Modern.az

Azərbaycanda mətbuat azadlığı: varmı, yoxmu?

Azərbaycanda mətbuat azadlığı: varmı, yoxmu?

3 May 2013, 13:07

“Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki,
insanlar bu güzgüyə baxaraq bütün hadisələri olduğu kimi görür”- Pol Stenli

Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən, insanların mədəni istirahətini təmin edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir.

Ultra-azadıq, yoxsa qırmızı cizgilər?

Bu məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

1.      Media və söz azadlığına çərçivə qoyulduqda bəzi məmurlar və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

2.      İfrat-azadlıq şəraitində də tam fərqli problemlər yaşanır. Bu zaman bəzi jurnalistlər bundan sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana  bilir.

Belə antipod arqumentlər cəmiyyətdə və hökumət dəhlizlərində müzakirəyə çıxarılan diffamasiya məsələsini gündəmə gətirir. Beynəlxalq təşkilatların da bu məsələdə hökumətə təzyiqləri var. Amma hökumət rəsmiləri bunun qarşısına tutarlı əks-arqumentlər çıxara bilirlər. Çünki, ölkəmizdə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma  hallarına kifayət qədər rast gəlinir.

Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda “media azadlığı necə tənzimlənməlidir”,  ya da “söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı” sualları ortaya çıxır.

Bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil. Lakin nümunə göstərilən ölkələrin hamısında media qanunvericiliyi, jurnalistika ənənələri, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır.

Bundan başqa, hər cəmiyyətin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli ictimai-siyasi formasiyalarda inkişaf edib. 

Bu gün örnək göstərilən ölkələrdə də media tam azad deyil. Qərb mediası bütün dünyaya obyektivlik dərsi keçsə də, özləri öz dövlətlərinin və nəhəng transmilli şirkətlərinin maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı da bacarırlar.

Mətbuat azadlığı ilə necə tənzimlənməlidir?

Bu gün mediamızın inkişafına bəzi faktorlar maneə törədir. Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının zəifliyi, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu kimi faktorlar önəmli rolu oynayır.

Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır.

Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir.

Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.

Mətbuatın tam nəzarətsiz, cəzasızlıq şəraitində fəaliyyət göstərməsi kimi ultra-azadlıq mühitində hər hansı bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:

1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.

2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.

3. Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.

Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar “simsiz teleqrafla” xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.

Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin hər məsələdə “qızıl orta” deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir.

Azərbaycanda bu 3-cü yolun seçildiyi aydın görünür. Dünya təcrübəsi ilə milli ənənələrin müsbət cəhətləri sintez edilərək hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizminin yaradılmasına çalışılır.

Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?

Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.

Bəzən deyirlər ki, ölkədə mətbuat azadlığı yoxdur. Necə yəni yoxdur? Kim istəsə icazəsiz qəzet-jurnal, portal açır, istədiyini orda yazır və sosial şəbəkələr vasitəsilə böyük oxucu kütləsinə çatdıra bilir.

Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid və təhqir etmək mümkün olmazdı, 5 min KİV, on minlərlə internet resursu yarana bilməzdi. Belə olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mətbuatını izləyəndə hər gün yüzlərlə qanun pozuntusuna rast gəlmək olur.

İnkişaf etmiş dövlətlərdə məmurlara bir məsələ aşılanır- aldığınız maaşın yarısı tənqid və təhqirlər dözməyiniz müqabilində verilir. Bizdə də məmurların jurnalistləri məhkəməyə vermə hallarına çox az rast gəlinir, halbuki, onların çoxu maaşlarının yarısını buna görə aldıqlarından xəbərsizdirlər.

Əslində, ictimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir. Lakin bu demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.

Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Bəziləri hansısa cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, “məni jurnalist olduğuma görə həbs ediblər”.

Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan “jurnalist”lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə “jurnalist”lərə qarşı mübarizəni ilk növbədə elə həmkarları- biz özümüz aparmalıyıq.

Bəs vətəndaş və ya məmur? Onlar niyə belə quldur “jurnalist”ə rüşvət verməyə məcbur olmalıdır? Çünki məmur rüşvət verməsə, belə mətbuat quldurları gedib qəzetdə böhtan yazacaq və o şəxsin ictimai reputasiyasına zərbə vuracaq. İndi 9 milyonluq ölkəni qapı-qapı düşüb hər vətəndaşa əlli iki min şahid, sübut, fakt və dəlil göstərəsi deyilsən ki, elə deyil, belədir.

Təbii ki, qərəz, böhtanla yanaşı, bəzi məmurların cinayət və qanunpozma halları da olmamış deyil. Belə hallar haqda fakt əldə edən “jurnalist”lər (bəzi hallarda qəzetlər) müəyyən məbləğ müqabilində susmağı təklif edirlər. Bu faktların ictimailəşməməsi naminə tərəflər arasında bazarlıq baş tutur.

Vətəndaşlar isə, bəzən öz problemlərini həll etdirmək üçün bəzi “jurnalist”lərə rüşvət verir və problemi ictimailəşdirirlər. Bu kimi hallar bəzi sahələrdə məmur-vətəndaş münasibətlərinin arzuolunan səviyyədə olmaması, dövlətin bəzi icra strukturlarında şəffaflıqla bağlı şübhələrin varlığı üzündən yaşanır.

"4-cü hakimiyyət”in 1-ci funksiyası

Ölkədə müxtəlif sahələrdə böyük inkişaf tendensiyası ilə yanaşı, problemlərin də varlığı heç kimə sirr deyil. Bu problemlər ən ali dövlət kürsülərindən, prezident səviyyəsində belə etiraf olunur. Lakin, dövlət və iqtidaryönlü  qəzetlərə baxdıqda hansısa problemin, nöqsanın ortaya qoyulduğunu nadir hallarda görmək olur.

İndi minlərlə azad media vasitəsi, nəzarət olunması mümkün olmayan internet resursları, sosial şəbəkələr var, insanlar onsuz da baş verənlərdən xəbər tutur. Dövlət və iqtidaryönlü mətbuat problemləri göstərməyəndə sadəcə onlara inam azalır.

Əslində, rəsmi və iqtidaryönlü mətbuat nöqsanları, problemləri açıq göstərsə, həm bu problemlər həll olunar, həm də vətəndaşlarda dövlətə, dövlət mətbuatına inam güclənər. Ölkədə nöqsanlara və qanun pozuntularına qarşı güclü mübarizənin aparılması mətbuatın “4-cü hakimiyyət” srutusunu təsdiq etmək üçün ideal imkandır, çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə çata bilməz.

Dünən Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə Bakıda keçirilən tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu məsələyə də toxundu. O dedi ki,  Azərbaycanda media siyasi qurumlar ətrafında birləşib və bu arzuolunmazdır: “İqtidaryönlü mətbuat çalışır ki, yalnız iqtidarın yaxşı tərəfini göstərsin. Müxalifət isə ancaq iqtidarı qaralamaqla cəmiyyətdə gözdən salmağa çalışır. Müstəqil media isə azda olsa var və o, inkişaf edir”.

Bəli, hörmətli Əli müəllimin dediyi kimi, Azərbaycanda məhz müstəqil mediaya ehtiyac var və məhz buna görə siyasləşmiş, korporativ maraqlara xidmət edən media getdikcə sıradan çıxır. Prezident İlham Əliyev başda olmaqla dövlət medianın inkişafı, jurnalistlərin sosial proqblemlərinin həll olunması üçün hər şeyi edir. Yəni, dövlət bunun naminə hətta öz vəzifəsi, borcu olmayan işləri belə yerinə yetirir.

Jurnalist olaraq bizim əsas vəzifəmiz isə, cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməkdir. Cəmiyyətdə medianın, jurnalistlərin nüfuzünü qorumaq istəyiriksə, öz missiyamızı vicdanla yerinə yetirməliyik. Etməyənləri, edə bilməyənləri hörmətlin Əli müəllimin dediyi kimi. jurnalist kimi qəbul etməməli, onlara qarşı ilk növbədə özümüz mübarizə aparmalıyıq.

Jurnalistləri nahaq yerə “cəmiyyətin gözətçi köpəyi” adlandırmırlar. Bu vəzifə şərəflidir və cəmiyyətin inkişafına böyük təsir göstərir. Azərbaycanda bütün jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın öz funksiyasını düzgün yerinə yetirməsi ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.

Medianın 3 əsas vəzifəsinin olduğu məlumdur- məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Fikrimizcə, medianın qəbul olunmuş bu 3 standart vəzifəsinin fövqündə dayanan vəzifəsi sadə vətəndaşların səsini cəmiyyətə və dövlətə, dövlətin qanun və qaydalarını cəmiyyətə çatdırmaq- bir sözlə dövlətlə cəmiyyət arasında körpü rolunu oynamaqdan ibarətdir.

Jurnalistikanın əsas kriteriyaları isə, obyektiv, tərəfsiz və peşəkarcasına çalışmaqla şərtlənir. Bu ana vəzifələri yerinə yetirmək olduqca çətin, hətta təhlükəli məsələdir. Dünyada ən təhlükəli peşələrin ilk üçlüyündə “qələmlə döyüşənlərin” də yer alması belə deməyə əsas verir. Məhz bu üzdən jurnalistika fədakar insanlar tələb edir.

Media heç zaman olmayan hadisəni göstərən “sehirli güzgü” ola bilməz və olmamalıdır. Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var- “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar ora baxaraq bütün hadisələri olduğu kimi görür”. Azərbaycana məhz belə media lazımdır.

P.S. Ümumdünya Söz və Mətbuat Azadlığı Günü münasibətilə
bütün həmkarlarımı təbrik edirəm. Bayramınız mübarək!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi