Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışı zamanı müxalifəti tənqid edib. Modern.az xəbər verir ki, deputat öz namizədliyini elan etmiş şəxslərin görüş keçirməsinə münasibət bildirib. Millət vəkili bildirib ki, bu cür görüşlərin keçirilməsinin hüquqi əsası yoxdur.
“Bu düzgün deyil. Mərkəzi Seçki Komissiyasının elan etdiyi gün və qeydiyyatdan sonra həmin şəxslər özlərini namizəd adlandıra bilərlər”.
Siyavuş Novruzov Müsavat Partiyasının rayonlarda keçirdiyi görüşlərə ironiya ilə yanaşıb.
“Müxalifət rayonlara gedərkən özü ilə böyük bir dəstə aparır. Bu isə vəziyyəti gərginləşdirir”.
YAP-çı deputat Müsavat Partiyasının Lənkəran səfərinə işarə edərək deyib: “30 nəfərlə görüşmək üçün rayonlara 400 adam aparmağa ehtiyac yoxdur. Elə həmin 30 nəfəri Bakıya dəvət edərək burda da görüşmək olar”.
Millət vəkili müxtəlif ölkələrdə seçkinin başqa qurumların keçirdiyini vurğulayaraq müxalifətə səslənib: “Fransada seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir. İstəyirsiniz ki, Azərbaycanda da seçkiləri Daxili İşlər Nazirliyi keçirsin?”, – deyə o, ironik sual verib.
Modern.az