Modern.az

Prezident bütün suallara çox açıq və dəqiq münasibət bildirdi - Deputat

Prezident bütün suallara çox açıq və dəqiq münasibət bildirdi - Deputat

26 Noyabr 2022, 11:03

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti, Qarabağda cərəyan edən hadisələr, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bir sıra digər mühüm məsələlərlə bağlı rəsmi bakının mövqeyini açıq ifadə etdi.


Bunu Modern.az-a açıqlamasına Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O xatırladıb ki, Prezidentin çıxışında vacib məqamlardan biri yenə İranla bağlı olub:

“Prezident bir daha açıq şəkildə İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, İranın Qarabağda Yuxarı Gövhərağa məscidini saxtalaşdırması məsələsinə ətraflı toxundu.

Bu gün İran Azərbaycanı onun daxili işlərinə müdaxilə etməkdə günahlandıra bilməz. Bu gün 40 milyon Azərbaycanlının hüququ İranda pozulur, onlar ana dilində təhsil almaqdan məhrum ediliblər. Ancaq sayları o qədər də çox olmayan ermənilərə ana dilində təhsil üçün geniş imkanlar yaradılıb. Bu gün İranda erməni dilində məktəb və mədəniyyət mərkəzləri sərbəst fəaliyyət göstərir. Azərbaycanlılara qarşı bu ayrı-seçkilik və qərəz qəbuledilməzdir.   

İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi, Ermənistanın bu cinayət əməllərində şərik olması İslamım prinsiplərinə də ziddir. İran bu əməlləri ilə özünü də ifşa etmiş oldu. Təkcə bu əməllərə görə İranın İslamın adından danışmağa haqqı yoxdur”.

Deputat Prezident İlham Əliyevin konfransda Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətinə geniş toxunmasına diqqət çəkib:

“Prezidentin qeyd etdiyi kimi, Fransa Qarabağla bağlı danışıqlarda birmənalı olaraq vasitəçi ola bilməz, çünki artıq öz seçimi ilə bu prosesdə tərəfə çevrilib, ermənidən daha çox erməni olmağa çalışıb.

Makronun Azərbaycanla bağlı həqiqətləri təhrif edən müsahibəsindən, Fransa Senatının Azərbaycanla bağlı qərəzlə qətnaməsindən, Frankafoniya tədbirində biabırçı sənəddən sonra Azərbaycanın mövqeyi belə də olmalı idi”.
 

“Prezident Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri məsələsinə də toxunaraq bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan geniş bəhs etdi.

Sonda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətlə bağlı suallara çox açıq və dəqiq münasibət bildirməsi, çox hazırlıqlı olması konfrans iştirakçıları tərəfindən də böyük rəğbətlə qarşılandı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın uğuru onun açıq, ölçülüb-biçilmiş, bütün məsələlərə dəqiq münasibətinin olmasındadır. Azərbaycanın uğurunu təmin edən amillərdən biri məhz budur”, - deputat əlavə edib.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi