Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında keçiriləcək görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Məlumatda qeyd olunub ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir:
“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.
Rusiyaya işgüzar səfər edəcək Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.