Modern.az

TQDK-dan dərsliklərlə bağlı AÇIQLAMA

TQDK-dan dərsliklərlə bağlı AÇIQLAMA

Təhsil

8 May 2013, 10:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V siniflər üzrə 6 orta məktəb dərsliyinin istifadəsinin məqsədəuyğun saymamasının səbəblərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aparılan monitorinq nəticəsində əldə olunan yekun rəyə əsasən orta məktəblərin V sinifləri üzrə 6 dərsliyin -“Azərbaycan dili”, “Riyaziyyat”, iki “Həyat bilgisi”, “İngilis dili” və qüvvədə olan iki “Ədəbiyyat” dərsliyindən birinin istifadəsinin məqsədəuyğun hesab olunmaması bir sıra səbəblərlə bağlıdır.

Belə ki, “Azərbaycan dili” dərsliyində məzmun xətlərinin balanslaşdırılmasında, alt-standartların təqdimatında və reallaşdırılmasında, Azərbaycan dilinin əsas xüsusiyyətlərinin məzmun xətləri üzrə əhatə olunmasında qüsurlar var. Nəzəri məlumatların verilməsində sistem yoxdur. Dilin tədrisi üçün ayrılmış mövzular arasında əlaqə qurulmayıb. Dilin bu və ya digər sahəsi haqqında məlumat bir növ göydəndüşmə xarakterlidir. Dil qaydalarının sistemində, nizamlılığında, təqdimatında qüsurlar var. Dərslik dilin ifadə imkanlarının öyrənilməsində, şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına şərait yaratmır. Mətnlərin əksəriyyətinin dil və üslubunda, şagirdin yaş səviyyəsinə uyğunluğunda nöqsanlar, dərsliyin dizaynında qüsurlar var. Təhlil göstərib ki, “Azərbaycan dili” üçün standartlarda nəzərdə tutulmuş tələblərin təkmilləşdirilməsinə ehtiyac var.

TQDK-nın rəyinə əsasən iki “Ədəbiyyat” dərsliyindən birində psixoloq Hovard Qardnerin mütəxəssislər tərəfindən birmənalı qarşılanmayan, mübahisələr doğuran müxtəlif üsullarla dərketmə nəzəriyyəsinə istinad edilməsi 5-ci sinif üçün “Ədəbiyyat” dərsliyində ciddi qüsurların meydana çıxmasına səbəb olub. Azərbaycan təhsil sisteminə gətirilən bu nəzəriyyə şagirdlərin təlim yükünü qat-qat ağırlaşdırır, özünü doğruldan, son illərdə müəllimlər tərəfindən uğurla tətbiq edilən fəal/interaktiv təlim metodikasından imtinaya gətirib çıxarır. Dərsliyin məzmunu, strukturu kurrikulumun tələblərinə cavab vermir. Dərsliyin bölmələri və onun əhatə etdiyi məsələlər məzmun standartlarından kənara çıxır, fənyönümlüdür. Halbuki dərslikdə şəxsiyyətyönümlülük, nəticəyönümlülük prinsipləri əsas götürülməli idi. Dərslikdə saysız-hesabsız dil-üslub xətalarına yol verilib. Bütün bunlar dərsliyin və metodik vəsaitin ədəbiyyat kurrikulumunun tələblərinə cavab vermədiyini, məzmun standartlarının reallaşdırılmasına, təlim nəticələrinin əldə edilməsinə zəmin yaratmadığını söyləməyə əsas verir.

Komissiya hesab edir ki, “İngilis dili” fənni üzrə dərslik komplektində kurrikulum tələbləri əsas götürülsə də, standartların reallaşdırılmasında əlaqəlilik və məntiqi ardıcıllıq, sadədən mürəkkəbə prinsipi pozulub, inteqrativlik zəif tətbiq edilib, məzmun xətləri üzrə fəaliyyət növləri tam tətbiq edilməyib. Dərslik dinləyib-anlama, danışma, oxu və yazı məzmun xətləri üzrə standartların tətbiqinə və təlim nəticələrinin tam reallaşdırılmasına imkan vermir. Şagirdin sərbəst fəaliyyətini təmin edən tapşırıqlara çox az yer verilib, şagirdyönümlülük, inkişafyönümlülük prinsipləri pozulub. Dərslikdə qrammatik material və yaradıcı, məntiqi, tənqidi təfəkkürün inkişafına yönəldilmiş tapşırıqlar çox azdır. Dərslikdə yalnız bir zamanın tədrisi nəzərdə tutulub, digər zamanların təqdimatına ehtiyac duyulur. Dərslikdə çoxlu qrammatik, üslub və  dizayn səhvləri var.

“Riyaziyyat” dərsliyində 5-ci sinif kurrikulum standartlarında nəzərdə tutulmuş 34 standartdan 15-də şagird bacarıqlarının formalaşdırılması dərslikdə normal şəkildə əksini tapmayıb. Dərslikdə və ya Müəllim üçün metodik vasitədə ciddi qüsurlar mövcuddur. Bir çox termin və ya anlayışların adları riyaziyyatda qəbul edilməyən sözlərlə dəyişdirildiyi üçün əsl elmi mahiyyətlərini itirib. Bir çox hallarda anlayışlar haqqında məlumat verilmədən onlara aid tapşırıqlar verilib. Bu tapşırıqların müəyyən qismi 5-ci sinif üzrə, bəzi hallarda isə mövzular üzrə düzgün seçilməyib. Dərslikdə bir çox stilistik, dil-üslub və ya korrektura səhvləri, bir çox struktur və dizayn xətaları var.

İki “Həyat bilgisi” dərslik komplektindəki materiallar sistemsiz verilib, burada çoxlu sayda nöqsan var. Bu nöqsanlar komplektin bütün parametrlərini əhatə etdiyinə görə onların redaktə və korrektə yolu ilə islahı qeyri-mümkündür. Komplekt fənn kurrikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, onunla standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam və düzgün şəkildə formalaşdırmaq – “Həyat bilgisi” fənninin tədrisi ilə bağlı Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək mümkün deyil.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...