“Tarixi şəxsiyyət, qeyri-adi keyfiyyətlərə malik siyasətçi, vətənini sevən bir insan”. Bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxış edən sipker Oqtay Əsədov bildirib.
Modern.az xəbər verir ki, iclasda ilk çıxış edən O.Əsədov qüdrətli Azərbaycanı məhz Heydər Əliyevin nişanəsi kimi qiymətləndirdi: “Onun xidmətləri sayəsində Azərbaycan əvvəlcə siyasi və iqtisadi cəhətdən möhkəmləndi, sonra müstəqilliyini gücləndirdi. Heydər Əliyevin sayəsində ölkəmiz ötən əsrin 60-cı illərinin sonlarında çox ağır sınaqlardan çıxa bildi. Bu qeyri-adi keyfiyyətlərə malik insanın 1969-cu ildə Azərbaycana rəhbərlik etməsi ölkəmizin dərin tənəzzüldən çıxmasına gətirib çıxardı. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Keçmiş ittifaq respublikalarından mərkəzdən maliyyələşməyən iki respublikadan biri Azərbaycan oldu”.
Parlament sədri Heydər Əliyevin ikinci rəhbərliyi dövründə Azərbaycanın qazandığı nailiyyətlər, hüquqi dövlət, demokratik təsisatlar, torpaqlarını müdafiə etməyi bacaran milli ordunun formalaşmasını ən ümdə məsələ qurulduğunu xatırlatdı. Spiker həmçinin Heydər Əliyevin parlamentə göstərdiyi diqqət və qayğı haqqında da geniş danışdı. O bildirdi ki, ümummilli liderin imzası ilə parlamentə 1500-ə qədər qanun və layihə, hüquqi sənədləri daxil olub: “Heydər Əliyev siyasətdə mümkün olmayanı bacardı, güclü dövləti qurdu. İnanıram ki, Heydər Əliyevin dühasından güc almış Azərbaycan xalqı daim var olacaq, əbədiyyətə qədər yaşayacaq”.
Modern.az