Modern.az

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - III HİSSƏ

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - III HİSSƏ

7 May 2013, 18:17

Korrupsiya ittihamıyla 4 prezidentin həbs olunduğu ölkənin AB xülyası

Bosniya və Herseqovina təbiətinə görə çox gözəl ölkədi. İstər ölkənin paytaxı Sarayevo olsun, istər Serb Respublikasının mərkəzi Banya Luka olsun, istərsə də Herseqovina-Neretva kantonunun mərkəzi Mostar olsun... Tarixi məkanların, qədimi allah evlərinin – məscidlərin, kilsələrin bolluğu, Balkanlara məxsus arxitekturanın gözəlliyi bu yerlərə bir dəfə gələn adamı yenidən gəlməyə sövq edir. Ölkənin büsbütün Karpat dağlarının yamaclarında yerləşməsi təbiətini dağ turizmi üçün münasib edir. Amma bütün bunlara baxmayaraq, ölkəyə gəlib-gedənlərin çox az olduğunu asanlıqla sezmək mümkündü.

Məsələn, hansı şəhərdə olduqsa mərkəzi küçələrdə turistlərə rast gəlmədik. Sadəcə Sarayevonun “Starı Qrad” deyilən qədim hissəsində türkləri görmək mümkün idi. Sonradan öyrəndik ki, onlar da bura alverə gəlirlər. Bir vaxtlar tekstil ölkəsi olan Yuqoslaviyadan qopmuş Bosniya və Herseqovina hazırda Türkiyədən gətirilən geyimlərin ümidinə qalıb.

Hətta ölkəyə kənardan o qədər az insan gəlir ki, Qafqazdan bir qrup jurnalistin buraya gəlməsi xəbərinin əks-sədası qısa müddətdə bütün Bosniya və Herseqovinaya yayılmışdı.

Bəs bu qədər gözəlliklərə sahib bir ölkəyə niyə turistlər bu qədər az gəlir?... ali Nümayəndə Valentin İnçkonun sözlərinə görə, müharibənin fəsadlarını hələ də ortadan qaldırmaq mümkün olmadığı üçün Bosniya və Herseqovinada turizmi inkişaf etdirmək mümkün deyil:

“Ölkədə turizm üçün uyğun təbii şərait olsa da, bu sahəni inkişaf etdirə bilmirik. Çünki hələ də ərazilərdə zərərsizləşdirilməmiş 500 min mina qalmaqdadı”.

Bosniya və Herseqovinada olduğumuz 10 gün ərzində münaqişə haqda bütün tərəflərin dilindən eşitmək üçün ölkənin bir ucundan vurub o biri ucundan çıxmalı olduq. Və yol boyu meşə zolaqlarında hər 400-500 metrdən bir həyat üçün təhlükəni ifadə edən, üzərində kəllə səkli olan qırmızı lövhələr rastımıza çıxırdı. Bu lövhələr İnçkonun dediyi həmin zərərsizləşdirilməmiş minalara işarə edir. Bu şəraitdə turistərin təbiətdə sərbəst gəzməzi həqiqətən də mümkünsüzdü...

***

Amma AB-yə üzv olmağı hədəfləmiş bir ölkə bütün növ “partlamaya hazır minalar”ın öhdəsindən gəlmək məcburiyyətindədi. Yeri gəlmişkən, Bosniya və Herseqovinada bütün münaqişə tərəflərinin yekdil olduğu bir məsələ var – o da Avropa Birliyinə üzv olmaq istəyi. Tərəflərin hər biri də özlüyündə anlayır ki, Deyton sazişini pozmuş olsalar və yenidən severenitet arzusuna düşsələr AB-nin qapıları üzlərinə biryolluq bağlanacaq.

Avropa Birliyinin Bosniya və Herseqovina üzrə nümayəndəsinin müavini Endi Makqaffinin sözlərinə görə, 2011-ci ildən etibarən AB bu ölkədəki mövcudluğunu artırmağa başlayıb:

“Perspektivdəki inkişaf yolunu Deyton-dan AB-yə inteqrasiya yolu kimi dəyərləndiririk. Əhalinin 75 faizi inteqrasiya tərəfdarıdı. Biz də bunu həyata keçirməyə çalışırıq. AB-nin hazırda Banya Luka, Mostar və Brçkada nümayəndəlikləri var. Yaxın 10 ildə Bosniya və Herseqovinanın AB-yə qəbulu mümkündü. Amma yerli siyasilərdən çox şey asılıdı”.

Müharibə dayanandan sonra ölkə daxilində ancaq rekonstruksiya işlərinə 3 milyard EUR vəsait ayrıldığını deyən Makqaffi Bosniya və Herseqovinanın AB-yə qəbul olunmasında yetərincə çətinliklərin olduğunu da etiraf edir. Bu kimi çətinliklər sırasında mərkəzləşdirilmiş idarəetmə sisteminin olmaması və korrupsiya hallarının çoxluğunu göstərmək olar.

“ “Mərkəzləşmə” termini tərəfləri təmsil edən yerli siyasilərdə gərginlik yaradır. Çünki ölkənin mərkəzləşdirilməsi müəyyən güzəştləri labüd edir. Siyasilər isə öz seçicilərinə bu güzəştləri təqdim etmək cəsarətinə malik deyillər. Digər tərəfdənsə korrupsiya hallarının çoxluğu ölkə üçün ciddi problemdi”, - o deyir.

***

AB korrupsiya hallarının aradan qaldırılması üçün üçün korrupsiya hallarını araşdıran yerli QHT-lər və jurnalistlərin stimullaşdırılmasını da həyata keçirir.

Ali Nümayəndə İnçkonun bildirdiyinə görə isə indiyə qədər Ali Nümayəndəlik İnstitutu tərəfindən Deyton sazişinin müddəalarını pozduğuna və korrupsiyaya bulaşdığına görə 180 siyasətçi tutduğu vəzifədən azad edilib. Onlardan 3-ü prezident olub.

Jurnalist qrupumuzun Bosniya və Herseqovinaya səfəri yekunlaşandan az sonra, aprelin 28-də daha bir prezident korrupsiya ittihamı ilə tutduğu vəzifədən azad edildi və 1 ay müddətinə həbs olundu. Bu, Bosniya və Herseqovina Federasiyasının prezidenti Jivko Budimir idi. Hüquq mühafizə orqanları prezidenti məhbusları rüşvətlə əfv etməkdə suçlayır. Milliyətcə xorvat olan Jivko Budimir Bosniya və Herseqovina prezidenti postuna 2011-ci ilin iyun ayında seçilmişdi.

Bundan başqa həmin ərəfədə vəzifə səlahiyyətlərini aşmaqda, mütəşəkkil cinayətkarlıqda, narkotik alverində və rüşvət almaqda günahlandırılan daha 19 rəsmi şəxs tutuldu.

***

“Mərkəzləşmə” məsələsinə gəlincə, burda durum daha mürəkkəbdi. Çünki, tərəflər açıq şəkildə mərkəzləşdirilmiş idarəetmə sisteminə keçidə qarşı olduqlarını bildirmirlər. Amma müxtəlif vasitələrlə bu prosesin baş tutması əngəllənir.

“Həm serblər, həm boşnaklar mərkəzləşmənin önəmindən danışırlar, eyni zamanda da hər iki tərəfdə bununla bağlı bir qorxu var. Bu qorxu milli qrupları da bir-birindən uzaqlaşdırır”, - bunları vaxtilə ölkənin Xarici İşlər naziri, Serb Respublikasının baş naziri, hazırda isə müxalif Demokratik İnkişaf Partiyasının sədri Mladen İvanıç deyir.

“Əgər içi mən qarışıq, hər bir serbdən ayrı-ayrılıqda soruşsanız, böyük əksəriyyət ürəyinin dərinliyində yəqin ki, Serb Respublikasının müstəqil olmasını istəyər. Amma imzalanmış Deyton sazişinə əməl etmək məcburiyyətindəyik. Bu sazişin əsas şərti isə ondan ibarətdi ki, tərəflərdən biri razılaşmazsa digəri müstəqil ola bilməz”.

Mostardan olan müsəlman jurnalist Faruk Kaytaz isə hesab edir ki, müstəqillik istəyənlərin arzusu yaranışdan puçdu:

“Keçmiş Yuqoslaviya xarici derjavaların maraqlarının birləşdiyi meydandı. Bu derjavalar nə qərara gəlsələr, münaqişə də o yöndə həll olacaq. Ümumiyyətlə iradə olsa, məsələ qısa zamanda həllini tapa bilər. Əgər 18 ildi münaqişənin çözümü tapılmırsa, demək ki, səlahiyyət sahibləri iradə nümayiş etdirmir. Amma bizə olan oldu artıq. Yuqoslaviyadan ayrılıb müstəqilliyini elan etmiş və edəcək heç bir dövlət heç bir zaman Yuqoslaviya qədər qüdrətli ola bilməyəcək”. 

***


Sabiq xarici işlər naziri Mladen İvanıç həmçinin hesab edir ki, hazırkı şərtlər altında yaxın zamanda Bosniya və Herseqovinanın Balkanların içində inkişaf etmiş demokratik ölkə olması real deyil:

“Bosniya və Herseqovinanın bütöv bir ölkə olması sadəcə de-yuri bir faktdi, reallıq isə başqadı. Məsələn, Banya Luka məktəblərində sorğu keçirsəniz məlum olar ki, uşaqların 60 faizi Sarayevoda olmayıb, eləcə də Sarayevodakı uşaqlar Banya Lukanı görməyiblər. Amma problem konstitusiyada, qanunvericilikdə deyil, problem ondadı ki, bu ölkədə ağıllı, vicdanlı siyasilər yox dərəcəsindədi”.

SDP-dən olan parlament üzvü Aner Julevıç da AB perspektivi ilə bağlı Mladen İvanıçın pessimizmini bölüşür:

“Yer üzünün heç bir yerində bir respublika və bir federasiyadan ibarət belə balaca dövlət yoxdu. Cəmi 6 milyard marka büdcəsi olan bir ölkədə 3 prezident, 150 nazir, 10 parlament, 300 deputat saxlamaq təsəvvür eləyirsiz nə deməkdi?! Hər kəs ümidini AB-yə daxil olacağımız günə bağlayıb. Amma belə bir sistemə malik bir ölkə 2100-cü ilə qədər də AB-yə qəbul olunmayacaq”, - deyən deputat sabiq xarici işlər nazirindən fərqli olaraq düşünür ki, qanunvericiliyə edilən dəyişikliklə problemi həll etmək olar:

“Deyton sazişinə təcili dəyişikliklər eləmək lazımdı, bu baş verməyincə vəziyyətin düzələcəyinə ümid belə eləmək mümkün deyil. Biz 2 dəfə yeni konstitusiya layihəsi hazırlayıb parlamentə təqdim etmişik, amma hər ikisində rədd edilib”.

Aner Julevıç həmçinin hesab edir ki, beynəlxalq idarəçilər artıq çoxdan ölkəni tərk etməlidi: “Yaxşı olardı ki, beynəlxalq idarəedici ümumiyyətlə olmasın. Ali Nümayəndənin burda mövcudluğu el arasında deyildiyi kimi “görüntüsü  var, səsi yoxdu” formasındadı. Onun məsələlərə konkret baxışı, vəziyyətdən çıxış yolu kimi önəriləri yoxdu. Bu vəzifəyə gələnlər pulumuzu yeyib gedirlər, sonra da deyirlər ki, bura dəlixanadı, heç nə eləyə bilmərik”.

Yeri gəlmişkən, yeni yaranan zaman Ali Nümayəndəlik İnstitutunun büdcəsi 30 milyon EUR idi. Hazırda isə 7-8 milyon EUR təşkil edir. Büdcənin 50 faizdən çoxu EU-nun maliyyəsi sayəsində, qalanı isə Bosniya və Herseqovinanın dövlət büdcəsindən formalaşır. Qeyri-rəsmi məlumata görə, Ali Nümayəndənin əmək haqqı 15 min EUR civarındadı.

(ardı var)


Samirə Əhmədbəyli

***

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - I HİSSƏ
//modern.az/articles/38230/1/

Dinlə üçə parçalanmış millət haqda REPORTAJ - II HİSSƏ
//modern.az/articles/38311/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI