Modern.az

Azərbaycan 104 ölkəyə 25 adda aqrar məhsul ixrac edir

Azərbaycan 104 ölkəyə 25 adda aqrar məhsul ixrac edir

30 Aprel 2013, 11:44

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədi ilə ölkədə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparır.

Modern.az-ın məlumatına görə, bu məqsədlə bu gün Bakıda müxtəlif maraqlı tərəflərin, o cümlədən Hökumət, donorlar, beynəlxalq inkişaf tərəfdaşları, universitet, tədqiqatçılar, özəl sektor və QHT nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, Azərbaycan 2015-ci ildə yekunlaşacaq “Minilliyin inkişaf məqsədləri” planından sonrakı Davamlı İnkişaf Məqsədləri üçün milli dialoqun aparıldığı 100 ölkəyə qoşulub. Müzakirələr milli davamlı inkişafın planlaşdırılması və 2015-ci ildən sonra gələn müddət üçün İnkişaf Məqsədləri üzrə qlobal müəyyənləşdirilməsinə Azərbaycanın mövqeyinin formalaşdırılmasına öz töhfəsini vermək və təsir etməyə kömək edəcəkdir.
Azərbaycan Hökuməti minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmış, Azərbaycanda son beş ildə indiyə qədər görünməmiş iqtisadi artım müşahidə olunmuş, minilliyin ilk məqsədi olan yoxsulluğun yarıya qədər azaldılması sahəsində ölkədə atılmış ciddi addımlar nəticəsində yoxsulluq səviyyəsi 49%-dən 7%-ə qədər azalmış, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilməsi nəticəsində Azərbaycanda bir milyondan artıq yeni iş yeri açılıb ki, bu iş yerlərinin mütləq əksəriyyəti aqrar sektorda yaranıbdır. O, qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir və bu səbəbdən ölkə başçısı bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir.
Nazir müavini ölkədə kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının, xüsusilə də FAO ilə yaradılmış sıx əlaqələri diqqətə çatdırıb, FAO tərəfindən Azərbaycana verilən dəstəyin kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün çox vacib olduğunu vurğulayıb.
O, kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsində, ölkə əhalisinin keyfiyyətli və təhlükəsizlik qida məhsulları ilə təmin edilməsində və regionların inkişaf etdirilməsində həll olunmamış məsələlər, problemlərin olduğunu, bu baxımdan milli səviyyədə kənd təsərrüfatında davamlı istehsalın dəstəklənməsinə investisiya qoyuluşunun, bitki və heyvandarlıq məhsullarının artırılması istiqamətində yeni texnologiyaların tətbiqinə, kənd təsərrüfatı sahəsində elmin inkişaf etdirilməsinə, baş verə biləcək ərzaq böhranlarının aradan qaldırılmasına cavab verəcək mexanizmlərin işlənib hazırlanmasına ehtiyac olduğunu vurğulanıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek deyib ki, aparılan müşavirələr davamlı inkişafın planlaşdırılmasına imkan yaratmaqla yanaşı, 2015-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş qlobal İnkişaf Proqramının müəyyənləşdirilməsi prosesində Azərbaycanın mövqeyinin formalaşmasına yardım edəcəkdir. O, müstəqillik qazandığı 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, əsas sosial-iqtisadi göstəricilərdə əsaslı dönüşlərin olmasına gətirib çıxaran son illərdə ölkədə baş verən sürətli iqtisadi inkişaf, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq yolunda Azərbaycanın əldə etdiyi tərəqqidən danışıb.
Müzakirələrin yekunu olaraq ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı məsələləri üzrə əldə edilmiş nailiyyətlər, qarşıya çıxan maneələr və mövcud problemlərin aradan qaldırılması üzrə bir sıra tövsiyələr irəli sürülmüşdür. Sözügedən tövsiyələr BMT Baş Məclisinin bu ilin sentyabr ayında keçiriləcək 68-ci sessiyasında BMT Baş katibinin təqdim edəcəyi hesabata daxil ediləcəkdir.

Tədbirdə iştirak edən kənd təsərrüfatı nazirinin müavini Bəhmən Əliyev bunu “Ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı”na həs olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatında ümumdaxili məhsul 2,6 dəfə artıb: “Hökumət qeyri neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verir. Kompleks tədbirlər görülür. Regionların sosial iqtisadi inkişafı proqramının nəticəsində 1 milyon iş yeri açılıb. İş yerlərinin əksəriyyəti aqrar sektordadır. Kənd təsərrüfatında ümumdaxili məhsul 2, 6 dəfə artıb. Ötən il ölkədə ümumdaxili məhsulun artım səviyyəsi 6, 6 faiz olub. Son illərdə kənd təsərrüfatı məhsullarının ixrac potensialı artıb. Kəndli sahibkarları dünyanın 104 ölkəsinə 25 adda aqrar istehsal və emal məhsulları ixrac edib. Bunlar meyvə, tərəvəz konservləri və çay məhsullarıdır”.

Gültəkin Ələsgər  

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal