Modern.az

Qulu Məhərrəmli jurnalistikaya dair yeni dərsliyini təqdim etdi

Qulu Məhərrəmli jurnalistikaya dair yeni dərsliyini təqdim etdi

Təhsil

1 May 2013, 09:15

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tanınmış telejurnalist, filologiya elmlər doktoru professor Qulu Məhərrəmlinin “Jurnalistikanın əsasları” dərsliyinin yeni nəşrinin təqdimat mərasimi olub. Fakültənin dekanı, professor Şamil Vəliyev medianın ictimai həyata və insanların şüuruna təsirinin artdığı bir vaxtda jurnalistikanın mahiyyətinin dürüst dərk olunmasının xüsusi əhəmiyyətini qeyd edib.
“Bu baxımdan təqdim edilən dərslik jurnalistika ilə bağlı zəngin təməl biliklər verir, onun missiyası, mahiyyəti, vəzifələri və prinsipləri haqqında dolğun təsəvvür yaradır. Müasir jurnalistikamızın parlaq simalarından olan Qulu Məhərrəmlinin qələmindən çıxmış bu dərsliyin tələbələrimiz üçün faydalı vəsait olacağına inanırıq”.

Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli dərsliyin müasir jurnalistika təcrübəsi əsasında yazıldığını və yüksək Qərb standartlarına uyğun olduğunu vurğulayıb. O, dərsliyin ikinci nəşrinin də populyarlıq qazanmasını materiallarn strukturu, mövzuların aktuallığı və anlaşıqlı dillə çatdırması, həmçinin müəllifin zəngin jurnalistika təcrübəsi ilə izah edib.

Daha sonra çıxış edən professor Yalçın Əlizadə, professor Nəsir Əhmədli və dosent Sevinc Əliyeva qeyd ediblər ki, təməl bilgilər olmadan, yəni jurnalistikanın əlifbasını – qayda və prinsiplərini mənimsəmədən bu sahədə ciddi uğur qazanmaq çətindir. Ona görə də professor Q.Məhərrəmli dərslik üzərində işləyərkən, könlünü jurnalist adlanan peşəyə verənləri bu qaydalarla dərindən tanış edib, bir yaradıcılıq sahəsi kimi medianın dolğun mənzərəsini yaradıb.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin layihəsi olan “Jurnalistikanın əsasları” dərsliyi ilk dəfə dörd il əvvəl “Elm və təhsil” nəşriyyatında çap olunub, ötən ilin sonunda isə “Qanun” nəşriyyatında kütləvi tirajla işıq üzü görüb. Müəllif yeni nəşrdə bəzi bölmələri yenidən işləyib, zəruri əlavələr edib, faktik materialların əksəriyyətini təzələyib, dünya jurnalistikasında gedən müasir meyilləri əhatə etməyə çalışıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal