Modern.az

Ay İran, ay İran ...

Ay İran, ay İran ...

7 May 2013, 15:48

Yola saldığımız həftə tanıdığım və hörmət bəslədiyim Xalidə Xalidin İranda həbs olunması xəbərinə həm narahat oldum, həm də qəribə bir istehza hissi yaşadım. Dünyaya meydan oxuyan bir dövlətə təhlükə bu xanımdırmı?

Xalidə Xalidi şəhriyarşünas araşdırmaçı kimi tanımışam. Və bu mövzuda yazılarını da qəzetimizdə dərc etmişəm. Xalidə xanım "Məhəmmədhüseyn Şəhriyar və türk xalqları ədəbiyyatı" adlı namizədlik dissertasiyası üzərində işləyir.

Bu o Şəhriyardır ki, indinin özündə belə onu "İran şeirinin şahı" adlandırırlar. Və bu o Şəhriyardır ki, onun vəfat etdiyi tarix (17 sentyabr) İranda milli şeir və ədəbiyyat günü kimi qeyd edilir. Ancaq, "İran şeirinin şahı"nın başqa bir ölkədə araşdırmaçısı, təbliğatçısı olan elm adamını gülməli və artıq vərdiş etdiyimiz bir ittihamla saxlayırlar.

Bu arada Xalidə xanımın çalışdığı AMEA Ədəbiyyat İnstitutundan məlum həbsə institutun direktor müavini Məhərrəm Qasımlının münasibətini şiddətlə qınayıram. Adam az qala Xalidə xanımın saxlanmasına haqq qazandırır. Gah deyir ki, o, İrana özbaşına gedib, ezamiyyətə göndərilməyib, gah da xanımın "kiçik elmi işçi" olmasına vurğu salır. Öz əməkdaşına sahiblənmək, arxa durmaq əvəzinə Məhərrəm müəllim az qala Tehranın "ədalət" məhkəməsi qarşısında dayanırmış kimi danışır...

İstehza yaradan məqamlardan biri Xalidə Xalidin Təbrizdə görüşdüyü adamlarla "irqçilik yönündə siyasi söhbətlər" aparması ittihamıdır.

Bu gün Güney Azərbaycanda və ümumən İranda Azərbaycan türklərinin oyanış, özünəqayıdış və dirçəliş hərəkatı elə kütləvi və qarşısıalınmaz vəziyyətdədir ki, bu hərəkatın sıra nəfəri belə, Arazın bu tayında olan bizlərə milliyətçilik dərsi keçər. O üzdən, tədqiq etdiyi mövzu ilə bağlı dəfələrlə İrana səfər etmiş bir araşdırmaçı xanımı "təhrikçi" ittihamı ilə saxlamaq gülünc hərəkətdi.

Gülüş doğuran digər məqam dünya ilə əlləşən bir dövlətin ona yönələn təhlükələrin ünvanını səhv salmasıdır. Dünya Suriyadan sonra böyük güclərin İranın başının üstünü alacağı haqda hər gün danışdığı bir vaxtda, Tehran təhlükəni Xalidə xanımda görür və onu zərərsizləşdirir öz aləmində.

İranın üzərinə qara buludlar toplanmaqdadır. Amma Azərbaycanda çox az adam tapılar ki, İranın bombalanmasını, İraqın, Əfqanıstanın gününə qalmasını arzulasın. Axı, bu gün bir rejimə görə, milyonlarla soydaşımızın yaşadığı, tarixi şəhərlərimizə, mədəniyyətimizə, dövlətçiliyimizə məkan olan o torpaqların şumlanmasını kim istəyər? Bu mövqeni Azərbaycan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, İrana hərbi müdaxilə bizim maraqlarımıza cavab vermir.

Ancaq yazıq olsun, Tehranda oturanlar və onların Təbrizdəki uzantıları nə Azərbaycanın bu səmimi niyyətini dəyərləndirə bilir, nə də onları gözləyən real təhlükəni... Yoxsa, ABŞ, İsrail dura-dura Xalidə Xalidi özü üçün təhlükə mənbəyi saymazdı.

Ən azından Azərbaycan Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehrana səs-küylü səfərinin ardınca, belə bir rəzil hərəkətə yol verilməsi, qarşı tərəfin qeyri-səmimiliyin göstəricisidir. Qeyri-səmimilik isə Allahın sevmədiyi əlamətdir.

Ay ağalar, bu nə dəbdi - o taya keçən alimi, şairi, musiqiçini "casus" deyib həbs edirsiniz. Lap kimsə, hansısa məclisdə İran əleyhinə söz deyib. Bəyənmədiyiniz Amerikanı, onun prezidentini ən ağır şəkildə suçlayan, təhqir edən istənilən dünya vətəndaşı heç bir qorxu duymadan o ölkəyə səfər edir. Yetər ki, əlində bomba-filan olmasın... Sizsə, əlində dəftər-qələmlə gələn insanları terrorçu kimi həbs edirsiniz.

Bu qədər dözümsüzlük nə güclü olmağın, nə də imanlı olmağın əlamətidir, ağalar. Belə məsuliyyətsiz, gərəksiz incitmələrə görə bu tay Azərbaycandan nə qədər insan Arazın o tayına adlamağa həsrət qalıblar. Nədi-nədi, hansısa yazıda və ya toplantıda İrandakı durumla bağlı tənqid səsləndiriblər.

İndi deyirsiniz nə edək, gözləyək ki, Amerika, İsrail gəlib bu ölkəni şumlayandan sonra bizim o taya ayağımız açılsın? Amma, vallahi, biz bunu istəmirik. Çünki ora bizim Vətəndi. Təbrizin, Ərdəbilin, Makunun hər çınqılı bizə özümüz qədər əzizdi... Ona görə də, əmmamələrinizi qarşınıza qoyub bir də düşünün. Sizin dost itirən gününüz deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!