Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa soydaşlarımızın müdafiəsinə qalxıb.
Modern.az-ın məlumatına görə deputat öz “Facebook” səhifəsində Gürcüstanda, İranda, Dərbənddə yaşayan azərbaycanlılarla ingilis arasında fərq qoyulmadığından gileylənib. Əcnəbilərin statusuna toxunan millət vəkili başqa ölkələrdə yaşayan azərbaycanlıların da bu kateqoriyaya aid edilməsini ciddi şəkildə tənqid edib. Deputatın fikirlərini olduğu kimi təqdim edirik: “Ötən həftə Mili Məclisin Daimi Komitəsində "Miqrasiya haqqında" Qanun müzakirə olunurdu. Qanunda əcnəbilərin statusundan söhbət gedərkən məlum olur ki, bizim üçün Azərbaycan Respublikasının vətəndaşı olmayan hər bir azərbaycanlı da əcnəbi sayılır. Yəni Gürcüstanda yaşayan, Güney Azərbaycandan, Dərbənddən olan Azərbaycan türkünün bir ingilisdən, afrikalıdan fərqi yoxdur. Məncə bu məsələyə bir aydınlıq gətirilməlidir. Azərbaycan qanunvericiliyi soydaşlarınızdan rəsmi şəkildə imtina edir, çıxış yolu da düşünülmür. Təklif etdim ki, biz Azərbaycan Respublikası vətəndaşı olmayan qardaşlarımıza xüsusi bir status düşünməliyik. Onları "əcnəbi" adlandırmaq, onlardan imtina etməkdir. Konstitusiyamızda da bu məsələyə laqeyd yanaşılıb. Didər tərəfdən Prezident bir neçə dəfə ifadə edib ki, mən 50 milyonluq azərbaycanlının prezidentiyəm. Burada açıq təzad budur ki, 50 milyonluq azərbaycanlının hardasa 41 milyonu əcnəbidir”-deyə bildirib.
Aqşin Kərimov