Modern.az

Dağlıq Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasında qaldırıldı

Dağlıq Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasında qaldırıldı

Təhsil

8 May 2013, 09:26

BMT Təhlükəsizlik Şurasının mayın 7-də keçirilmiş iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara çıxış edib.
AzərTAc-ın məlumatına görə, cari ildə ATƏT-ə sədrlik dövründə hərbi, siyasi, iqtisadi, ekoloji və humanitar sahələrdə Ukraynanın əsas fəaliyyət istiqamətlərindən danışan L.Kojara ATƏT-i beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində BMT-nin etibarlı tərəfdaşı adlandırıb. Nazir ATƏT məkanında mövcud olan münaqişələrin həlli proseslərində irəliləyiş əldə etməyin Ukraynanın gündəliyində ən yüksək yer tutan vəzifə olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan L.Kojara ATƏT-ə sədrlik dövründə Ukraynanın Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyəcəyi, iyunda Cənubi Qafqaz bölgəsinə edəcəyi səfər zamanı danışıqlarda fəallığın artırılmasına çağırış edəcəyini bildirib.
ATƏT sədrinə cavab olaraq, Təhlükəsizlik Şurasının üzvü kimi çıxış etmiş Azərbaycan nümayəndəsi Ukraynanın ATƏT məkanında münaqişələrin həllinə ciddi diqqət yetirməsini təqdir edib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasına diqqət çəkib, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Azərbaycana qarşı hərbi təcavüzün və bunun beynəlxalq hüququn ciddi pozuntusu olduğunu bildirib.
Azərbaycan nümayəndəsi Təhlükəsizlik Şurasının əsas tələblərinin yerinə yetirilmədiyini və ATƏT çərçivəsində 20 ildən artıq müddət ərzində aparılan vasitəçilik səylərinin heç bir nəticə vermədiyini təəssüf hissi ilə qeyd edib. Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətini azaltmaq və beynəlxalq hüququn norma və prinsiplərini məqsədyönlü şəkildə təhrif etmək cəhdləri, habelə onun reallıqdan uzaq iddiaları münaqişənin həlli prosesinə açıq təhdiddir. Eyni zamanda, bu amil beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhlükədir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mövqelərini daha da gücləndirir və bununla da bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq üçün tədbirlər görür.
Azərbaycanın BMT-də təşəbbüsləri əsasında 2005 və 2010-cu illərdə ATƏT-in fakt araşdırıcı missiyaları işğal edilmiş ərazilərə səfər edib, orada qanunsuz fəaliyyətlərin, o cümlədən digər yerlərdən gətirilən əhalinin məskunlaşdırılması, inzibati sərhədlərin və ərazi adlarının dəyişdirilməsi, mədəni və dini abidələrin dağıdılması faktlarını aşkar edərək sənədləşdirib. Lakin, bu missiyaların tövsiyələri kağız üzərində qalıb.
Qeyd olunub ki, Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə köçürülməsi, bu ərazilərə uçuşların təşkil edilməsi kimi qanunsuz fəaliyyətlər Ermənistanın Azərbaycan torpaqlarının məqsədyönlü şəkildə müstəmləkələşdirilməsi siyasətinin bariz nümunəsidir. Bu faktlara istinad edən Azərbaycan nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişənin danışıqlar yolu ilə və beynəlxalq hüquqa əsaslanan həllini ciddi şəkildə əngəlləyən bütün hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasına israr edəcəyinə ümid etdiyini xüsusi vurğulayıb.
Azərbaycan nümayəndəsi bildirib ki, sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün ilk növbədə Ermənistanın qanuna zidd şəkildə güc tətbiq etməsinin nəticələri aradan qaldırılmalı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq və öz mülklərini geri almaq hüquqları təmin edilməlidir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri məhz bunu tələb edir və bu, münaqişənin həlli prosesində alver obyekti kimi təqdim edilməməlidir.
O, Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcəyini qəti şəkildə bəyan edib.

Təhlükəsizlik Şurasının digər üzvləri çıxış edərək ATƏT məkanında həlli uzanmış münaqişələrin mövcudluğunun qəbuledilməz olduğunu və onların beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin əsasında həllinin vacibliyini vurğulayıblar. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...