Bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə nüfuzlu ziyalılar, QHT, KİV nümayəndələri və sənətçilərdən ibarət nümayəndə heyəti bir sıra hərbi hissələrə baş çəkib. Tədbir Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub.
Cəbhə xəttinə yollanan qrupa Milli Elmlər Akademiyasının müxbir üzvləri Vaqif Abbasov, Rafiq Qasımov, millət vəkilləri Gövhər Baxşəliyeva, Nizami Cəfərov, İlham Məmmədov, Sahibə Qafarova, xalq şairi Söhrab Tahir, xalq artisti Ramiz Quliyev, Milli QHT Forumun prezidenti Rauf Zeyni və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri, İctimai birliyinin rəhbəri Mehidi Mehdiyev və başqaları daxil olub.
Milli QHT forumun prezidenti Rauf Zeyni Modern.az -a bildirib ki, onlar hərbi hissənin və əsgərlərin, korpusda olan tibbi məntəqə, hərbi hospital və əsgər yeməkxanasından tutmuş döyüş bölgəsində olan vəziyyətə qədər geniş ictimaiyyət baxış keçirib. “Milli Ordunun həm texniki, həm hərbi texniki bazası, həm mənəvi döyüş ruhu, döyüş hazırlığı yüksək səviyyədə təşkil olunub. Vaxtilə Heydər Əliyevin ziyarət etdiyi cəbhə bölgəsinə də ziyarət olundu.
Millət vəkili İlham Məmmədov isə bildirib ki, cəbhə bölgəsində olan texnika, əsgərlərə yaradılan şərait buraya gələn hər kəsi heyrətə gətirib. “Mən bir təbib kimi deyə bilərəm ki, əsgərlər üçün hazırlanan tibbi məntəqələr kompleks cihazlarla təchiz olunub, sanitariya şəraiti yüksək səviyyədədir. Ətrafın səliqəli olması onlara verilən dəyərin göstəricisidir. Bundan əlavə, yeməkxanalarda da təmizliyə riayət olunur”.
Deputat bildirib ki, son zamanlarda döyüş bölgəsində olan diqqətsizlikdən, etinasızlıqdan danışılırdı. “Fürsət tapdıqca ordunu pisləməyə çalışanla belə var idi. Ancaq buradakı abı-havanı gəlib görmək lazımdır. Bu, uydurma deyil. Əsgərlərin döyüş əzmini görməyə dəyər. Düşmənlə 30-40 metr məsafə var və əsgərlər layiqincə vətənin keşiyində dururlar. Azərbaycan ordusu çox güclüdür və bu ordunu Ulu Öndərimiz, Azərbaycanın dahi prezidenti Heydər Əliyev qurub. Ali Baş Komandan İlham Əliyev də orduya ciddi şəklidə nəzarət edir. Əgər bu gün deyilsə ki, müharibə etmək lazımdır, əminliklə deyə bilərəm ki, ordumuz işğal olunan ərazilərimizi geri qaytara bilər”.
Ulduz İBRAHİMOVA