Modern.az saytı "Milli Qəhrəman övladları" layihəsini davam etdirir. Bu dəfə həyatda olan Milli Qəhrəman və onun övladları ilə söhbətləşdik. Beləliklə müsahiblərimiz Milli Qəhrəman Vahid Quliyev və onun oğlanları Murad və Nicatdır.
Quliyev Vahid Həbibulla oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. 1972-ci ildə orta məktəbi bitirib. 1974-cü ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyada keçib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vuraraq təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 ildən sonra Bakıya gələrək "Ozon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində çalışıb. 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirib, bir müddət orada döyüşdükdən sonra onu Qubadlıya göndəriblər. 1994-cü ildə yenidən Ağdam bölgəsinə yollanıb. V. Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər ermənilərin 10-a yaxın tankını sıradan çıxarıb.İlk sualımızı Milli Qəhrəmanın kiçik oğlu Murada ünvanlayırıq.
- Məktəbdə necə oxuyursan? Milli Qəhrəman övladı olmaqla digər uşaqlardan nə ilə seçilirsən?
– Milli Qəhrəman övladı olmaq hər işdə mənim məsuliyyətimi artırır. Digər uşaqlardan yaxşı oxumağımla seçilmək istəyirəm. Atamın adına heç vaxt ləkə gətirmərəm. Hər addımımı dönə-dönə düşünürəm.
– Digər Milli qəhrəmanlardan kimləri tanıyırsan?
–Çingiz Mustafayevi, Mübariz İbrahimovu, Mədət Quliyevi və başqalarını tanıyıram.
– Bəziləri deyirlər ki, dərsliklərdə vətənpərvərlik mövzusuna o qədər də geniş yer verilməyib. Bir şagird kimi dərsliklərlə bağlı nə deyə bilərsən?...
– Düz deyirsiniz, dərsliklərdə vətənpərvərlik haqqında mövzulara daha çox yer verilsə, yaxşı olar. Bu halda bizim də ruhumuzda vətənpərvərlik hissi daha çox olar. Keçmişimizi unutmarıq, yeniyetməlik vaxtlarından hansısa Hollivud aktyorlarına deyil, öz real qəhrəmanlarımıza oxşamağa çalışarıq, onları özümüzə kumir bilərik.
– Sən özün necə, qəhrəmanlıq hissi sənə nə dərəcədə yaxındır? Atan Milli Qəhrəman adı alıb. Sən də nə vaxtsa belə bir şərait yaransa, atanın göstərdiyi şücaəti göstərərsən?
– Vəziyyətdən asılı olmayaraq, müharibə şəraitində olduğumuz üçün istənilən halda yaxşı döyüşçü olmaq istəyirəm... Mən həm öz adımdan, həm də qardaşımın adından bir şeyi demək istəyirəm. Atam bizim üçün bir örnəkdir, həyatımız boyu biz bu ada və şərəfə sadiq olmalıyıq.
– Bayaq dedin ki, öz real qəhrəmanlarımızı örnək götürmək istərdin, sənin qəhrəmanın kimdir?
– Əslində 211 Milli Qəhrəmanımızın hər biri mənə örnəkdir. Amma atam və Mübariz İbrahimov mənə bir başqa cür doğmadır.
***
Söhbətə Milli Qəhrəmanın böyük oğlu Nizat da qoşulur
–Nicat, Milli Qəhrəman övladı anlayışı bəs sənin üçün nə ifadə edir?
– Bu mənim və ailəmin daşıdığı bir şərəfdir. Eyni zamanda bu ad məni xüsusiləşdirmir, mən də özümü heç kimdən seçmirəm. Sadəcə atamın adına layiq olmağa çalışıram.
– Cəmiyyətdə ətrafınızdakı insanların Milli Qəhrəmanlara münasibətini necə müşahidə edirsən?
– Həmişə Milli Qəhrəman adı eşidiləndə, onların hörmətlə anıldığını görmüşəm. Müsbət münasibət hiss etmişəm. İnsanlarda onlara qarşı xüsusi bir sevgi var.
– Atanız sizə keçdiyi döyüş yolundan, xatirələrdən nə danışıb?
– Atam iştirak etdiyi döyüşlər haqqında bir yox, iki yox, dəfələrlə danışıb. Hərdən qardaşımla mən özümüzü az qala o döyüş səhnələrinin iştirakçısı kimi hiss edirik. Hər halda bu barədə o özü daha geniş danışar... nə demək istədiyimi özünüz də anlayarsınız. Mən qısa olaraq deyim ki, atam 1992-ci ilin avqust ayında könüllü olaraq hərbi xidmətə gedib. Cəbhənin Ağdam, Qubadlı, Zəngilan bölgələrində iştirak edib. Həmin müddətdə ermənilərin 10-a yaxın zirehli texnikasını məhv edib. Buna görə də oktyabrın 9-da prezident Heydər Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Bir oğul kimi atamla fəxr edirəm. O, sözün əsl mənasında bizim idealımızdır.
