Hüquq Alt Komitəsi ilə yanaşı Elmi-Texniki Alt Komitə də fəaliyyət göstərir.
Aytən Əliyeva