Modern.az

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - I HİSSƏ

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - I HİSSƏ

3 May 2013, 16:31

Və ya 10 gün Bosniya və Herseqovinada “ağıllı və yaraşıqlı” rolunda


“Müharibə sözlə izah edilməyəcək qədər ağrılı bir şeydi. İnsanlar müharibədə insanlıqdan çıxırlar. Müharibə bitəndən sonra isə dəhşətli bir boşluq yaranır. Təkcə ölkə daxilində deyil, insanların içində də. Mən nə edəcəyimi, silahı yerə qoyandan sonra nə işlə məşğul olacağımı, ümumiyyətlə həyatımı necə davam edəcəyimi bilmirdim. Müharibədə gördüyüm dəhşətlər rahat buraxmırdı məni. İçməyə başlamışdım. İçki bütün bunlardan tək qaçış yolum idi. Ta ki, həyat yoldaşımla yollarımız kəsişənə qədər. O məni xilas etdi. Evləndik, oğlumuz oldu. Mən yenidən normal həyata qayıtdım... Amma məndən fərqli olaraq bəxti gətirməyənlər də az deyil...”

Onun adı Lubomirdi. Qədim slavyan dilindən tərcümədə sülhsevər mənasını verir. Amma özü “sülh yaratma” işlərilə məşğul olana qədər uzun, ən əsası isə qanlı-qadalı həyat yolu keçib.

Bir vaxtlar SSRİ əhli üçün ən yaxşı kostyumların məmləkəti kimi tanınan Yuqoslaviyada doğulub Lubomir. Təhsil alıb, müəllim olub. İllər sonra isə Dünyada böyük sosialist sisteminin süqutu ilə müşayət olunan ən qanlı milli münaqişənin ortasında qalıb. Milliyətcə (dininə görə desək, daha dogru olar bəlkə də) serbdi.  

“Mən bu müharibəyə görə serblər adına xəcalət çəkirəm... Amma digər tərəflər – boşnaklar, xorvatlar əllərinə silah almayıblarmı?! Odu ki, bir-birimizi qınayıb, günahlandırmaq əvəzinə, bu ağrıları geridə qoyub, birgə gələcək qurmağın daha doğru olduğunu düşünürəm”, - o deyir.

***

Əslində ötən əsrin 90-larında Yuqoslaviyanın dağılmasına səbəb olan milli münaqişənin əsası daha qədimlərdən qoyulmuşdu. Məsələ burasındadı ki, hazırkı Bosniya və Herseqovina ərazisində VI-VII əsrlərdən etibarən dini etiqadına görə pravoslav-xristianlar olan slavyanlar məskunlaşıblar. 1463-cü ildən Bosniya, 1482-ci ildənsə Herseqovina əraziləri Osmanlı İmperiyasının istilasına uğrayıb. Bu zaman əhalinin sürətlə islamlaşdırılması həyata keçirilib.

1875-1877-ci illərdə bütün Bosniya və Herseqovina ərazisini osmanlılara qarşı üsyanlar bürüyüb. Çernoqoriya və Serbiyadan da üsyançılara dəstək gəlib. Nəticədə Çernoqoriya və Serbiya Osmanlı İmperiyasından qopub müstəqil olsalar da, Bosniya və Herseqovina de-yuri Osmanlı İmperiyasında qalır, de-fakto isə Avstro-Macarıstanın nəzarətinə keçib. Və əraziyə üçüncü dini cərəyan – katoliklik gəlib. Bununla da eyni millət dini inancına görə üçə bölünüb.

1918-ci ildən serblərin, xorvatların və slovenlərin ayrı-ayrı şahlıqlarına bölünən bu ərazilər 1929-cu ildə birləşərək Yuqoslaviya adlanmağa başladı. 1941-ci ildə faşist Almaniyası tərəfindən işğal olundu, 1945-ci ildə İosip Broz Titonun rəhbərlik etdiyi Yuqoslaviya Xalq Azadliq Ordusu tərəfindən azad edildi və yenidən Yuqoslaviyanın tərkibinə qatıldı.

Əslində ilk milli münaqişə artıq bu illərdə - II Dünya Müharibəsi zamanı yaşanmışdı. Bosniyalı müsəlmanlar faşist Almaniyasını dəstəkləyən “Xəncər” 13-cü SS diviziyasını formalaşdırmışdılar. Və onlar kommunist Titonun ətrafında birləşmiş serblər və xorvatlara qarşı amansızlıqla vuruşurdular. Yəni II Dünya Müharibəsi bu ərtazilərdə vətəndaş müharibəsi kimi yaşanmışdı. 

