İsveçrənin Sürix şəhərində 2009-cu ilin oktyabrında ABŞ, Rusiya, Fransa və İsveçrə rəsmilərinin iştiraklı ilə Türkiyə ilə Ermənistan arasında imzalanan protokol yenidən gündəmə gəlib. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan sənəd hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmayıb. Protokolla bağlı Azərbaycan, Türkiyə hətta Ermənistanın özündə də birmənalı mövqe yoxdur. Ermənistan parlamentinin spikeri Ovik Abramyan sərhədlərin açılacağı təqdirdə ölkəsinin iqtisadiyyatına müsbət mənada təsir edəcəyini vurğulayıb. Lakin “Daşnaksütyun” partiyası bunu Ermənistan dövlətçiliyinə zidd hesab edir. Sürix protokollarının yenidən müzakirə obyekti olması hansı gizli mətləblərdən xəbər verir? Ermənistan siyasi manevrlər etməklə nəyə nail olmaq istəyir? Modern.az-ın bu və digər suallarını politoloq Qabil Hüseynli şərh edib.
“Türkiyə ilə Ermənistan gizli danışıqlar aparır”
Siyasi ekspert hesab edir ki, Sürix protokolları gec-tez gündəliyə yenidən gəlməli idi. Türkiyə və Ermənistan arasındakı müzakirələrə də toxunan politoloq gizli məqamlarla bağlı mesajlar da verib.
“Türkiyə ilə Ermənistan arasında protokolla barədə gizli danışıqlar getməsi haqqında məlumatlar da var. Türkiyə tərəfi bu məsələləri leqal şəkildə aparır. Yəni ictimaiyyətə açıqlamadan bir qrup adamın iştirakı ilə həyata keçirir. Ermənistanda isə yanaşma fərqlidir. Düşmən ölkədə Sürix protokolu ilə bağlı müzakirələri qəsdən ictimaiyyət açıqlayırlar. Bununla Ermənistan Azərbaycanı qıcıqlandırmaq və ölkəmizlə Türkiyə arasında bəlli bir ziddiyyət yaratmağı planlaşdırır”-deyə o, vurğulayıb.
İşin iindən yenə ABŞ çıxdı
Məsələnin yenidən gündəmə gəlməsi səbəblərinə aydınlıq gətirən politoloq ABŞ amilini də xüsusi vurğulayıb.
“ABŞ dövlət katibi Con Kerri də məsələdə əsas rol oynayır. Son vaxtlar onun Türkiyəyə səfərləri də buna bariz nümunədir. Səfərlərində Ermənistan sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması məsələsini Türkiyə rəsmilərinin diqqətinə çatdırıb. Con Kerri hesab edir ki, Ermənistanın Qərbə inteqrasiyası onun Rusiyadan uzaqlaşmasına və bununla da Qarabağ münaqişəsinin həllində müəyyən yumşalma prosesi yarada bilər. Amma bu düzgün yanaşma deyil. Çünki Ermənistanda hakimiyyəti Kremldən təyin edirlər və bu ölkədə Rusiyanın ən azı iki hərbi bazası var. Həmin hərbi bazaların şəxsi heyəti və silah-sursatları günbəgün artırılır. Üstəlik Rusiya Ermənistana pulsuz müasir silahlar verir. Bundan başqa Ermənistanın sərhədlərini də ruslar qoruyur. Belə olan təqdirdə də Sürix protokolların qüvvəyə minməsi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilməz. Ermənistanın Qərbə doğru meylləndirilməsi planı baş tutmayacaq. Ermənistan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlarda da destruktiv mövqe tutur”.
PKK və Ermənistan
Türkiyədə PKK ilə bağlı loyal siyasi xəttin tutulmasından danışan politoloq bildirib ki, Ermənistan bundan yararlanmaq istəyir.
“Türkiyədə “kürd açılımı” və PKK probleminin həllinə yeni yanaşma metodu Sürix protokollarının yenidən gündəmə gəlməsini stimullaşdırır. Türkiyədə baş verən müəyyən radikal dəyişikliklər erməniləri də ruhlandırır. Onlar hesab edir ki, bu prosesdən Türkiyədən nələrisə qoparmaq olar. Azərbaycan tərəfi isə sərhədlərin açılmasını təqdir etmir və belə də davam edəcək. Türkiyə də bizə söz verib ki, Qarabağ probleminin müsbət həlli başa çatmayana qədər Ermənistanla sərhədləri açmayacaq və diplomatik əlaqələr yaratmayacaq. Bizim də Türkiyənin verdiyi vədə inamımız qalır. Sürix protokollarının yenidən müzakirə obyekti olması isə Ermənistanın provakasiyasıdır”-deyə Q.Hüseynli bildirib.
Aqşin Kərimov