– Nicat, sənin fikrincə, qəhrəmanlıq nə deməkdir?
– Qəhrəmanlıq deyəndə yenə də atam gəlir gözlərimin önünə... Onun cəsarətinə, böyük ürəyinə heyran oluram. Qəhrəmanlığın sinonimi mənim üçün atamdır. Bunu izah etməyə söz tapa bilmirəm.
Uşaqlarla söhbəti yekunlaşdırıb üz tuturuq Vahid müəllimin özünə.
– Bəlkə, bizim üçün də o günlərə qısa bir ekskursiya edəsiniz... Savaş illərini bir daha bizimlə birgə xatırlayasınız...
–1992-ci ildə Yasamal rayonu Hərbi Komissarlığına müraciət edib, könüllü olaraq hərbi hissəyə getdim. Avqust ayında Qobuda tank əleyhinə idarə kompleksində təlimdə oldum. Sentyabrın 8-i Ağdamda Uzundərədə hərbi hissədə oldum. Sentyabrın 25-də Xanabad istiqamətində düşmənin 1 tankını vurdum. O vaxt mən tank əleyhinə raket kompleksinin komandiri idim. Ancaq biz döyüşçü kimi döyüş tankına oturub döyüşürdük. Çünki o vaxt hərbi mütəxəssislər yox idi. Zabitlər belə, ehtiyatdan çağırmışdılar. Qısa bir müddətdə texnikanı idarə etməyi öyrənib döyüşlərə girmişdilər. Əsgərlərin bu maşınlar haqqında anlayışı yox idi. Hər maşının 2 zabiti var idi. Mən əvvəl zavodda işlədiyim üçün orda olan maşınların təmirinə də kömək edirdim. Ağdamda 1 ay olduqdan sonra məni geri çağırdılar. Ermənilər cəbhənin digər bölgəsində Qubadlının müəyyən hisslərini işğal etmişdilər.
Məni təcili ora döyüşə göndərdilər. Müdafiə nazirinin artilleriya üzrə müavini Hacı Rəhim Məmmədov məni özü qarşıladı. Mənə atəş mövqeyi təyin olunması barədə tapşırıq verdi. Bir müddət Həkəri çayının yaxınlığında Qaralar kəndində düşmən istiqamətində atəş mövqeyinə təyin olundum. Bir neçə gün keçdikdən sora isə xahiş etdim ki, məni döyüşün qızğın olan yerlərinə göndərsinlər. Ermənistan sərhədinə Yazıdüzü deyilən ərazidə Qurbantəpə deyilən bir təpə var idi. Ermənilərlə son atəş nöqtəsi idi. Həmin ərazidə döyüşə başladım. Sonra öyrəndim ki, bizdən 2 kilometr irəlidə də hərbi topçularımız dayanıb. Xahiş etdim ki, mən bir az da irəliyə gedim. Sonra irəli topçuların mövqeyinə köçürüldüm. Zabitlərlə görüşdüm. Müvafiq mövqe seçildi. 1993-cü ilin avqust ayının sonunadək həmin mövqedə oldum.
Avqustun 26-sı ermənilər olduğumuz yeri atəşə tutublar. 28-də isə qəflətən arxadan hücuma keçdilər. Yazıdüzü deyilən dağda Həkəri dərəsindən sağ cəbhəni yarıb 3 tank, 2 "BMP", 1 batalyon canlı qüvvə ilə bizim mövqeyimizə hücum etdilər. Bizim olduğumuz yerdə cəmi 34-35 heyət var idi. Arxa ilə rabitə əlaqəmiz də kəsilmişdi. Qərargahdan çox aralıydıq.
– O zaman nə fikirləşirdiniz?
– Keçmiş SSRİ-də müharibə ilə bağlı filmlər çox nümayiş olunurdu. Sovet insanı olaraq mən də gəncliyimdə müharibə filmlərinə çox baxırdım. Gördüyüm qəhrəmanlar adətən ölərdilər. Döyüş mövqeyini tərk edənlər xalq düşməni kimi güllələnirdilər ya da məhkum olunurdular. Bu düşüncəyə yiyələndiyimiz üçün bizdə geri çəkilmə ola bilməzdi. Ona görə son ana qədər döyüşürdük.
Bizim toplar tank əleyhinə olduğu üçün müəyyən bucaq altında atəş açırdılar. Lazımi məsafə mütləq idi. Ona görə düşmənə qarşı topla cavab verə bilmədik. Əldə 2 qumbaraatan və avtomat var idi. 34-35 nəfər 1 batalyona qarşı mübarizə aparırdıq. Nəticədə 2 əsgərimiz şəhid oldu. Zabitlərdən bir neçəsi ağır yaralandı.
Növbəti döyüş başlayanda ermənilərlə aramızdakı məsafə çox azalmışdı. Döyüş başlayanda ermənilərin 1 tankını vurdum. Daha sonra ikinci tankı arxa tərəfdən motorundan vurdum. Bizim uşaqlar igidliklə vuruşurdular. Ermənilər düşündülər ki, bizim güclü qüvvəmiz çoxdur. Döyüş başlayanda axşam idi. Bir neçə saat sonra onların tanklarının səsi uzaqlaşdı. Səhərə yaxın bizə kömək gəldi. Öyrəndim ki, bir hissəsi Beyləqan yol polisi əməkdaşları, bir hissəsi isə “oblava”ya düşən adamlardı. Yeni gələn dəstəyə tapşırıqlarımızı verib növbəti hücuma hazır vəziyyətə gətirdik. Günortadan sonra növbəti hücuma keçdik. Gecəni səhərədək döyüşdük. Hava aydınlananda gördük ki, qarşı ərəfdə heç kim yoxdur. Ermənilər topları atıb qaçmışdılar. O döyüşdə həm canlı, həm də texniki qüvvə cəhətdən üstün olsalar da, ermənilər qaçmağı özlərinə qənimət bilmişdiblər...
Yeni mövqeyi bərpa etdik. Avqustun 29-u, 30-u və 31-i günortaya qədər gözlədik. Amma arxadan kömə gəlmədi. Arxa cəbhə ilə əlaqə yarada bildik. Bizə dedilər ki, “elə bilirdik orda heç kim qalmayıb”. Mənə də tapşırıq verildi ki, oradakı hərbçilərlə geri qayıdım. Dəstəmizə vəziyyətin nə yerdə olduğunu izah etdim. 15 nəfər qalmışdıq. Topları götürüb bir az daha hündür yerə qoyduq. İkisini erməni kəndləri istiqamətinə, iksini də erməninin hücum elədiyi arxa istiqamətə tuşladıq. Ermənilər hər zaman günortadan sonra hücuma keçirdilər. Çünki bizim mövqeyimiz Şərq tərəfdə olduğundan gün onlara mane olurdu. Günorta biz tərəf yaxşı işıqlanırıdı və onlar bizi yaxşı görürdülər. Döyüşün belə bir taktikası var ki, günortadan sonra hücum edəndə alınan mövqelərə gecə saatlarında qaranlıqdan istifadə edib əlavə qüvvələr yerləşdirmək mümkündür. Bu nöqteyi-nəzərdən onlar üçün günortadan sonrakı hücum daha əlverişli idi.
Belə çətin döyüşlərimiz çox olub və həmin döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnikanı sıradan çıxarmağa müvəffəq olmuşam...
- Siz həyatqa qalan az sayda Milli qəhrəmanlardan birisiniz. Amma deyəsən çox təvazökarsınız, kölgədə qalmağı üstün tutursunuz. Hətta övladlarınızın təhsil aldığı məktəbin müəllimləri və mühafizəçiləri belə, bu söhbətədək sizi tanımırmış.
–Şöhrətpərəst deyiləm. İstəmirəm ki, kimdənsə seçilim. Kimsə mənə başqa cür baxsın. Adətən, hərbi hissədə xidmət edəndə də, müəllim işləyəndə də çalışmışam ki, kiminsə diqqət mərkəzində olmayım. Hətta geyimimdə də buna fikir verirəm. Mənim təbiətim belədir. Yaxınlarım, tanışlarım, kəndçilərimiz məni tanıyır, fəxr edirlər...
– Son zamanlar əsgər ölümləri ilə bağlı cəmiyyətdə ciddi narahatlıq yaşanır. Keçmiş döyüşçü və Milli Qəhrəman kimi bu haqda nə deyə bilərsiniz?
– Müharibə olan yerdə, orduda ölüm qaçılmazdır. Kiməsə güllə dəyər ki, hadisəni qəsdən də törədə bilərlər, xəstələnənlər də olur. Xüsusən döyüş zonasında belə hadisələr mümkündür. Baxmayaraq ki, atəşkəs rejimində yaşayırıq, amma düşmən daim atəşkəsi pozur. Arxalı köpək qurd basar deyiblər. Onlar kimlərəsə güvənərək atəş mövqeyində qarışıqlıq salıb, ordumuzun gücünü şübhə altına almaq istəyirlər. Cəmiyyətimizdə təşviş yaradırlar. Kimlərsə də bu məsələlərdə maraqlıdır ki, belə hallar mətbuatda işıqlandırılsın. Kənardan baxanda o qüvvələrin niyyəti aydın sezilir. Onlar bu addımla Azərbaycan ordusunda nizam-intizam pozğunluğu olduğunu yaymaq istəyərək, ordunu gözdən salmaq istəyirlər. Vətəndaşların ordumuza olan etimadını sarsıtmaq istəyirlər. Və beləliklə ordumuz haqda mənfi rəylər formalaşır. Əsgər ölümü müharibə vəziyyətində olan bir ölkə üçün mümkün haldır. İnanmıram ki, bu hadisələr orduda destruktiv vəziyyətin, zəif nizam-intizamın və ya nəzarətsizliyin nəticəsidir.
–Bildiyimiz qədər orduda zabit hazırlığında sizin də az əməyiniz olmayıb.
– 1996-cı ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbdə baş müəllim işlədim. 2002-ci ildə ordudan tərxis olundub. 2002-ci ildən təqaüdə çıxmışam. Sonra Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində 2007-ci ilə qədər dərs demişəm. Biz hərbi xidmətə çağırılanda az sayda peşəkar zabit vardı. İndi Azərbaycan ordusu yüksək səviyyədə hazırlıqlı zabitlər yetişdirir. Hərbi məktəblər hərbi ləvazimatlarla tam təmin olunub. Hərbi sirlərə yiyələnən gənclərimiz peşəkar döyüş yolu keçmiş zabitlərin-müəllimlərin rəhbərliyi altında ali təhsil alırlar. Hazırda Azərbaycan ordusunda istənilən qədər zabit heyəti və peşəkar zabitlərin təkmilləşmə kursları var. Nəticə göz qabağındadır.
– Orduya psixoloqların cəlb olunması məsələsinə münasibətiniz necədir?
- Əgər bunun müsbət təsiri və nəticəsi olacaqsa, bunu nəyi pisdir ki... Telekanllarda vətənpərvərliklə bağlı verilişlərə az yer verilir. Bu acınacaqlı haldır. Nə vaxt açırsan ancaq müğənnilərin ad günü və şou xarakterli verilişlərdir.... Müğənnilərin öz ailəsi haqda dediyi nalayiq sözlər təkrarən verilir. Bununla gənc ailələrin mənəviyyatını pozmaq nə dərəcədə doğrudur. Mən çox istərdim ki, vətənpərvərlik mövzusunda olan verilişlər daha çox göstərilsin, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün təbliğat artırılsın. Bu ruhda olan gənclərimizin psixoloji vəziyyəti də yerində olar... Sağlam psixoloji təməl olmalıdır ki, sonradan onun üstünə nəsə gəlsin.
– Bu yaxınlarda Goranboyda olan Milli qəhrəmanların problemlərini işıqlandırmışdıq. Onlar icra strukturlarındanın biganəliyindən narazılıq etmişdilər. Hansısa problemlə bağlı icra strukturlarına müraciət edərkən Milli Qəhrəman kimi sizə necə münasibət göstərirlər?
– İcra strukturları və müəyyən təşkilatlar da daxil olmaqla olanların da içərisində vətənpərvəri də, nadanı da var. Elə məmur olur ki, öz doğması kimi qarşılayır, çay gətirir, hal-əhval tutur. O saat problemi həll etməyə çalışır. Eləsi də var ki... özünü elə aparır ki, getdiyinə peşman olursan. Belə insanlar olub və bundan sonra da olacaq.
Pərvin ARZUQIZI
Elçin AĞAYEV
P.S. Müsahibə almazdan öncə bilmirdik ki, Vahid müəllimi uşaqlarının təhsil aldığı məktəbdə tanımırlar. Milli Qəhrəman bizə dedi ki, gedib direktordan uşaqlar üçün icazə alaq ki, oğlanları ilə söhbətləşməyimizə imkan yaransın. Məktəbin qapısında dayanan mühafizəçiyə gəlişimizin məqsədini bildirdik. Jurnalist olduğumuzu bilən kimi qapını bağlayıb “jurnalistlərə giriş qəti qadağandır!” dedi. İzah etdik ki, Milli Qəhrəman Vahid Quliyevlə birgə onun övladları ilə söhbət edəcəyik. Bu zaman məlum oldu ki, övladlarının oxuduğu təhsil ocağında Vahid Quliyevi tanımırlar. O da məlum oldu ki, mühafizəçilər hətta bir neçə dəfə məktəbin yanında maşın saxladığına görə Milli Qəhrəmanla kobud rəftar ediblər. Mühafizəçi özü bunu etiraf etdi.
Bizim gəlişimizlə təhsil müəssisəsində Vahid Quliyevin kim olduğunu öyrəndilər...