Modern.az

Deputat və baş redaktor: “Sərhədsiz reportyorlar” İlham Əliyev haqda nə cür “qənim” deyə bilər?”

Deputat və baş redaktor: “Sərhədsiz reportyorlar” İlham Əliyev haqda nə cür “qənim” deyə bilər?”

3 May 2013, 17:15

Bu təşkilat Azərbaycanla İranı səhv salıb

Beynəlxalq Mətbuat Azadlığı günündə “Sərhədsiz reportyorlar” təşkilatı “mətbuatın qənimi” adlandırdığı şəxslərin siyahısını açıqlayıb. Siyahıya 39 dövlət başçısı, siyasətçi, din xadimi və hərbçinin adı daxildir. Təşkilat bildirir ki, bu şəxslərin jurnalistlərin qətlə yetirilməsi, oğurlanması, təqib edilməsi, işgəncələrə məruz qalması kimi əməllərlə bağlılığı mövcuddur. 39 “qənimin” arasında 2012-ci ildə olduğu kimi, Azərbaycandan iki nümayəndə var: dövlət başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov.

Modern.az məsələ ilə bağlı Mətbuat Şurası və millət vəkilindən münasibət öyrənib.

Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, bu cür beynəlxalq təşkilatların Azərbaycana münasibətində davamlı olaraq ikili standartlarla yanaşma və qeyri-obyektivlik müşahidə edilir.

“Qarabağ məsələsində müharibədən başlamış bir çox məsələlərdə ölkəmizə onların münasibətləri həmişə birtərəflidir, hər şey düzgün qiymətləndirilmir. Bu cür sorğulara şübhə ilə yanaşıram, onların həqiqətə əks etdirməsi inandırıcı görünmür. İkinci tərəfdən, İlham Əliyevin adının ora salınmasını qətiyyən doğru hesab etmirəm. Əlbəttə jurnalistlərin sıxışdırılmasına, jurnalistlərin həbsinin əleyhinəyəm və Azərbaycanda da bu cür hallar var. Biz bunu dəfələrlə Milli Məclisdə də deyirik, o jurnalistləri də müdafiə edirik. “Azad mətbuatın qənimi” sözü ağır sözdür, bu İran kimi dövlətdə deyilə bilər ki, bir dənə demokratik, dövlətin siyasətini tənqid edən mətbuatı yoxdur. Amma Azərbaycanda bu qədər müxalifət qəzeti, mətbuatı var, istənilən sözü yazıb istənilən qədər tənqid edirlər, istənilən qədər söyürlər. Dövlət başçısından tutmuş istənilən dövlət məmuruna qədər hər şey deyilir. Belə olduğu halda nə cür “qənim” deyilə bilər? Şəxsən mən bunu qəbul etmirəm. Ölkədə mətbuata münasibəti tənqid etmək olar və lazımdır, amma bu şəkildə birmənalı “Azərbaycan Prezidenti mətbuatın qənimidir” fikrini qəbul etmirəm”.

Mətbuat Şurasının üzvi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər.

“Hansısa maraqlarının təmina olunması xətrinə qeyri-obyektiv münasibətin şahidi olmuşuq. Bu məsələdə də o cür münasibət aydın görünür. İlham Əliyev son vaxtlar Azərbaycan mətbuatının inkişafı üçün bir sıra lazımi addımlar atıb, o cümlədən KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması və Fondun yaradılması hesab edirəm ki, mətbuatın çətin iqtisadi durumunu yaxşılaşdırmaq üçün atılan addımlardandır. Eyni zamanda Mətbuat Şurasının açılışında da çıxışında onun azad müstəqil mətbuatı, həqiqəti dəstəklədiyi hiss olunur. Amma şübhəsiz ki, orada bəzi maraqları olan, ölkənin daxili və xaricində olan müxtəlif qüvvələrin maraqlarına xidmət edən mətbuat orqanlarına qarşı da öz mənfi münasibətini bildirmişdi. Təəssüf ki, bir sıra beynəlxalq qurumların münasibətində bu cür qeyri-obyektivlik hiss olunur”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...