Modern.az

Rusiya ilə Qərbin gizli Qarabağ oyunu - Lavrov əslində nə demək istəyirdi...

Rusiya ilə Qərbin gizli Qarabağ oyunu - Lavrov əslində nə demək istəyirdi...

3 Dekabr 2022, 09:54

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarından söz açıb, diqqətçəkən fikirlər səsləndirib. Azərbaycan və Ermənistan rəsmilərinin görüşləri barədə sualı cavablandıran XİN başçısı sərhədlərlə bağlı tarixi xəritələrin Rusiyada olduğunu, bunlar olmadan Brüsseldə keçirilən delimitasiya və demarkasiya prosesinin mümkünsüzlüyünü nəzərə çatdırıb.

 

“Azərbaycanlılar və ermənilər mədəni insandırlar. Onlar Brüsseldə delimitasiya prosesi ilə bağlı danışıqlara gedirlər. Amma mənə aydın deyil ki, yalnız Rusiyanın Baş Qərargahında olan xəritələr olmadan delimitasiya və sülh prosesi ilə bağlı danışıqları necə aparmaq olar”,- Lavrov bu sözləri ilə Bakı və İrəvana dolayı yolla xəbərdarlıq edərək, Qərbin təşkil etdiyi görüşlərin nəticəsiz qalacağına işarə edib.

 

Bəs, Moskva indiyədək xəritələri niyə üzə çıxarmayıb?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Lavrovun çıxışı Qərblə Rusiyanın gizli oyunundan xəbər verir. Keçmiş XİN başçısı fikirlərini belə əsaslandırıb:

 

"Lavrov bu mesajla Brüsseldə keçirilən görüşlərin mənasız olduğunu demir. Əksinə, Qərbə deyir ki, Qarabağla bağlı prosesdə iştirak etmək istəyirsinizsə, Rusiya ilə əməkdaşlıq edin. 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən öncə belə əməkdaşlıq olmuşdu. O zaman Abxaziyada Rusiya sülhməramlıları var idi. Orada eyni zamanda BMT-nin müşahidəçi qrupu, ATƏT-in komissiyası iştirak edirdi. Yəni hər iki tərəf əməkdaşlıq edirdi. İndi də Qarabağda sülhməramlıların qalıb-qalmaması birgə əməkdaşlıqdan asılıdır. Hazırkı şəraitdə isə bu, Azərbaycandan asılıdır. İndi Qərblə və Rusiya arasında Minsk qrupunun yaradılması üçün oyun gedir. Qarabağla bağlı məsələdə guya Rusiya və Qərbin mövqeyinin üst-üstə düşmədiyi haqda deyilənlər yalandır.  Çünki bizim cəmiyyətdə həm qərbpərəstlər, həm də ruspərəstlər mövcuddur. Hər tərəf məsələləri öz xeyrinə şərh edir. Başa düşməlidirlər ki, həm Qərb, həm də Rusiya Qarabağ və sərhədlə bağlı danışıqlar formalaşdıraraq öz mövqelərini təsbit etmək və proseslərə təsir etmək istəyirlər. Bunun üçün müxtəlif cəlbedici bəyanatlar verilir. Yəni indiki vəziyyətdə verilən bəyanatların heç bir əhəmiyyəti yoxdur".

 

 

Sabiq nazir vurğulayıb ki, onsuz da danışıqlar başlasa, fərqli mövzular ortaya atıla bilər:

 

"Bu gün Qərb və Rusiya desə ki, Qarabağ Azərbaycanın tərkibində qalır, danışıqlar bu səpkidə getməlidir. Bu, o demək deyil ki, sabah mövzu dəyişməyəcək. 1992-ci ildə Minsk qrupunun yaradılması Şuşa və Laçının işğalı ilə bağlı idi. Çox qısa bir bəyanat vardı. Deyilirdi ki, qoşunlar filan vaxtı ərazilərdən çıxmalıdır. Ancaq sonra ermənilərin mövqeyi əsas götürüldü və deyildi ki, bəs oturub, danışmaq lazımdır. Ermənilər bu tələbi qəbul etmirlər. Minsk qrupunun sonrakı 30 illik fəaliyyətində də biz gördük ki, onlar statusdan tutmuş bütün məsələlərdən danışdılar, ancaq torpaqların azad edilməsi ən axırıncı müzakirə mövzusu oldu. Məhz bu səbəbdən bizim yanaşmamız çox sadə və praktiki olmalıdır".

 

T.Zülfüqarovun fikrincə, hazırda bizim üçün əsas məsələ delimitasiya və demarkasiya deyil. Belə ki, Qarabağla bağlı danışıqlar olmamalıdır:

 

"Heç kimin vasitəçiliyi bizə lazım deyil. Əgər Ermənistan Qarabağla bağlı iddialarından əl çəkməzsə, Azərbaycan həmişə Zəngəzur məsələsini diqqətdə saxlayacaq və saxlamalıdır. İlk növbədə Ermənistan Qarabağla bağlı iddialarından əl çəkməlidir. Yalnız bundan sonra delimitasiya və demarkasiyadan danışmaq olar. Yoxsa indiki şəraitdə Ermənistan Sovet sərhədlərini qəbul edib, öz ərazi iddialarını davam etdirmək istəyir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir