İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin Gəncədə səfərdədir. Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, səfir icra başçısı Elmar Vəliyevlə görüşüb, ikitərəfli əlaqələrin qurulması istiqamətində işgüzar söhbət aparıblar.
İran diplomatının Gəncəyə səfərindən məmnun olduğunu bildirən Elmar Vəliyev şəhərin ictimai-siyasi və iqtisadi vəziyyəti, eləcə də ölkə başçısının rəhbərliyi ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqla bağlı görülən işləri qonağın diqqətinə çatdırıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncəyə səfərindən razı qaldığını bildirib və deyib ki, onun bu arzusunun gerçəkləşməsindən olduqca məmnundur. Səfir qeyd edib ki, o, bu qədim şəhərə səfəri zamanı dahi Nizami Gəncəvinin məqbərəsini, İmamzadə ziyarətgahını, Şah Abbas məscidini ziyarət edib, burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.
Görüşdə Gəncə ilə İran İslam Respublikasının hər hansı bir vilayəti arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işgüzar danışıqlar aparılıb və bu sahədə bir sıra təkliflər irəli sürülüb.
Qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunduqdan sonra səfir və onu müşayiət edən rəsmi şəxslər şəhərdə fəaliyyət göstərən müəssisələrlə tanış olublar.