Modern.az

İki saytın baş redaktoru dalaşdı - VİDEO

İki saytın baş redaktoru dalaşdı - VİDEO

3 May 2013, 09:27


"Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevlə "Qafqazinfo"nun baş redaktoru Elbrus Ərud arasında qalmaqal yaşanıb. Modern.az "Anspress"ə istinadən bildiri ki, ANS TV-nin "Açıq söhbət" verilişinin növbəti teledebatında Milli Məclisdə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə gözlənilən dəyişiklik müzakirə edilib. "Cəza jurnalistdə nəyi dəyişir?" sualı üzərində qurulan mövzuda həbsdə yatmış jurnalistlə, qalmaqallı jurnalistin debatı qızğın mübahisə şəraitində keçib.
Maraqlıdır ki, hər iki şəxs mətbuat nümayəndəsi olmasına baxmayaraq, böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklərin tətbiqinə münasibət fərqli olub. Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev qadağanın tətbiqini labüd hesab etsə də, qalmaqallı yazılarla məşhurlaşan “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud bununla qətiyyən razılaşmaq istəməyib.

Teledebatın aparıcısı Qənirə Ataşovanın Elbrus Əruda ünvanladığı "Sizin yaxın bir adamınız internetdə təhqir olunarsa, nə edərdiz?" sualını qarşı tərəf özünə məxsus tərzdə cavablandırıb. Eynulla Fətullayev onun bu cavabına qəhqəhə ilə gülüb. "Azərbaycanda 1 sözə görə 12 il türmədə yatan oğullar var", -deyən E.Fətullayev E.Ərudla qətiyyən razılaşmadığını bildirib. Bununla da vəziyyət daha da gərginləşib.

Bir sözlə, fərqli fikir sahiblərinin, daha doğrusu fərqli həyat fəlsəfəsinə malik insanların sözləri bir-birinin boğazından keçməyib. E.Ərud müzakirə əsnasında dəfələrlə E.Fətullayevin həbsdə yatmasını xatırladıb. Çəkiliş prosesində vəziyyət o həddə çatıb ki, Eynulla Fətullayev Elbrus Əruda həbsxana arzulayıb.

Sabah saat 23:00-da efirə gedəcək "Açıq söhbət" verilişinə Eynulla Fətullayevin kimi duelə çağırdığını biləcəksiz.
Qeyd edək ki, Milli Məclis Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklər etməyə hazırlaşır. Böhtan və təhqirə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri aprelin 30-da Milli Məclisin saytında və mediada açıqlanıb. Təklif edilən dəyişikliklərə görə internetdə böhtan və təhqirə görə, pul cəriməsi və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cərimənin maksimal həcmi 1000 manat, azadlıqdan məhrum etmənin müddəti isə 3 il ola bilər.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...