Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili vəkili vasitəsilə Belçika hakimiyyətinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı təqsirsiz olduğunu və “Qətər-qeyt” işi ilə əlaqəsi olmadığını bəyan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçika hakimiyyəti dekabrın 9-da Avropa Parlamentinin Brüsseldəki ofisində Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya iddialarını araşdırıb. Bu zaman bir neçə həbs və axtarış həyata keçirilib. Avropa Parlamentinin sədr müavini, yunan siyasətçi Eva Kaili saxlanılıb, siyasətçinin yaşadığı yerdə axtarış aparılıb.
Avropa Parlamentinin sədri Roberta Metsola vitse-prezident kimi Eva Kailiyə verilən bütün səlahiyyətləri, vəzifə və tapşırıqları dərhal dayandırmaq qərarına gəlib.
Kailinin Yunanıstandakı vəkili Miçalis Dimitrakopulos bildirib ki, müvəkkili özünü təqsirli bilmir və ittihamlarla heç bir əlaqəsi yoxdur.
"Onun mövqeyi bundan ibarətdir ki, günahsızdır. Onun Qətərdən gələn maliyyə ilə heç bir əlaqəsi yoxdur", - Dimitrakopulos deyib.
Vəkilin sözlərinə görə, Kaili uşaq çarpayısında pul gizlətməsi ilə bağlı xəbərləri təkzib edib. KİV-in məlumatına görə, Eva Kailinin mənzilindəki çarpayıdan 150 min avro pul tapılıb.
“Pulun tapılıb-tapılmaması barədə heç bir fikrim yoxdur, bacısı ilə danışdığım üçün sizə deyə bilərəm ki, gizli pulun tapıldığı yerdə balaca uşaq üçün beşik yoxdur, mən bunu birbaşa təkzib edirəm”,- vəkil bildirib.