Tanınmış telejurnalist, Park Bulvar AVM-in pr meneceri Günay Malik qızı “İlin PR meneceri” nominasiyasında “UĞUR” Milli Mükafatını alıb. Bu il mükafatın sayca 13-cü təqdimetmə mərasimi keçirilib. 2012-ci ilin nəticələrinə görə, 32 yerli və xarici şirkət mükafatın laureatı elan edilib. Müxtəlif nominasiyalarda milli iqtisadiyyat və biznesin möhkəmləndirilməsi və inkişafında əhəmiyyətli rol oynamış şirkətlər mükafata layiq görülüb.
Xatırladaq ki, UĞUR” Milli Mükafatı “Consulting&Business” jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. Cari ildə nüfuzlu mükafatın həmtəşkilatçıları Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olublar.
Qeyd edək ki, Günay Malikqızı 1978-ci il iyunun 9-da Bakıda anadan olub. 1995-2001- ci illərdə Naxçıvan Universitetinin İngilis dili filologiya fakültəsində oxuyub. Filologiya üzrə magistr dərəcəsi alıb. 1997-2011-cü illərdə “Space”, 2004-cü ildən isə “Lider” telekanalında aparıcı işləyib. 2011-ci ildən “Park Bulvar” AVM-də PR Menecerdir.
2012-ci ildə “Park Bulvar” AVM-də işlədiyi müddətdə onlarla PR aksiyalar təşkil edib və Ticarət Mərkəzinin paytaxt sakinlərinin və şəhərin qonaqlarının alış-veriş və əyləncə məkanı kimi statusunun daha da möhkəmlənməsinə öz töhfəsini verib. 2012-ci ildə Günay Malikqızı bir neçə innovativ və unikal PR layihələri həyata keçirib. Onun yeni müştərilərin cəlb edilməsi, təkrar müştərilərin isə buraya rəğbətinin daha da artırılmasına yönəlik PR aksiyalar ticarət mərkəzində fəaliyyət göstərən ticarət və əyləncə obyektlərinin işinə müsbət təsirini göstərib.
Günay Malikqızı 2012-ci ildə biznes qurumlarının mədəniyyət və sağlamlıq sahəsinə təmənnasız olaraq investisiya qoyuluşlarını stimullaşdıran bir neçə layihə həyata keçirib. Onun sosial yönümlü PR aksiyaların keçirilməsi sahəsində fəaliyyəti nəticəsində bu gün “Park Bulvar“ AVM korporativ məsuliyyət layihələrinin həyata keçirilməsi sahəsində layiqli yer tutur.