73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyevin köməkçisi Əzizbala Mustafayevin Modern.az-a verdiyi məlumata görə, dünən millət vəkili öz ofisində 31 nəfər seçicini qəbul edib.
Rüfət Quliyev bundan əvvəlki qəbulda qaldırılan məsələlərin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib. Sonra qəbula gələnlər öz problemlərini gündəmə gətiriblər. Diqqəti çəkən məsələlər isə işə düzəlməyə, ailə üzvlərinin müalicəsinə, mənzillərin təmirinə və yenilərinin tikilməsinə, ünvanlı sosial yardımların təyin edilməsinə, təhsil haqlarının ödənilməsinə köməklik göstərmək xahişlərilə əlaqədar olub. 12 məsələ yerindəcə həll edilib, 11 məsələnin əsassız olması müəyyənləşdirilib, 15 məsələ nəzarətə götürülüb.
Qəbula gələnlərdən Hürriyət Abdullayeva, Mahmud Məmmədov. Mirteyyub Mirverdiyev, Nizami Mirzəyev göstərilən köməyə görə deputata öz təşəkkürlərini bildiriblər. Sonra deputat Rüfət Quliyev çıxış edərək ölkədə və Lənkəranda aparılan geniş abadlıq-quruculuq işlərindən, prezident İlham Əliyevin Lənkərana və ümumiyyətlə Cənub bölgəsinə verdiyi böyük önəmdən ətraflı bəhs edib. Deputat həmçinin seçicilərin çoxsaylı suallarını cavablandırıb və bildirib ki, onların ortaya qoyduğu hər bir məsələ həmişə olduğu kimi yenə də onun fəaliyyətinin tərkib hissəsi olacaq.