Türkiyədə jurnalistlərlə bağlı maraqlı qanun layihəsi qəbul olunub. Belə ki, qardaş ölkədə işləyən jurnalistlərin iş stajı artıq başqa cür hesablanacaq. Yəni onların bir ili iki il kimi xarakterizə olunacaq, 10 il işləyən jurnalistin 20 illik stajı olacaq. Məlum olduğu kimi, əsasən ekstremal şəraitdə işləyən insanlara məhz bu cür üstünlüklər verilir. Nəzərə alsaq ki, jurnalist peşəsi də bir o qədər təhlükəni özündə cəmləşdirir o zaman belə bir qanunun qəbulu yerinə düşən olur.
Bəs Azərbaycanda necə belə bir qanun layihəsinin hazırlanması necə olar?
Modern.az bir neçə baş redaktordan məsləyə münasibət öyrənib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı belə qanun layihəsinin qəbulu düzgün saymır. “Hər bir peşənin özünün çətinliyi var. Eyni zamanda hər kəs peşə seçimində müstəqildir. Düşünürəm ki, peşələr arasında ayrı-seçkilik etməyə ehtiyac yoxdur. Dünyada jurnalistikadan başqa elə bir peşə yoxdur ki, o peşə sahibindən həqiqəti söyləməyi tələb etsinlər. Cəmiyyətin gözlənitisi budur. Həqiqəti söyləmək də hər zaman asan olmur. Bu təhdid, təzyiq, müxtəlif yollarla müşahidə olunur, təbii ki, bu onun müəyyən dərəcədə səhhətinə təsir edir. Bizim peşəmizin çətinlikləri, riskləri digər peşələrdən daha çoxdur. Amma istəməzdim ki, bununla peşəmiz digərlərindən fərqlənsin və bir ilimiz iki il kimi götürülsün.
“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Jurnalistika sahəsi həm mənəvi, həm psixoloji, həm fiziki baxımdan olduqca çox ağır sahədir, və günün fiziki olaraq 15-16 saatı fəaliyyət tələb edən bir iş sahəsidir, beyin isə işləmək baxımından heç vaxt dayanmır. Bu barədə məlumatım yoxdur qanun qəbul olunub ya yox. Amma bunun məntiqini qəbul edirəm ki, çox yaxşı olardı ki, dünyada belə bir şey qəbul olunsun. Məmnuniyyətlə buna razılaşardım. Mənim də 24 illik media stajım var. Bu o deməkdir ki, artıq bu sahədə yarım əsri yola salmışam. Burada məntiqi haqlı bularaq istərdim ki, belə bir şey Azərbaycanda da bu olsun”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə bu qanun layihəsinin qəbul olunmasının bir məntiqi olmadığını hesab edir. “Bir iki il kimi götürüldü, bəs sonra? Bunun müqabilində bizə nəsə artıq bir şeymi veriləcək? Əvvəllər Uzaq Şərqdə, tundrada, Arktikada şaxta, çətin təbiət şəraitində işləyənlərin bir ili iki il kimi sayılırdı. Əslində bizim peşəmiz elədir ki, biz hər zaman cəbhədiyik, bir il iki il kimi sayıla bilər. Amma bunun məqsədi nədir? Sonradan nə edəcəklər. 30 yaşında tutalım təqaüdə gedəcəyiksə nə olacaq? Bizə təqaüdümüz artırılacaq, yaxud pulumuz çoxalacaq, yaxud hansısa imtiyazlar veriləcək? Əlavə imtiyaz veriləcəksə olsun, amma belə nə mənası?”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bildirib ki, adətən ekstremal və unikal peşə sahibləri üçün bu cür güzəştli əmək stajının hesablanması təcrübəsi var.
“Hesab edirəm ki, doğurdan da jurnalist əməyi gərgin və gərgin intellektual əməkdir. Bir müddətdən sonra jurnalistin intellektual potensialı istismar olunur və bu sözün həqiqi mənasında da qiymətləndirilməlidir. İstər-istəməz gərgin əmək qarşılığını almalıdır. Əgər belə şey varsa bunun tərəfdarı olaram”.
Aytən ƏLİYEVA