Modern.az

Baş redaktorlar Mətbuat Azadlığı günündə medianın durumunu dəyərləndirdilər: “Çoxlu problemlər var...”

Baş redaktorlar Mətbuat Azadlığı günündə medianın durumunu dəyərləndirdilər: “Çoxlu problemlər var...”

Media

3 May 2013, 14:56


Bu gün bütün dünya Mətbuat Azadlığı gününü qeyd edir. Müxtəlif vaxtlarda dünyanın müxtəlif təşkilatları tərəfindən ölkələrdə mətbuat azadlığının göstəriciləri ilə bağlı hesabatlar dərc olunur və bu hesabatlarda Azərbaycanla bağlı nəticələr o dərəcədə də ürək açan olmur. Bəs Ümumdünya Mətbuat Azadlığı günü Azərbaycanda mətbuatın durumu necədir?

Modern.az bir neçə baş redaktordan məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu öncə bütün media mənsubları və məsləkdaşlarını Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə təbrik edib. O hesab edir ki, bu gün Azərbaycan mətbu icması sözün həqiqi mənasında özünün təntənə dövrünü yaşayır.

“Bu gün Azərbaycan mətbuatına ciddi dövlət qayğısı var, onun maddi problemləri dövlət tərəfindən həll olunur. Jurnalistlərin media mənsublarının peşə nüfuzunun yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirilir və ən əsası da odur ki, media mənsublarının özlərini sözün həqiqi mənasında azad hiss etmələri üçün ciddi mükəmməl hüququ baza formalaşıb. Azərbaycanda söz və mətbuat azadlığının, məlumat əldə etmə azadlığının konstitusion əsasları yaradılıb. Hər bir ölkənin mətbuatı onun lokomotividir, onu irəli daşıyan cəmiyyətin intellektual keyfiyyətlərini formalaşdıran başlıca institusional vasitələrdən biridir”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı
Azərbaycan mediasının bugünkü durumu yaxşı və ürəkaçan olmadığını deyib.

“Bu təkcə Azərbaycana aid deyil, amma Azərbaycanda xüsusən ürəkaçan vəziyyət deyil. Çünki Azərbaycanda qəzet açmağın çox asan olmasına baxmayaraq, çoxlu problemlər mövcuddur. Sərbəst düşünmək, sərbəst fikir yürütmək, sərbəst yazı yazmaq kimi problemlərimiz var. Yazırsan yazanda sonra ona qeyri-adekvat münasibət olur.
Dövlət məmurlarının işgüzar mühiti olmadığı halda onların işgüzar nüfuzlarına zərər dəyib deyə qəzetlər cərimələnər və s. Ən əsası da odur ki, iqtisadi müstəqillik məfhumu demək olar ki, biz də son həddinə çatmaqdadır. İnkişaf etmiş dünya bir yana qalsın, MDB dövlətləri, Asiya dövlətləri, Latın Amerikası, Afrika ölkələrində söz azadlığı, media deyə adına normal bir şey yoxdur. Yəni vəziyyət qoca Avropada və ABŞ-da babatdır. Amma hətta demokratiyanın olduğu bir çox ölkələrdə belə geriləmələr olur. Çünki son zamanlar jurnalist peşəsi və əməyinin qiyməti mənən düşüb. Bu həm cəmiyyətin inkişafının, həm də özümüzün problemləridir”.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu
: “Bizim azadlığımız və azadlığımızın vəziyyəti ilə bağlı baxış keçirmək imkanımız var. Və Azərbaycanda öz-özümüzə, durumumuza baxış keçirəndə elə məlum olur ki, Azərbaycan mediasının vəziyyəti o dərəcədə də ürəkaçan deyil. Problemlərimiz var. Təəssüf edirəm ki, zaman keçdikdə, Azərbaycanın pulu, sərvəti çoxaldıqca Azərbaycan mediasının vəziyyətində ciddi sürətdə dəyişiklik baş vermir. Azərbaycan mediası siyasi cəhətdən asılı və yoxsul vəziyyətdədir, siyasi cəhətdən müəyyən problemlər yaşayır, sıxışdırılır. Media azadlıqları, ümumiyyətlə, ifadə azadlığı problemidir. Belə bir vəziyyətdə mediada qalıb, o işi davam etdirməyin özü böyük fədakarlıqdır, əslində qəhrəmanlıqdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
hesab edir ki, Azərbaycanda mətbuat, söz azadlığı bərqarar olub və bunun bütün elementləri hiss olunur.
“Azərbaycanda müstəqil qəzetlər çıxır. Siyasi yönümdən, ideoloji baxımdan asılı olmayan müxtəlif məzmunlu qəzetlərimiz nəşr olunur. Son illər Azərbaycan mediasına yeni media anlayışı gəldi, hər gün bir sayt təsis olunur. Sayt vasitəsilə müxtəlif informasiyalar yayılır. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün mühit var. Amma bunlarla yanaşı bizim mediamız, xüsusilə çap mediası ilə bağlı problemlər mövcuddur. Ümumiyyətlə istər çap, istər elektron, istərsə də yeni medianın bu gün yeganə problemi reklamdır. Reklam bazarının formalaşmaması işimizə mənfi təsir edir, jurnalistlərin yaxşı yaşamaq imkanlarını məhdudlaşdırır və onların peşəkarlaşmasına mane olur və peşəkarlıq arxa plana keçir. Artıq yeni media çap mediası ilə ciddi rəqabət aparır və çap mediası yaşama imkanlarını qoruyub saxlamağa çalışır.

Bu gün dövlətin mətbuata müəyyən mənada dəstəkləri var. Bu dəstəklər qəbul olunmalıdır. İnformasiya məkanının müstəqilliyi artırılmalıdır. Müstəqilliyi artırılan anda müstəqil media informasiyanın çatdırılmasını təmin edə bilər. Reklam mühiti formalaşmalı, maliyyə problemləri aradan qaldırılmalı və peşəkarlıq mühiti olmalıdır”.

Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı günü 3 may 1993-cü ildən qeyd olunur. Bu gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi