Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi şənbə günü İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, buna səbəb kimi Britaniya hakimiyyətinin İranın daxili işlərinə qarışan hərəkətləri göstərilib.
“Britaniya hakimiyyətinin İrandakı terror və iğtişaşlara dəstək verməsi, həmçinin, bir sıra İran vətəndaşlarına qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsi Şerklifin İran Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olub”,-deyə İranın “Mehr” Agentliyinin məlumatında bildirilib..
Səfirlə görüşdə İran diplomatları tərəfindən Böyük Britaniya rəsmilərinin İranın daxili işlərinə müdaxilə xarakterli açıqlamalarının davam etməsi, Britaniya hökuməti və mediasının İrandakı son iğtişaşlara dəstək verməsi və Londonun İran vətəndaşlarına qarşı əsassız sanksiyalar tətbiq etməsi kəskin şəkildə pislənib
Həmçinin vurğulanıb ki, Britaniya və London mediasının İrandakı iğtişaşların davam etdirilməsi üçün göstərdiyi səylər heç bir nəticə verməyəcək və İran xalqının İngiltərənin İran əleyhinə siyasətlərinə qarşı nifrətini daha da artıracaq.
Britaniya səfirinə məlumat verilib ki, İran İslam Respublikası sanksiyalara cavab vermək üçün əks tədbirlər görmək hüququnu özündə saxlayır.
Bundan başqa, Rusiyaya pilotsuz təyyarələrin ixracı ilə bağlı Tehrana qarşı irəli sürülən ittihamlar qətiyyətlə rədd edilib və xatırladılıb ki, Ukraynada münaqişənin davam etməsinə səbəb Britaniya və onun tərəfdaşlarının Kiyevə ölümcül silahlar göndərməsidir.
Səfir İranın fikirlərini ən qısa zamanda ölkəsinə çatdıracağını bildirib.