Modern.az

“İran Ermənistanın cəzalandırılması istiqamətində fəaliyyət göstərmir”

“İran Ermənistanın cəzalandırılması istiqamətində fəaliyyət göstərmir”

30 Aprel 2013, 09:48


Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “İran-Azərbaycan münasibətləri və Qafqazda strateji rəqabət” mövzusunda konfransında çıxış edib. Modern.az saytı onun çıxışını təqdim edir:

- Ötən əsrin 90-ci illərində Azərbaycanın ticarət tərəfdaşları arasında İran ilk yerlərdən birini tuturdu. Lakin son onillikdə İran tədricən bu möqeyi itirməyə başlamışdır. Belə ki, 2007-ci ildə hər iki ölkə arasında ticarət dövriyyəsi 540 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 305 milyon dollar səviyyəsinə enmişdir. 2011-ci ilin sonunda Azərbaycanın ümumi ticarət dövriyyəsi 36 milyard  dollara çatdırıldığı  halda, İranın burada payı cəmi 0,8%-ə bərabər olmuşdur. Həmin il İran İslam Respublikası Azərbaycanın ticarət partyorları arasında 19-cu pillədə olsa da, 2012-ci ildə 23-cü yerlə kifayətlənmişdir. İran tərəfinin statistik məlumatına əsasən, hazırda Azərbaycan Respublikası da bu ölkənin ticarət tərəfdaşları sırasında birinci onluğa daxil deyildir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Tehranın tutduğu mövqe İran-Azərbaycan münasibətlərinin aparıcı mövzularından biridir. Məlumdur ki, Azərbaycan ərazilərinin təqribən 20%-nin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş, Ermənistanla həmsərhəd olan dörd  dövlətdən ikisi - Azərbaycan və Türkiyənin bu ölkə ilə sərhədləri 20 ildir ki, bağlanmışdır. Beləliklə, digər ölkələr – İran və Gürcüstanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi Ermənistan üçün həyati əhəmiyyətə malik məsələyə çevrilmişdir. Bunu Tehranda da aydın anlayır və Ermənistanla münasibətlərin yüksək səviyyədə genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər.

Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsinə dair rəsmi bəyanatlara baxmayaraq, İran da ATƏT-in Misk Qrupunun həmsədr dövlətləri kimi təcavüzkarın cəzalandırılması istiqamətində əməli fəaliyyət göstərmir. Əksinə, son illərdə İran və Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə artmışdır. Belə ki, 2011-ci ildə bu dövriyyənin həcmi 335 milyon dollara bərabər olmuş, hazırda isə 500 milyon dollar təşkil etməkdədir. Hər iki dövlətin rəsmiləri həmin göstəriciləri bir milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan etmişlər. İİR prezidenti M.Əhmədinejatın sözlərinə istinadən, Ermənistanın xarici ticarət dövriyyəsinin 20%-i İranın payına düşür. Ermənistan mənbələrinin məlumatına görə, bu ölkədə İranın 500 şirkəti qeydiyyata alınmışdır. Azərbaycanda isə cəmi 200 belə şirkət vardır.

Ermənistanla əlaqələrin genişləndirilməsində İranın  maraqlı olması bir neçə səbəblə izah edilir: İranın Qara dəniz hövzəsinə çıxmaq səylərinin Ermənistan tərəfindən dəstəklənməsi; Fransa, ABŞ və digər ölkələrdəki erməni diasporunun informasiya və şəbəkə resurslarından İİR-in öz maraqları üçün istifadə etmək imkanlarının əldə olunması. Təsədüfi deyildir ki, hər dəfə İrana hərbi zərbələr vurulması məsələsi gündəmə gələndə, erməni diasporları öz ölkələrinin hökumətlərinə bu dövlətin Ermənistan üçün iki xilasedici kəmərlərdən biri olduğunu xatırladırlar. Bu baxımdan, İİR-in xarici işlər naziri Salehinin Ermənistan prezidenti Serj Sarqsyanın ötən ay keçirilmiş aniçmə mərasimində iştirakı bu ölkələr arasında əməkdaşlığın təzahürü kimi dəyərləndirilməlidir.  

Rəsmi Tehranın Azərbaycana qarşı tutduğu mövqeyə yaranmış vəziyyət - son 20 ildə İran ətrafında cərəyan edən hadisələr konteksində yanaşılmalıdır. İraqın ABŞ tərəfindən işğalından sonra İran qonşu ölkələr – Livan, Suriya, Pakistan, İraq, Bəhreyn və təbii ki, Cənubi Qafqazın  iki dövləti ilə sərhədləri boyu fəallığını kəskin şəkildə artırmışdır. Neftin satış qiymətlərinin yüksəldilməsi həmin dövlətlərdə təbliğat fəaliyyətinin maliyyələşdirilməsinə müsbət təsir göstərmişdir. Məsələn, regionda İrana yaxın olan informasiya mənbələri Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması səylərini və ABŞ-nin bu prosesə yardımını geniş şəkildə işıqlandırırdılar. Halbuki, məhz həmin dövrdə ABŞ-nin nüfuzu Azərbaycanda kəskin şəkildə aşağı düşmüşdür.

Azərbaycan Respublikası xarici siyasətində qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulması prioritet istiqamətlərindən biri olduğu üçün İranla da əlaqələrə də xüsusi önəm verirlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, dövlətimizin ərazisi qonşulara qarşı istifadə oluna bilməz. Bu bir sıra səbəblərlə, xüsusilə milyonlarla soydaşımızın yaşadığı bir ölkədə iqtisadi vəziyyətin pisləşməsində Azərbaycanın maraqlı olmaması ilə izah olunur. Azərbaycan  Respublikası dəfələrlə bildirmişdir ki, İrandakı azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar bu ölkənin daxili işlərinə qarışmaq niyyətində deyildir. Eyni zamanda, istisnasız olaraq, başqalarının da Azərbaycanın daxili işlərinə müdaxiləsi yol verilməzdir. İranın bəzi rəsmi dairələri isə guya İrana hərbi zərbələrin endirilməsi zamanı Azərbaycan ərazisindən istifadə olunmasına dair təxribat xarakterli şayiələrə uyaraq, ölkəmizi təhdid mənbəyi kimi dəyərləndirirlər. Lakin bu dəyərləndirmələrin heç bir əsası yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal