Qazaxıstanın Satpaev adına Milli Texniki Universitetində 15 min tələbə təhsil alır. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzinin dəstəyi və köməkliyi ilə bu təhsil ocağında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi praktik konfrans keçirilib.
Almatı şəhərindəki adlı-sanlı universitetdə Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzi, Fəlsəfə problemlərini öyrənən Elmi Mərkəz, Azərbaycanlıların “Ozan” İctimai Birliyi Azərbaycan bayrağı altında bir araya gəliblər.
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin rolu” adlı elmi praktik respublika konfransında Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində professorlar, elmlər doktorları və tələbələr, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini təmsil edən alimlər Heydər Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi baxışları və başqa xususi keyfiyyətləri haqqında çıxışlar ediblər.
Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov “Azərbaycan dövlətçiliyinin yaranmasında Heydər Əliyevin rolu” adlı məruzəsində Heydər Əliyevin Qazaxıstan və Azərbaycan xalqlarının dostluğu zəminində apardığı ümummilli siyasətindən danışıb. Universitetin İctimai Davranış kafedrasının dosenti, fəlsəfə elmləri doktoru, akademik Kalimaş Bekalinova Heydər Əliyevin həyat və yaradıcılığı, ictimai mövqeyi, onun milli və siyası konsepsiyaları, fəlsəfi fikirləri barədə genuş və hərtərəfli məruzə edib.
Almatıdakı Azərbaycanlılarının “Ozan” İctimai Birliyinin sədri Qərib Məmmədov Heydər Əliyevin Azərbaycan diasporunun dünyada formalaşması yönümündəki etdiyi xidmətlərdən danışıb. Tədbirə qatılan professor və akademiklər, tələbələr Asiya Amirbekova və Gülmira Məsimova Heydər Əliyevin müstəqil, müasir Azərbaycanın yaranması və möhkəmlənməsi istiqamətindəki müstəsna xidmətindən danışıblar. Tədbirin sonunda universitetin müəllim və tələbəsi milli alət olan damburda Heydər Əliyevin xatirəsinə həsr olunmuş müsiqi nömrələri ifa ediblər. Tədbirdə iştirak edənlərə eyni zamanda Heydər Əliyevin Həyat və yaradıcılığını əks etdirən buklet və Qazaxıstan Azərbaycanlılarının milli dərgisi olan “Turan Times” qəzetinin Heydər Əliyevə həsr olunmuş nəfis nömrəsi paylanıb.
Ləman Ağayeva