Günlərin bir günü geyinib-kecinib
“Redaksiyadan reportaj” layihəsini hazırlamaq üçün yola çıxdıq. Az getdik, çox getdik, dərə-təpə düz getdik, axırda düz üçmərtəbəli qırmızı bir binanın qarşısında avtobusdan düşdük. Və yəqin etdik ki, düz gəlmişik. Bəli, böyük, üçmərtəbəli qırmızı rəngdə olan bina MUZ TV adlı internet televiziyasının binası idi.
Elə içəri keçmək istəyirdik ki, mühafizəçi saxladı ki, kimik və niyə gəlmişik. Məsələni izah edəndən sonra bizi içəri ötürdülər. Görünür televiziyada qonağın gəlişinə çoxdan hazır idilər. Bələdçilər adımızı eşidən kimi düz ikinci mərtəbəyə “News room”a qalxmalı olduğumuzu dedilər.
Baş prodüser Emin Hüseynovla görüşüb “Redaksiyadan reportaj” layihəsinin məramından, günün yarısına qədər onlarla birgə olacağımızdan danışdım. Gəlişimizə əvvəlcədən hazırlıqlı olan rəhbərlik “xoş gəlmisiniz, qonağımızsınız, buyurun, haranı istəyirsiniz gəzin, kimi istəyirsəniz danışdırın”, deyə bizi redaksiya heyətinə təqdim etdi.
Beləliklə, hələ yaradıcı heyəti təxminən 35 nəfərdən ibarət (sürücülər, texniki personal burada nəzərdə tutulmur) olan redaksiyanın canına düşdük. Bələdçiliyi isə mənə MUZ TV-də bədii rəhbər olan Sədi Məmmədov etdi.

Görünür Sədi müəllim iki daşın arasında həm ziyarət, həm də ticarət etmək istəyirdi. Yəni o məna ilə ki, həm bizə otaqları gəzdirsin, mətbuatdan gəlmiş qonaqları razı salsın, həm də ki, tez işinin başına dönsün.
Buna görə də bədii rəhbər ilə sürətlə hər otağı səyahət etməyə başladıq. Elə MUZ TV heyətinin əyləşdiyi və ikinci mərtəbədə yerləşən “News room”-dan başlayaq. Bu geniş otağın ağ-şəffaf divarları arasında həm xəbərlər, həm də ki yaradıcılıq departamentin əməkdaşları işləyirlər. Necə deyərlər, əsl televiziya mühiti var idi. Kimi xəbər hazırlayırdı, kimi çəkilişə tələsirdi, kimi də internet televiziyanın efirində canlı gedən verilişi izləyirdi. Yəni bütün televiziya kanallarında olduğu kimi, burada da baş qaşımağa vaxt tapılmır.
Sədi müəllim isə deyir ki, yaradıcı kollektivin hamısının əyləşdiyi bu otaqda şəffaf şəraitdə işləyirlər:
“Hamı bir-birini görür, bir-birini eşidir. Lazım gələndə qışqırırıq, lazım gələndə işləyirik”. Həə, amma məncə qışqırmaq lazım deyil, Sədi müəllim! Səyahətimizə davam edək. Yol üstü qarşımıza çıxan Xəbərlər Departamentinin rəhbəri Çinarə xanıma bədii rəhbər bizi təqdim edir:
“Çinarə xanım onlar
Modern.az saytından gəliblər bizim haqqımızda böyük bir reportaj hazırlayacaqlar. Gün ərzində bizimlə olacaqlar. Çalışın ki, suallarını cavablandırın”.
Beləcə, təqdimatımız bitir, yenə surətlə gedirik, Sədi müəllim sanki tələsir....
Düşürük birinci mərtəbəyə. Yol üstü bələdçimiz vizə liftə getməyi təklif edir. Böyük məmnuniyyətlə təzə və işıqlı liftə minərdim, amma nəzərə alsaq ki, jurnalistin sürəti lifti də ötür imtina etmək lazımdır.
Aha bu da birinci mərtəbə. Studiyada “Xoş gördük” verilişinin canlı yayımı gedir. Qulaqlarımıza aparıcı Ayselin səsi gəlir. Pult arxasında əyləşən rejissor və yaradıcı heyət, layihə müəllifi və bəstəkar Rauf Məmmədov həm verilişi izləyib nəzarət edirlər, həm də arada bir rəqs etməyi də unutmurlar. Necə deyərlər “Xoş gördük” proqramının heyətinin də əhvalı elə xoş görünür.


Studiyaya saat 1-ə kimi daxil ola bilmərik. Çünki efirdə canlı veriliş yayımlanır. Neyləyək, gözləyərik deyib, aşağı “0” mərtəbədə yerləşən qrim otağına daxil oluruq. Usta Tima xanım öz işindədir. Sədi müəllim demiş, Tima xanım bütün qızları gözəlləşdirir.
Əsl adı Bəxtimə olan usta xanım bu dəfə “Rus Hitləri” proqramının çəkilişinə hazırlaşan Mianı makiyaj edir. Mane olmadan sakitcə otaqdan çıxırıq. Yol üstü Sədi Məmmədov “bizim texnikalarımızın saxlandığı baza sizi maraqlandırırmı?” – deyə soruşur. “Bizi hər yer maraqlandırır, ay Sədi müəllim”.
“Onda dönək soldakı otağa. Bura bizim bazamızdır. Səyyar çəkiliş kameralarımız, texnikamız burada yerləşir. Ümumilikdə 15 kameradan istifadə edilir. Burada hər şey öz yerindədir, çəkiliş kamerası ayrı, studiya kamerası da ayrıdır. Çəkilişlər gedən kameralar “Sony eksus 3”-dür. İki səyyar kameramız, “PTS” maşını, yuxarıda gördüyünüz canlı yayım kameraları var. Buraya Kamil baxır. Burada çox etibarlı adam olmalıdır. Çünki texnika televiziyanın ürəyidir. Bu da bizim ürəyimizə nəzarət edən oğlandır”.
“Nə deyirəm, siz “ürəyiniz”ə, ürəyinizdə sizə nəzarət etsin”.
“Onda buyurun”. Növbəti daxil olduğumuz otaq səsyazma otağıdır. Bura bütün standart səsyazma otaqları kimidir. Xüsusi bir fərqlənmə yoxdur. Daxil oluruq yanaşı yerləşən montaj otaqlarına, hazırda montaj otaqlarından birində “Söz verdik” verilişi üzərində iş gedir. Verilişin montajçısı, prodüseri, aparıcısı bir yerə yığılıb çalışırlar. Digər montaj otaqlarında isə efirə xəbərlər hazırlanır.
Sədi Məmmədov: “Xəbərlərin buraxılışı maqazin xəbərlər toplusundan ibarətdir. Amma çox təəssüf ki, Azərbaycan tamaşaçısında belə bir təsəvvür var ki, yayımlanan maqazin toplusunda yalnız Röyanı, Aygünü, Zülfüyyəni görə bilərlər. Amma bizim xəbərlər toplusunda həm Üzeyir Hacıbəyov, həm də Lütfiyar İmanov haqqında nə isə eşitmək olar. O cümlədən də xarici xəbərlər olur. Biz hər gün 15 dəqiqəlik xüsusi xəbərlər proqramı hazırlayırıq ki, canlı efirə gedir. Gün ərzində saat 11.00, 14.00, bir də 17.00-da xəbərlər proqramı efirdə olur”.
Növbəti, ikinci studiyanın sol tərəfində yerləşən arxiv bazasına da baş çəkmək yerinə düşər deyə, otağa daxil oluruq. Burada efir materialları disklərdə, yaddaş kartlarında qorunub saxlanılır. Adi kliplərin sıralanmasından tutmuş verilişlərin sıralanmasına qədər bütün hər şeyə arxivarius Arzu xanım nəzarət edir .
İndi isə keçək xromakey studiyaya. Bələdçimizlə aparıcı Mia studiyaya gələnədək əlüstü söhbət fürsətini də əldən vermirik.
Sədi Məmmədov: “Bu studiyada arxa fonu istədiyimiz formaya sala bilirik. Burada “Akustik time”, Aşıq Əlinin aparıcılığı ilə həftənin birinci günləri yayımlanan “Sarı sim” verilişi çəkilir. Biz hər həftə Aşıqlar Birliyinin və Aşıq Əlinin köməkliyi ilə dastan çəkirik. Haradasa 16 dastan əhvalat çəkilib ki, onları da yayımlamışıq”.
Anoloqlu yayıma necə keçmək fikriniz varmı?
“Hazırlıqlar var, çox təəssüf ki, Azərbaycan televiziya tamaşaçısının internet televiziya baxmaq kimi vərdişləri azdır. Amma son dövrlər biz öz tamaşaçı sayımızdan narazı deyilik. Bizə də baxış sayı heç də digər televiziyalardan az deyil. Hazırlaşırıq, arzumuz var ki, daha böyük yayımda həm peyk yayımda, həm kabel yayımda, analoq yayımda olaq. Bizim materialların çoxu GP keyiyyətdə yayımlanır. Kameralarımız da GD kameralarıdır. Bizə bir çox yerlər reklam verməyə də maraqlıdırlar. Bizim əməkdaşlarımız xüsusi tərəfdaşlarımız olan dükanlardan geyinirlər. Və bu tərəfdaşlar və reklamçılar bizim bir çox layihələrimizi dəstəkləyirlər. Sadəcə yenə də deyirəm, biz özümüz internet televiziya vərdişi qazanmamışıq deyə, qəbul edə bilmirik. Eyni zamanda bizdə kabel televiziyasına çıxmaq üçün qanun imkan vermir. Mütləq lisenziya almalısan. Halbuki, baxış sayımız da az deyil, 3 milyondan çoxdur. Kiçik kollektivik və çox iş görmək üçün böyük zəhmət tələb olunur”.
Elə söhbətin bu dəmində bədii rəhbərin gözəl insan adlandırdığı həmyerlim olan rejissor İlkin studiyaya daxil olur. Bədii rəhbər onun payını elə yanımızdaca verir. “Rejissordur, gözümüzün işığıdır, biz onu çox istəyirik. İlkin yeri gəlmişkən, sən işə gecikirsən, qoy deyim mətbuat da bilsin, kim işə nə vaxt gəlir, belə olmaz axı..”.
Danlama, Sədi müəllim, yəqin o da tıxacın qurbanıdır. Axı o da sumqayıtlıdır. Nə isə söhbətə davam edirik.
“İnternet televiziyanın bir üstünlüyü var ki, orada dil məhdudiyyəti yoxdur. Əməkdaşlarımızın çoxunu biz tanınmamaq prinsipi ilə seçmişik. Ümumiyyətlə, tanış simalardan az istifadə edirik. İndiyə qədər istifadə olunmayan intellektdən istifadə etmək qərarındayıq. Çünki indiki gəncliyin potensialı böyükdür. Çalışırıq ki, dünyadakı MUZ TV formatını mənimsəməyək”.
Bədii rəhbərin studiyadan çıxmasından istifadə edib operatorla elə təzə söhbət etməyə başlamışdım ki, hansı müxbirdən razıdır, kimdən narazıdır, bələdçim yenidən studiyaya qayıtdı və yarızarafatla dedi:
“Bizim operatorlar az danışandırlar və utancaqdırlar. Eyni zamanda danışsalar, aləmi qatacaqlar bir-birinə”.
Yox yaxşı qurtardıq aləm bir birinə dəymədi, amma Sədi müəllimin aparıcı Mianın çəkilişə gec gəlməsinə səbri çatmır: “Adətən, belə məqamlarda hirslənsəm də, bu gün siz gəlmisiniz deyə, sizin yanında hirslənməyəcəm. Birlikdə gedib Mianı gətirək”. Beləliklə Mia xanım efirinin çəkilişini etdi, biz isə onun özünü çəkdik.
3-cü mərtəbədə isə studiyaların yerləşdiyini və hal-hazırda orada heç bir çəkilişin getmədiyini nəzər alıb oraya çıxmağa lüzum görmədik və yenidən ikinci mərtəbəyə qalxdıq.
Bələdçiliyi bədii rəhbər davam etdirməyi yaradıcılıq departamentinin redaktoru Leyla xanıma tapşırdı. Onu da möhkəmcə vurğuladı ki, baxın ha, mətbuat adamlarıdır. Leyla xanımla televiziyanın qızlarının bir neçəsinin əyləşdiyi mətbəxə daxil oluruq. Qızlar özlərindən , keçirdikləri ad günlərindən, mehriban kollektiv olmalarından xüsusi həvəslə danışdılar. Redaktor Leyla xanım burada əyləşən qızları belə vəsf etdi: “Bunların hərəsi bir komediyadır. Hamısının yaxşı da yumor hissləri var. Elə bil ki, bilərəkdən seçilib düşmüşlərdi. Hazırcavabdırlar. Lazım olanda hamını yerində otuzdururlar. Bax elə şeyləri də var. Hamısında bu ortaq cəhət var. Hamısı doğma və əzizdirlər”.
İstəməyənin gözü çıxsın.
Və əsas məsələ - işə gecikənlərin necə cəzalandırılması ilə maraqlanıram. “Xəbərlər Departamentində iş saat 9-da, Yaradıcılıq Departamentində isə 10-da başlayır. 3 dəfə gecikənin maaşından 5% tutulur. 3 dəfə xəbərdarlıq olunur. Xəbərlər Departamentindən yalnız Sərvərdə bir dəfə belə bir şey olub”.
Və əsas məsələni - nə qədər məvacib almaları soruşuram. Konkret cavab gəlir redaktor xanımdan: “Deyirlər, qadının yaşını soruşmazlar, bir də cibinə baxmazlar”.
Xəbərlər Departamentində müxbirlərin hamısı ilə söhbət etsək də, ən çox diqqətimi iki nəfər çəkdi. Olay yaradan və müğənni Röyanın sevmədiyi Sevda və sevdiyi Sərvər. Görünür, Sevda xanım da Röyanın qəzəbinə tuş gələn müxbirlərdəndir, deyilənə görə adi həyatda qalmaqallı olmasa da, işində çalışır ki, kimisə kiməsə vursun, olay yaratsın. Bunu mən demirəm, Leyla xanım deyir .
Televiziyanın ofisində hamıya lazım olan adamlardan birdə Günel Bayramovadır. Redaktorun dili il desək, heç bir departamentə daxil deyil. Burada menecer, prodüser kimi çalışır. Aparıcıların geyindirilməsində, geyimlərin gətirilməsində, seçimində demək olar ki, əsas yük bu xanımın üzərinə düşür.
Söhbət əsnasında onu da öyrəndik ki, Xəbərlər Departamentinin müxbirlərinin hamısının adı “S” ilə başlayır. Sədi müəllim də reportajım zamanı zarafatından geri qalmayıb məsləhət görür ki, departamentin rəhbəri Çinarə xanım da adını dəyişib “Sinarə” qoysun. Beləcə “News room” da son zarafatımızı da edib, otaqdan çıxırıq. Çünki üçmərtəbəli yeni təmirli, gözəl görünüşlü, əla şəraitli MUZ TV binasında yuxarı-asağı var-gəl edib hamı ilə söhbət etdik, istifadə olunan texnikalarla maraqlandıq, bir-birlərini tərifləyən kollektivlə tanış olduq.
Ən sonda isə can boğazdan gəlir deyə, binadan aralı ayrıca kiçik bir binada yerləşən yeməkxanaya da baş çəkdik. Təmiz, xoş iyi gələn mətbəxdə dayanmış aşpaz Şəhla xanım yəqin ki, gəlişimizdən xəbər tutub əvvəlcədən bəzənib-düzənib bizi gözləyirdi. Deyir ki, redaksiyanın heyətindəki müxbirlər onun övladları kimidir. Kimin qabından yemək yarımçıq qayıdarsa, vay onun halına. Hamının da kaprizini, zövqünü nəzərə alıb, ona görə yemək çəkir. Sağ olsunlar bizə də təklif etdilər ki, qalıb qonaqları olaq. Amma iştahamızın olmadığını deyib, imtina etdik, bir stəkan çayla kifayətləndik. Sonda isə elə televiziyanın maşınlarından birində çəkilişə gedən müxbir operator, menecer ilə yola salındıq...









P.S. Məndən soruşsalar nə zaman ürəyin istədiyin reportajı, müsahibəni etmək olar ki, istədiklərini qarşı tərəfdən necə var öyrənəsən, deyərəm, yalnız qarşı tərəfin reportajın bitdiyini sandığı an. Yalnız o zaman yorulmuş və sənə öyrəşmiş müsahib səni elə özlərindən biri biləcək.
P.P. S. MUZ TV internet televiziyasını qarşıdan gələn ad günü münasibəti ilə təbrik edirik!
Şahanə Rəhimli
Elçin Ağayev