1992-ci ildə Yuqoslaviya dağılarkən Bosniya və Herseqovina da öz müstəqilliyini elan etdi  və BMT-yə qəbul olundu. Amma elə həmin il uzun zamandan sonra Respublikada milli münaqişə yenidən alovlandı və 1992-ci il aprelin 6-da Bosniya müharibəsi başlandı. Bu müharibəyə yer üzünün gördüyü ən qarışıq münaqişə desək, yeri var. Sadəcə münaqişə tərəflərini sayanda artıq məsələnin nə dərəcə dolaşıq olduğunu anlamaq olur. Serblər və ya Serb Resbublikasının Ordusu, muxtariyyət tərəfdarı olan müsəlmanlar və ya Qərbi Bosniyanın Xalq Müdafiəsi, bosniyalılar və ya Bosniya və Herseqovina Respublikasının Ordusu, xorvatlar və ya Xorvatiya Müdafiə Şurası – bunlar münaqişə tərəfləridi. Münaqişənin ilkin mərhələsində bunlardan başqa Yuqoslaviya Xalq Ordusu da münaqişə tərəfi idi. Sonuna doğru isə müharibəyə Xorvatiya Ordusu və nəhayət, NATO silahlı qüvvələri də müdaxilə  etdilər.

Müharibə alovunun içində qalan xalqlara gəlincə isə onlar sadəcə bir xalqdı, hamısı slavyanlardı, dilləri də eynidi. Sadəcə sitayiş etdikləri dinə görə bir-birindən fərqlənirlar. Serblər pravoslav xristianlar, xorvatlar katolik xristianlar, boşnaklar müsəlmanlardı. Əslində sonuncularin milli mənsubluğu Yuqoslaviya dövründə elə müsəlman kimi qeyd olunurdu. Yəni onlar həm milliyyətcə, həm də dinlərinə görə müsəlman sayılırdılar. Yalnız müharibə bitəndən sonra Bosniya və Herseqovinalı müsəlmanları boşnaklar adlandırmağa başladılar.

ABŞ-ın müdaxiləsilə müharibə 1995-ci il noyabrın 21-də Ohayo Ştatındakı Deyton şəhərində münaqişə tərəfləri arasında imzalanan sazişlə başa çatdı. Deyton sazişi bu günə qədər ölkədə ali qanun hesab olunur. Yeni situasiyaya adaptasiya olunmuş yeni qanunların, o cümlədən yeni Konstitusiyanın hazırlanıb qəbul edilməsi uzun zamandan bəri gündəmdə qalsa da buna müvəffəq olmaq mümkün olmayıb. Amma bu haqda bir qədər sonra...

Xatirladaq ki, 3 il yarım sürən Bosniya müharibəsində təqribən 100-110 min insan həlak olub, 2,2 milyon insan öz vətənindən qaçqın düşüb. Bu olaylar II Dünya Müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən qanlı müharibə sayılır.

***

“Özümü toparlamağa başladığım zaman bura Avropadan, Qərbdən çox sayda insanlar gəlirdi. Münaqişənin həlli yollarını axtarıb tapmaq, indən belə ölkədə münaqişəsiz həyatı bərpa etmək üçün. Həmin bu “ağıllı və yaraşıqlı” insanlar bizimlə, yerli əhali ilə görüşürdülər. Mən də onlara tərcüməçilik eləməyə başlamışdım. Və bir gün fikirləşdim ki, “ağıllı və yaraşıqlı” olmaq maraqlıdı və mən də onlar kimi ola bilərəm. Beləcə sülhyaradıcı beynəlxalq təşkilatlardan birində işləməyə başladım və görəvlə Qırğızıstana getdim...”

Bu ilin mart ayında International Alert təşkilatı Azərbaycan və Ermənistandan olan bir qrup jurnalistə də Lubomirin dediyi kimi “ağıllı və yaraşıqlı” olmaq imkanı verdi. Qarabağ müharibəsindən çıxmış və hələ də münaqişənin həllini tapa bilməyən iki xalqın nümayəndələri olaraq 10 gün müddətində Bosniya və Herseqovinada olub öyrəniləndən öyrənənə çevrildik...

***

Səfərin sonuna doğru gəldiyim ilk nəticə bu oldu – 10 gün evdən kənarda qalmaq üçün yetərincə uzun sürə olsa da, bu qarmaqarışıq münaqişəni, ölkədə hazırda mövcud olan daha betər dolaşıq idarəçilik sistemini anlamaq üçün çox qısa müddətdi.

Hazırda mövcud olan sistemi qısaca özətləməyə çalışım. Siyasi quruluşuna görə konfederasiya olan Bosniya və Herseqovina 1 respublika (Serb Respublikası) və 1 federasiyadan (Bosniya və Herseqovina federasiyası) ibarətdi. Bosniya və Herseqovina Federasiyası isə özlüyündə 10 kantona bölünür. Bunlardan da başqa nə respublikaya, nə də federasiyaya aid olmayan Brçko vilayəti mövcuddu. Mərkəzləşdirilmiş idarə sistemi olmadığı üçün ölkədə faktiki olaraq 3 prezident var – Serb Respublikasının, Bosniyanın və Herseqovinanın. Onlar ümumi Prezidiumda birləşirlər. Nazirlərin sayı 150 (nəinki respublika və federasiyanın, hətta hər bir kontonun da öz nazirlər kabineti mövcuddu), deputatların sayı isə 300-dü. Bütün bu xaosun müəyyən qədər nəzarətdə saxlanması, Deyton sazişinə əməl olunması və sülhün pozulmaması üçün 1995-ci ildən bəri Ali Nümayəndə vəzifəsi təsis edilib. Ali Nümayəndə eyni zamanda AB-nin xüsusi nümayəndəsi sayılır . İndiyə qədər Bosniya və Herseqovinada 6 Ali Nümayəndə dəyişib. Sayca  7-ci olan avctriyalı Valentin İnçko 2009-cu ildən bəri bu vəzifəni tutur.


***

Valentin İnçko da bir çoxları kimi hesab edir ki, Deyton sazişi artıq köhnəlib və qanunvericiliyə dəyişiklik eləmək vaxtı çoxdan çatıb, amma...

“Deyton sazişi bağlanandan bəri Bosniya və Herseqovinada milli zəmində qan tökülməyib. Bu çox gözəl nəticədi. Amma ölkəni inkişaf etdirmək, münaqişəni mütləq, bir daha geriyə dönülməyəcək şəkildə həll etmək üçün dəyişikliklər vacibdi. Amma yenə də 3 xalqın müəyyən məqamlarda toqquşamn maraqları bu dəyişiklikləri həyata keçirməyə imkan vermir”, - İnçko deyir.

Onun sözlərinə görə, 2008-ci ildə Ali Nümayəndə vəzifəsi ləğv olunmalı və büynəlxalq qüvvələr ərazidən çəkilməliydi. Amma yerli idraetmə sistemi hələ də təkmilləşmədiyi və güvən vermədiyi üçün Ali Nümayəndə mandatının qeyri-müəyyən zamana qədər uzadılmasına qərar verilib.

“İnanın ki, müharibədən sonrakı bir ölkəni, xüsusən də belə dolaşıq idarəçilik sistemi olan bir ölkəni nəzarətdə saxlamaq çox çətindi. Həm də AB-nin prinsiplərinə görə, barışıq yolu kənardan diqtə edilməməlidi, xalqlar özləri öz aralarında bu yolu tapmalıdılar. Buna görə də Ali Nümayəndə olaraq mən bir növ arbitr funksiyasını daşıyıram, məsələlərə qətiyyən kobud müdaxilə etmirəm”.

***

Artıq qeyd olunduğu kimi serblər, xorvatlar və boşnaklar eyni millətdilər. Amma öz kimliklərini vurğulamaq üçün süni fərqlər tapıb, bu fərqləri qabartmağa çalığırlar. Bunu müxtəlifliyin fetişləşdirilməsi də adlandırmaq olar. Məsələn, fərqli əlifbalardan istifadə edib, sözləri müxtəlif cür tələffüz etməklə dillərinin müxtəlif olduğunu vurğulamağa çalışırlar. Serblər və Xorvatlar kiril əlifbasından istifadə etsələr də əifbalarındakı hərf sayı müxtəlifdi. Boşnaklar isə ümumiyyətlə latın qrafikasından istifadə edirlər. Danışdıqları slavyan dilindəki “fərq” isə şivə müxtəlifliyindən başqa bir şey deyil.

Amma iradə olduğu zaman bu “müxtəlifliklər” içində də uzlaşma yolları tapmaq mümkün olur.  Bosniya münaqişəsinin çözülməsi üçün tapılmış yollar da yetərincə maraqlıdı. Məsələn, avtomobillərin nömrə nişanlarında yalnız həm latın, həm kiril əlifbalarında ortaq hərflərdən istifadə eləyiblər. Eyni nominantlı pul əskinasları isə 3 cür buraxılıb, hər xalqın öz görgəmli şəxslərinin şəkilləri ilə.

“Biz mümkün qədər iti bucaqlardan yan keçməyə çalışırıq. Geridə qoyulan 17 il ərzində ölkədə sülhün bərqərar olması üçün xeyli iş görülüb. Amma yekun nəticə hələ də uzaq görünür...” – bunları da İnçko deyir.

(Ardı var...)


Samirə Əhmədbəyli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI